15.2.İqtisadi inteqrasiyanın istiqamət və mərhələləri
Mürəkkəb və çoxcəhətli bir proses olan iqtisadi inteqrasiya 2 istiqamətdə aparıla bilər. Birinci istiqamətərazi cəhətdən yaxın (həmsərhəd, qonşu) ölkələrin ayrı-ayrışirkətlərinin, korporasiyalarının bir-biri ilə müəyyən razılaşmalar əsasında işgüzar əməkdaşlığı və onların xaricdə öz filiallarını (şöbələrini) təşkil edərək, fəaliyyətə başlamalarıdır. İkinci istiqamətisə müxtəlif dövlətlər arasında rəsmi səviyyədə olan inteqrasiya prosesləridir ki, bu müəyyən iqtisadi birliklər, yaxud qurumlar yaradılması və razılaşdırılmış iqtisadi siyasət vasitəsilə həyata keçirilir. Dünyanın müxtəlif ölkələrinin istehsal və xidmət təyinatlı şirkətlərinin qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri, bu münasibətlərin gələcək perspektivləri dövlət, bəzi hallarda dövlətlərin tabeliyində olmayan, nisbətən müstəqil fəaliyyət göstərən qurumların yaradılması zəruriliyini irəli sürmüşdü. Bu istiqamətdə olan əməkdaşlıq xətti, ölkələr arasında əmtəə-xidmətlərin, kapitalın, iş qüvvəsinin razılaşdırılmış hərəkətinə daha əlverişli imkanlar yaradır.
Ölkələrarası çoxcəhətli əməkdaşlıq əlaqələrinin genişlənib-dərinləşməsi prosesi isə nəticə etibarilə region (bölgə) və daha iri ərazilərdə mühüm birgə əməkdaşlıq üçün geniş üfüqlər açır. Eyni zamanda ölkələr arasında yeni keyfiyyətləri ilə seçilən inteqrasiya prosesləri, təkcə iqtisadi fayda deyil, həm də xalqlara qarşılıqlı inam, vahid məkan psixologiyası aşılayaraq, onların gələcək iqtisadi, mədəni, siyasi birliyi üçün etibarlı bir zəmin yaradır. Beləliklə, milli dövlət (ölkə) mənafeyi regional mənafe xarakteri alaraq, qlobal miqyasda, tədricən dünyanın və bəşəriyyətin ümumi tərəqqisinə xidmət edir.
Beynəlxalq iqtisadi inteqrasiya qruplaşmaları dünyanın müxtəlif qitələrində ərazi prinsipi üzrə yaranaraq, fərqli formalarda meydana çıxmışdır. İqtisadi inteqrasiya prosesi öz tarixi təkamülündə aşağıdakı formalardan, yaxud inkişaf mərhələlərindən keçir.
İqtisadi inteqrasiyanın ən bəsit və sadə forması, sərbəst, yaxud azad (xüsusi) ticarət zonasıdır.
Bu formada birliyin üzvü olan ölkələr, həmin zona çərçivəsində öz aralarındakı ticarət üçün gömrük tariflərini ləğv edir və bu sahədə olan digər məhdudlaşdırıcı tədbirləri aradan qaldırırlar. İnteqrasiyanın bu forması vaxtilə Avropa İttifaqı (Birliyi) dövlətləri arasında həyata keçirilmişdir. Hazırda isə Amerika qitəsinin NAFTA və Cənub-Şərqi Asiyanın ASEAN iqtisadi inteqrasiya qruplaşmaları bu formadan istifadə edirlər. *
İqtisadi inteqrasiyanın ikinci forması gömrük ittifaqıdır. Bu forma, sərbəst ticarət zonalarının fəaliyyətilə yanaşı, birliyə daxil olan dövlətlərin üçüncü ölkəyə qarşı vahid gömrük və xarici iqtisadi siyasət xəttinin həyata keçirilməsini nəzərdə tutur. Qeyd etmək lazımdır ki, həm sərbəst ticarət zonası, həm də gömrük ittifaqı formalarında iqtisadi inteqrasiya prosesləri yalnız mübadilə, ticarət dairəsini əhatə edir.