Asiya - Sakit okean iqtisadi birliyi (ATES) 1989-cu ildə təşkil olunmuşdur və hazırda bu regional iqtisadi qrupa dünyanın 20-dən artıq ölkəsi, o cümlədən Avstraliya, Çin, "Yeni Zelandiya, ABŞ, Rusiya, Meksika, Kanada, Honkonq, Koreya Respublikası, Tayvan, Çili, habelə başqaları daxildir.
Bu təşkilatın səciyyəvi cəhəti, onun gömrük ittifaqı, yaxud sərbəst iqtisadi-ticarət zonası olmamasıdır. Onun çoxtərəfli fəaliyyətinin əsas məqsədi, Asiya qitəsi və Sakit okean hövzəsində yerləşən ölkələrinin qarşılıqlı faydalı iqtisadi-ticarət münasibətlərinin genişləndirilməsinə əlverişli şərait yaratmaqdır. Həmin iqtisadi-ticarət əlaqələri sistemində istehsal olunan məhsulların müəyyən standartlara uyğunluğu, onların sertifikatlaşdırılması, gömrük ahəngdarlığı, xammal sahələrinin inkişafı, nəqliyyat, energetika və kiçik biznesə yardım göstərilməsi istiqamətləri başlıca yer tutur.
ATES ölkələri arasında ticarət dövriyyəsinin böyük bir hissəsi, dünyanın müxtəlif ölkələrinin, ilk növbədə isə Yaponiya, ABŞ, Kanada, Koreya Respublikası, Tayvanın bu regionda fəaliyyət göstərən transmilli korporasiyalarının (TMK) yerli filiallarının öz aralarında apardıqları daxili ticarət əlaqələrinin payına düşür. Son dövrlərdə dünya iqtisadiyyatında daha sanballı bir rol oynayan Çinin bu regionda təsir dairəsi və rolu xeyli güclənmişdir.
Perspektivdə Asiya-Sakit okean iqtisadi birliyi çərçivəsində daxili gömrük və müxtəlif rüsum əngəlləri olmadan, bu geniş ərazidə sərbəst ticarət zonası yaradılması nəzərdə tutulur.
Müstəqil Dövlətlər Birliyi (MDB) 1992-ci ildə yaradılmışdır və 12 dövlət (Azərbaycan, Qazaxıstan, Belarus Ukrayrıa, Moldova, Özbəkistan, Ermənistan, Gürcüstan, Tacikistan, Türkmənistan, Qırğızıstan, Rusiya) bu təşkilatın üzvü olmuşdur. Baltikyanı ölkələri çıxmaq şərtilə, keçmiş sovet respublikalarını birləşdirən MDB-nin təşkilindən məqsəd, Sovet İttifaqı dağıldıqdan sonra geniş postsovet məkanında formalaşmış müstəqil dövlətlər qrupunun tarixən təşəkkül tapmış iqtisadi-ticarət əlaqələrinin qorunub saxlanması, habelə digər sahələrdə də bu əməkdaşlığın davam etdirilməsi olmuşdu. Bu istiqamətdə addımlar atılması əvvəlki vahid xalq təsərrüfatı kompleksi daxilində formalaşmış ictimai və ərazi əmək bölgüsü, müxtəlif regionlar səviyyəsində istehsalın ixtisaslaşdirilması və kooperasiyası, texniki-texnoloji yaxınlıq kimi obyektiv amillər olmuşdu. İlk mərhələdə müəyyən uğurlar əldə olunmasına və çoxsaylı qərarlar qəbul edilməsinə, müxtəlif sazişlər bağlanmasına baxmayaraq, MDB özünü dünyanın başqa regionlarında yaradılmış iqtisadi inteqrasiya qrupları ilə müqayisədə doğrulda bilmədi. Onun fəaliyyətini məhdudlaşdıran obyektiv-subyektiv səbəblər sırasında, müstəqillik əldə etmiş dövlətlərin öz suverenliyini itirmək təhlükəsi, ölkələr arasında hərbi münaqişələrin olması, onların iqtisadi-sosial inkişaf göstəricilərinin xeyli fərqlənməsi, siyasi iradənin çatışmaması, xarici təsir və təzyiqlər xüsusi rol oynamışdır.
Geniş imkanlara malik bu qrup ölkələrin gələcək iqtisadi-ticarət münasibətləri qarşılıqlı etimad, bərabərlik və faydalı əməkdaşlıq prinsipləri təməlində mümkündür.
Azərbaycan Respublikası, Müstəqil Dövlətlər Birliyi ilə yanaşı, “Mərkəzi Asiya dövlətləri iqtisadi əməkdaşlıq və inkişaf təşkilatı”, “Qara dəniz dövlətləri iqtisadi əməkdaşlıq təşkilatı”-nın üzvü, 30-dan artıq ölkənin daxil olduğu “Böyük İpək Yolu” (TRASEKA – Avropa-Qafqaz – Asiya nəqliyyat dəhlizi) proqramının fəal iştirakçısıdır. Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avropa Bankı, İslam bankı və digər maliyyə qurumları ilə də Azərbaycanın əməkdaşlıq əlaqələri genişlənməkdədir.
Müasir dünyanın müxtəlif qitə və ərazilərində, o cümlədən Afrikada, Yaxın Şərqdə, Ərəb ölkələrində, Cənubi Amerikada, yuxarıda göstərilən iqtisadi inteqrasiya qruplarından başqa, digərləri də təşkil olunmuşdu. Bu təşkilatlardan 1975-ci ildə yaradılmış və 16 ölkənin daxil olduğu «Qərbi Afrika ölkələri iqtisadi birliyi»-ni (EKOVAS), 18 dövləti əhatə edən «Şərqi və Cənubi Afrika ölkələrində imtiyazlı ticarət zonası»-nı (PTA), «Cənubi Afrika İnkişaf Komitəsi»-ni (SADK), «Qərbi Afrika iqtisadi və valyuta İttifaqı»-nı (EVOA), «Cənubi Afrika Gömrük İttifaqı»-nı (SAKU) qeyd etmək olar.
Eyni zamanda Asiya qitəsində yaradılmış «Cənubi Asiya bölgə əməkdaşlıq birliyi»-ni (SAARK), 1981-ci ildə Orta Şərqdə İran körfəzi ölkələrinin «neft altıları» təşkilatını, Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasını, habelə bir sıra başqalarını göstərmək mümkündür.
Bu iqtisadi inteqrasiya və əməkdaşlıq istiqamətli qrup, habelə təşkilatların bir hissəsi adlarını dəyişərək başqaları ilə birləşmiş, bəziləri iqtisadi-siyasi səbəblərlə bağlı öz fəaliyyətlərini məhdudlaşdırmış, yaxud tamamilə dayandırılmış bir hissəsi isə hazırda qloballaşan dünyanın beynəlxalq iqtisadi ticarət əlaqələrində iştirak edirlər.