«Umumi bazar» bölgə (regional) iqtisadi inteqrasiya qruplaşmasının daha mürəkkəb və təkmilləşdirilmiş bir formasıdır. Bu forma, azad ticarət və vahid gömrük tarif dərəcələri ilə yanaşı, kapitalın, habelə iş qüvvəsinin bir ölkədən digərinə axınını, eyni zamanda ölkələrin razılaşdırılmış iqtisadi siyasət yeritmələrini nəzərdə tutur. «Ümumi bazar» forması bu birliyə daxil olan dövlətlərin sosial və bölgə problemlərinə dair birgə fəaliyyət orqanları yaratmaq hüququnu, həmin orqanların idarəetmə, habelə nəzarət vəzifələrini də müəyyənləşdirir.
Dövlətlərarası iqtisadi inteqrasiyanın sonrakı forması iqtisadi və valyuta ittifaqıdır.
Bu forma əvvəlkilərin bütün şərtlərini özündə birləşdirməklə yanaşı, ümumi iqtisadi, maliyyə-valyuta siyasəti yeridilməsi, habelə vahid pul vahidinin tətbiq edilməsi (avro) prinsiplərini nəzərdə tutur. Eyni zamanda iqtisadi inteqrasiya əməkdaşlığını uğurla həyata keçirmək məqsədilə, müvafiq idarəçilik qurumlarının, məsələn dövlət başçıları şurası, mərkəzi bank və digərlərinin formalaşmasına zəmin hazırlanır.
Tam iqtisadi və siyasi inteqrasiya forması mərhələsində, ölkələr arasında artıq yaradılıb fəaliyyət göstərən vahid bazar məkanının, tədricən iqtisadi və siyasi məkana çevrilməsi prosesi nəzərdə tutulur. Bu mərhələdə təkcə müəyyən razılaşmalar deyil, qrup dövlətlərin iqtisadi siyasətində eynilik olması, qanunvericilik bazasının yaxınlaşması kimi şərtlər tələb olunduğundan, onun gələcəkdə həyata keçirilməsi, şübhəsiz müəyyən çətinliklərlə bağlıdır. Bu forma, vahid federativ yaxud konfederasiya tipli dövlət yaradılmasına aparan bir yol kimi qiymətləndirilməlidir.
15.3. Bölgü (region) iqtisadi qruplaşmalar
Müasir mərhələdə, regional və bir qrup ölkələrin iqtisadi inteqrasiyası proseslərinə nümunə kimi aşağıdakıları göstərmək olar: