Makroiqtisadiyyatın vəzifələri və onun təhlil metodları
Makroiqtisadiyyat bütövlükdə ölkə iqtisadiyyatını vahid təsərrüfat sistemi kimi təhlil etdiyindən, aydındır ki, bu mövqedən yanaşmada saysız-hesabsız ev təsərrüfatlarının, şirkətlərin, birliklərin fəaliyyət mexanizminin tərkib hissələri sayılan qiymət, rəqabət, ayrı-ayrı məhsul-xidmətlərə olan tələb və təklif anlayışları kifayət deyildir. Milli iqtisadiyyatın makroiqtisadi təhlili, yeni və ümumiləşdirilmiş (məcmu) göstəricilərdən (parametrlərdən), habelə tədqiqat metodlarından istifadə olunmasını irəli sürmüşdür. C.M.Keynsin fikrincə, bütövlükdə ölkə iqtisadiyyatı, sırf bazar münasibətlərini əks etdirən mikroiqtisadi anlayışlara forma cəhətdən oxşasa da, lakin mahiyyətcə üst-üstə düşmürlər. Çünki, «böyük iqtisadiyyat» (ölkənin təsərrüfat həyatı) anlayışı, onun «kiçik hissələrinin» (ev təsərrüfatlarının, şirkətlərin) sadəcə mexaniki toplusu olmadığından, bunları xarakterizə edən göstəricilər və idarə edən prinsiplər eyniyyət təşkil edə bilməzdi. Deməli, ölkənin təsərrüfat həyatı mənasında «böyük iqtisadiyyat» təkcə kəmiyyət (miqdar, həcm) məsələsi olmayıb, eyni zamanda yeni keyfiyyət (mərhələ) sayıldığından, bir sistem kimi onun fəaliyyəti daha ümumi göstəricilərlə səciyyələndirilib öyrənilməlidir. Ona görə də vahid iqtisadi sistem daxilində mikro və makroiqtisadiyyatların qarşılıqlı əlaqə, bir-birinə təsir mexanizmlərinə baxmayaraq, onların ayrı-ayrılıqda kəmiyyət, keyfiyyət fərqləri bu istiqamətdəki tədqiqatlara, onların metodlarına yeni mövqelərdən yanaşmağı şərtləndirmişdir. Makroiqtisadi mövqeyə görə hər hansı bir ölkənin iqtisadiyyatı 4 ümumiləşdirilmiş təsərrüfat subyektlərindən ibarətdir: a) ev təsərrüfatları; b) sahibkarlar; c) dövlət;ç)xaricdə yerləşib fəaliyyət göstərən bölmələr (sektorlar). Bu subyektlərin qarşılıqlı iqtisadi münasibətləri və çoxcəhətli əməkdaşlıq əlaqələrinin əsas hissəsi müxtəlif bazarlarda formalaşıb həyata keçirilir. Bazar münasibətləri iqtisadi sistemi şəraitində mövcud olub, fəaliyyət göstərən çoxsaylı bazarlardan C.M.Keyns əsas dördünü seçmişdir. Bu bazarlar aşağıdakılardır: 1) məhsul və xidmətlər bazarı; 2) pul bazarı; 3) əmək bazarı; 4) qiymətli kağızlar bazarı. Sonralar bu bazarlar sırasına real kapital (dəzgahlar, maşınlar, avadanlıqlar və s.) bazarı və beynəlxalq valyuta bazarı (milli valyutaların mübadiləsi bazarı) əlavə olunmuşdur. İqtisadi nəzəriyyənin makroiqtisadiyyat hissəsi əsasən aşağıdakı problemlərin təhlili və araşdırılması ilə məşğul olur:
ümumi milli məhsul (ÜMM) və ümumi daxili məhsulun (ÜDM) həcmi, habelə artım templəri;
ölkənin xarici iqtisadi siyasəti və beynəlxalq əlaqələr sistemi;
əhalinin həyat səviyyəsi problemləri.
Makroiqtisadiyyatın vəzifələrinə gəldikdə, buraya yuxarıda qeyd olunan iqtisadiyyatın artım templəri, inflyasiya və işsizliyin səviyyəsinin təhlili ilə yanaşı, ölkənin tədiyyə balansının vəziyyəti, milli gəlirin artım templəri, investisiya qoyuluşlarının həcmi, onların səmərəliliyi, dövlət büdcəsinin formalaşması, pul-kredit siyasəti, bank faizləri, xarici ticarət balansı, dövlət borcu kimi məsələlər də aid edilir. Makroiqtisadi təhlil, cəmiyyətin iqtisadi-sosial inkişafı gedişində, təbii olaraq qarşıya çıxan bir sıra suallara cavab axtarır: Nə üçün müxtəlif inkişaf mərhələlərində qiymətlərin artımı istehsalın artım templərini ötür? Məşğulluğu və inflyasiyanı doğuran səbəblər hansılardır? Dövlət büdcəsində yaranan kəsirin inflyasiya və işsizliklə əlaqəsi necədir? Milli valyutanın məzənnəsinin dəyişməsi hansı problemlər doğurur? Ölkənin iqtisadi-sosial inkişafı və onun gələcək perspektivləri üçün həyati bir əhəmiyyət kəsb edən bu məsələlərin pozitiviqtisadi nəzəriyyə mövqelərindən öyrənilərək, normativistiqamətli nəticələr çıxarılması, dövlətlərin iqtisadi siyasətinin hazırlanması və həyata keçirilməsində mühüm rol oynayır. Vaxtilə C.M.Keyns yazmışdır ki, iqtisadi nəzəriyyənin vəzifəsi konkret məsləhət və tövsiyələr verib, bunların tezliklə iqtisadi siyasət vasitəsilə həyata keçirilməsi deyildir. Onun fikrincə, «iqtisadi nəzəriyyə doktirina (hökm) olmayıb, bir metod, düşüncə və təfəkkür aləti kimi düzgün nəticələr çıxarmağa kömək göstərməlidir». Deməli, makroiqtisadi problemlərdən irəli gələn konkret vəzifələrin həlli yollarının müəyyənləşdirilib dövlətin iqtisadi siyasəti səviyyəsində ardıcıllıqla həyata keçirilməsi, şübhəsiz ölkədə tarazlı tənzimlənmiş inkişaf sayəsində optimal məşğulluq, normal inkişaf templəri və nəzarətdə saxlanılan inflyasiya təmin etmək imkanları yarada bilər. Makroiqtisadi təhlil prosesində iqtisadi nəzəriyyədə tətbiq olunan elmi abstraksiya, müqayisəli məntiq və tarixi ardıcıllıq, analiz və sintez, pozitiv və normativ, riyazi-iqtisadi metodlardan yeri gəldikcə istifadə olunur. Eyni zamanda bu metod və yanaşma üsullarının makroiqtisadiyyatın mahiyyətindən irəli gələn özünəməxsus cəhətlərin nəzərə alınması tələb olunur. Həmin özünəməxsus cəhətlər sırasında, ilk növbədə makroiqtisadiyyatın ümumiləşdirici göstəricilərə əsaslanması və ölkənin çoxsahəli təsərrüfat həyatının bütün bir tam halında, habelə qarşılıqlı tarazlıq prinsipləri təməlində fəaliyyət göstərməsi həlledici əhəmiyyətə malikdir. Qeyd etmək zəruridir ki, makroiqtisadi təhlildə iqtisadi subyektlərin qarşılıqlı əlaqə və təsiri müxtəlif modellər vasitəsilə aydınlaşdırılır. Real gerçəkliyin və iqtisadi proseslərin formal (şərti) ifadəsi olan müxtəlif modellər, hadisələrin mühüm olmayan cəhətlərini nəzərə almayaraq, əsas diqqəti iqtisadi əlaqələrin mahiyyətinə yönəldir. Makroiqtisadi modellərdə iqtisadi sistemin həm daxili (endogen), həm də ona kənardan təsir göstərən xarici (ekzogen) amillərin qarşılıqlı əlaqələri öz əksini tapır. Ölkənin konkret vəziyyəti və şəraitdən asılı olaraq, müxtəlif makroiqtisadi modellərin məqsədi - baş verən dəyişikliklər, habelə, meyllər əsasında iqtisadi -sosial inkişafın ümumi qanunauyğunluqlarını təhlil edib aydınlaşdırmaq, bu inkişafın gələcək perspektivlərini müəyyənləşdirməkdir.