Elm və texnika sahəsində beynəlxalq əməkdaşlıq qlobal iqtisadi-sosial problem kimi dünyanın müxtəlif ölkələrinin elmi-intellektual imkanlarını və mütəxəssis kadrlarının yaradıcılıq səylərini birləşdirməyi irəli sürür.
Kosmosun fəthi, dünya okeanları və dənizlərinin zəngin sərvətlərindən istifadə olunması, qeyri-ənənəvi enerji mənbələri sayılan günəşin, dəniz qabarma-çəkilmələrinin, yeraltı qaynar suların (geotermal) enerjisindən faydalanmaq, tullantısız istehsal proseslərini təşkil etmək, elə qlobal əhəmiyyətli iqtisadi-sosial problemlərdir ki, bunlarsız bəşəriyyətin uğurlu gələcəyini təsəvvür etmək mümkün deyildir.
Aydındır ki, bu mürəkkəb, lakin bütövlükdə bəşəriyyət üçün ciddi sosial-iqtisadi əhəmiyyət kəsb edən qlobal problemlərin elmi-nəzəri cəhətdən əsaslandırılıb işlənməsi və tədricən həyata keçirilməsi küllü miqdarda maliyyə vəsaiti, mükəmməl maddi-texniki baza, xüsusi hazırlığa malik bacarıqlı kadr potensialı tələb etdiyindən, həmin istiqamətdə ayrı-ayrı dövlətlərin bir-birindən təcrid olunmuş səyləri, şübhəsiz, optimal meyarlar baxımından səmərəli ola bilməz. Yalnız beynəlxalq əməkdaşlığa əsaslanan, birgə səylərlə və düşünülmüş, hərtərəfli əsaslandırılmış istiqamətlərdə aparılan elmi-nəzəri axtarış, habelə kompleksli tədqiqat işləri, bəşəriyyətin müasir dövrdə rastlaşdığı qlobal iqtisadi-sosial problemlərin gələcək uğurlu həllinə etibarlı zəmanət verə bilər.
Təbii fəlakətlər və onların ağır nəticələrinə qarşı mübarizə üsulları tapılması, mümkün qabaqlayıcı tədbirlər sistemi hazırlanması, bəşəriyyətin qlobal iqtisadi-sosial problemlərinin tərkib hissələrindən birini təşkil edir.
Zəlzələ hadisələri, çay daşqınları, dağ selləri, qasırğalar, meşə yanğınları, yer çökmələri, eroziya prosesləri, vulkan püskürmələri, yaşıllıqların azalması, ərazilərin səhralaşması bəşəriyyəti hədələyən, insanların psixoloji-əsəbi gərginliyinə səbəb olan qlobal iqtisadi-sosial məsələlərdir.
Son dövrlərdə Cənubi Amerikada, Yaxın, Orta və Uzaq Şərqdə, Orta Asiyada, Qafqazda, Qərbi Avropada baş vermiş faciəli təbii fəlakətlər, istər həmin proseslərin əvvəlcədən proqnozlaşdırılması, istərsə də baş vermiş hadisələrin real nəticələrinin aradan qaldırılması istiqamətində müxtəlif dövlətlərin birgə əməkdaşlığını zərurət kimi irəli sürür.
Dünya təcrübəsi göstərir ki, heç bir ölkə və xalq təbii fəlakətlərdən sığorta olunmamışdır. Qəflətən baş verən belə fövqəladə vəziyyətlərdə dövlətlərin bir-birinə köməyi sadəcə humanizm əlaməti kimi deyil, eyni zamanda onların siyasi-dini baxışlarından asılı olmayaraq, ümumbəşəri dəyərlərə sədaqətini, qloballaşan dünyanın qarşılaşdığı problemlərini bəşəriyyətin öz birgə səyləri ilə həll etmək əzmininin konkret ifadəsi kimi qiymətləndirilməlidir.