Avropa İttifaqı (Birliyi). XX əsrin 50-ci illərində ideyası irəli sürülmüş və ilk ünsürləri formalaşmağa başlamış Avropa ölkələrinin bu inteqrasiya birliyi, 1957-ci ildə rəsmiləşdirilmişdir. Həmin ilin mart ayında Romada, Avropanın 6 ölkəsi (Almaniya, Fransa, Belçika, Niderland, Italiya, Lüksemburq) tərəfindən imzalanmış müqaviləyə əsasən Avropa İqtisadi Birliyi təşkil olunmuşdur. Bu müqavilə 1958-ci il yanvarın 1-dən etibarən qüvvəyə minmişdir. «Altılar İttifaqı» və «Ümumi Bazar» adlandırılan bu beynəlxalq inteqrasiya qrupuna sonralar müxtəlif vaxtlarda başqa dövlətlər də daxil olmuşlar.
1993-cü ilin 1 noyabrından Avropa İttifaqı (Birliyi) kimi tanınan bu iqtisadi qrupa hazırda 27 ölkə, o cümlədən Avropanın İngiltərə, Danimarka, İrlandiya, Yunanıstan, İspaniya, Portuqaliya, Avstriya, İsveç, Finlandiya, Malta, Kipr kimi dövlətləri ilə yanaşı, keçmiş sosialist ölkələri və sovet respublikaları (Polşa, Macarıstan, Latviya, Litva, Estoniya, Çexiya, Slovakiya, Sloveniya, Rumıniya Bolqarıstan) daxildir.
Öz inkişafında müxtəlif tarixi mərhələlər keçmiş və 2002-ci ilin 1 yanvarından tədricən vahid valyuta kimi qəbul olunmuş avronun tətbiqinə başlamış Avropa İttifaqı, müasir dünyanın iqtisadi həyatında mühüm bir rol oynayaraq, öz inkişafının siyasi birliyinə doğru irəliləyir. Son məlumatlara görə bu birliyin ərazisi 4,34 milyon kv.km., əhalisi 500 milyon nəfər, ümumi daxili məhsulunun həcmi 15 trilyon dollardan çoxdur.
b) Şimali Amerika azad ticarət birliyi (NAFTA) ABŞ, Kanada, Meksika kimi dövlətlərin daxili olduğu bu iqtisadi inteqrasiya qrupu 1994-cü ildən fəaliyyətə başlamışdır. Uzun illərdən bəri Şimali Amerikanın 3 dövləti arasında şirkətlər və istehsal-xidmət dairələri sahələri səviyyəsində aparılmış çoxcəhətli iqtisadi-ticarət əlaqələri, həmin ölkələr arasında rəsmi saziş imzalandıqdan sonra artıq dövlətlər səviyyəsində həyata keçirilməyə başlanmışdır.
Bu inteqrasiya qrupunun fərqli cəhəti, ABŞ və Kanada kimi yüksək inkişaf etmiş ölkələrin, öz iqtisadi-sosial göstəricilərinə görə onlardan xeyli geridə qalan Meksika kimi bir dövlətlə birlik təşkil etməsidir. Lakin bu birliyə daxil olmuş ölkələrin ümumi maraqları ilə yanaşı, hər birinin xüsusi milli mənafe problemləri də olmuşdur. ABŞ regionda öz geosiyasi mövqeyini daha da möhkəmlətmək, Kanada isə Meksika vasitəsilə Cənubi Amerika ölkələri bazarına çıxmaq məqsədi güdmüşdüsə, Meksika ilk növbədə istehsal-xidmət dairələrinin modernləşdirilməsində qonşu dövlətlərin investisiya imkanlarından faydalanacağını nəzərdə tutmuşdu.
Perspektivdə NAFTA daxilində əməkdaşlığı genişləndirməklə yanaşı, başqa Cənubi Amerika ölkələrini də cəlb etməklə, Kanadadan başlamış Çiliyə qədər uzanan Şimali, Mərkəzi, Cənubi Amerika ərazisində Ümumi Amerika (Panamerika) sərbəst ticarət zonası yaradılmalıdır.
NAFTA inteqrasiya qrupu ölkələrinin ümumi ərazisi 21,2 milyon kv.km., əhalisi 450 milyon nəfər olub, ümumi daxili məhsulunun həcmi 16 trilyon dolları ötür.