Nəticə: Əgər siz yaramaz əməllərinizə qayıtsanız, Biz də sizə yenidən cəza verərik – cümləsi xitab olunanlar vahid bir ümmət olduğu üçün, cəmiyyətlər üzərində hakim olan qanunların ənənə halında olmasını aydınlaşdırır.
İCBAR YA İXTİYAR?
Alimlər arasında, xüsusilə də son əsrdə ən çox bəyan olunan əsas məsələlərdən biri də insanın fərdi və ictimai məsələlər qarşısında azad və muxtar və ya məcbur və asılı olması məsələsidir. Başqa sözlə, fərdi ruhun ictimai ruh qarşısında hansı mövqedə dayanması məsələsidir.
Əgər birinci nəzəriyyəyə uyğun olaraq, insan vücudu və fərdlərin əsas, cəmiyyətin isə şərti mürəkkəb olmasını qəbul etsək, heç bir ictimai icbarın olmaması aydın olur. Çünki, fərdi güc və qüdrətdən savayı, ictimai güc və qüdrət adlı bir qüvvə yoxdur ki, onlar üzərində hakim olsun və beləliklə də, ictimai icbar meydana gəlsin. Əgər asılılıq olsa belə, cəmiyyətdən deyil, fərdin ayrı-ayrı fərd və ya fərdlərdən asılılığından danışmaq olar. Əgər dördüncü nəzəriyyəni qəbul etsək və fərdi, insani şəxsiyyət baxımından boş bir qaba və ya xam maddəyə bənzədərək, fərdin şəxsiyyətini, ağlını və iradəsini, ictimai ağıl və iradənin bir hissəsi kimi qəbul etsək, ictimai ruhun ictimai məqsədlərə çatmaq üçün fərdi ruhda zahir olmasına inansaq və nəhayət cəmin sırf üstünlüyünü qəbul etsək, fərdin ictimai işlərdə azad və ixtiyar sahibi olması fikrinə heç bir əsas qalmır.
Məşhur fransız sosioloqu Emil Durkeym, cəmiyyətin əsas olması tərəfdarı kimi deyirdi:
«İctimai işlər (yatmaq və yemək kimi işlərin əksinə olaraq) fərdin iradə və fikrinin deyil, cəmiyyətin məhsuludur və onlar üç xüsusiyyətə malikdir: Xarici, icbari və ümumi olmaq. Onun xarici sayılması fərdin vücudundan xaricdən – yəni cəmiyyət tərəfindən – onun boynuna qoyulmasına görədir. Bu işlər fərd olmamışdan qabaq da cəmiyyətdə var idi və fərd, cəmiyyətin təsiri altında onları qəbul etmək məcburiyyətində qalır. Adət və ictimai qaydaların, din və mədəniyyətin qəbul olunmasını buna misal çəkmək olar. Onun icbari olması isə, özlərini zorla şəxsə qəbul etdirərək onun vicdanını, fikrini, hisslərini öz nüfuzları altına alması səbəbi ilədir. İcbari olmaq, öz növbəsində ümumi olmağı və hamı tərəfindən qəbul edilmək zəruriyyətini yaradır.
Üçüncü nəzəriyyəyə əsasən, cəmiyyətin qüvvəsi şəxsi qüvvədən çoxdur və onda şəxslər ictimai işlərdə heç bir icbara tabe olmurlar.»
Durkeynin «icbarı», təbiət daxilində insan təkamülündən doğan insan fitrətinin əsaslığının unudulmasından irəli gəlir. Bu fitrət insana, ictimaiyyətin zorla qəbul etdirdiklərinə qarşı çıxmaq üçün azadlıq, imkan və iradə verir. Elə buna görə də fərdlə cəmiyyət arasındakı əlaqəyə bir növ ortaq məxrəc hakimlik edir (yəni həm insan əsasdır, həm də cəmiyyət).
Qurani-kərim, cəmiyyətin təbiət, şəxsiyyət, qüvvə, həyat, ölüm, vicdan və s. şeylərə malik olduğunu qeyd etdiyinə baxmayaraq, insanın, ictimai hadisələrə qarşı çıxmağa qadir olduğunu da aydın şəkildə bildirir. Quran, «Fitrətullah» (yəni, ilahi fitrət) sözü üzərində təkid edir. Nisa surəsinin 97-ci ayəsində, Məkkə cəmiyyətində özünü zəif və məzlum adlandıran və öz fitri məsuliyyətlərini yerinə yetirməmək üçün zəifliklərini bəhanə gətirən, cəmiyyət qarşısında icbara tabe olduqlarını iddia edən bir qrup haqqında, onların bəhanələrinin qəbul olunmayacağını bildirir. Çünki onların, ən azı həmin cəmiyyətdən hicrət edərək başqa ictimai şəraitə köçmək imkanları var idi.
Başqa yerdə buyurur:
«Ey iman gətirənlər! Nəfslərinizi qorumaq sizin öz borcunuzdur. Siz doğru yolda olsanız, [haqq yoldan] azanlar sizə heç bir zərər yetirə bilməzlər. Hamınızın axır dönüşü Allahadır. Allah etdiyiniz əməllər barəsində sizə xəbər verəcəkdir!» (Maidə-105).
Məşhur «Zərr» ayəsində Allah-taala tohidi, insanların fitrətində yerləşdirdiyinə işarə etdikdən sonra buyurur:
«Sonradan, atalarımız müşrik olublar və bizim də çarəmiz yoxdur, gərək atalarımızın dinində qalaq, çünki məcburuq, deməmələri üçün bu işi gördük. Allahın verdiyi belə fitrətlə heç bir icbar sizi məcbur edə bilməz.»
Quran, məsuliyyət üzərində də təkid edir: Fərdi və ictimai məsuliyyətdən, yaxşı işlərə dəvət, pis işlərdən isə çəkindirmədən, fərdlərin ictimai qanunsuzluğa qarşı çıxmasından bəhs edir. Nuhun, İbrahimin, Musanın, İsanın, Rəsulullahın, Əshabi-kəhfin və digər möminlərin əhvalatında da bu məsələ haqda danışır.
Fərdin cəmiyyət və ictimai mühit qarşısında məcbur olmaq fərziyyəsinin kökü, həqiqi tərkibin yaranması üçün üzvlərin bir-birinə qarışıb həll olması və ümumi çoxluğun vahid vücuda çevrilməsi və yeni həqiqətin meydana gəlməsi fikridir. Ya burada fərdlərin azad, muxtar və həqiqi şəxsiyyətlərini qəbul edərək tərkibin şərti və cəmiyyətin zahiri olduğunu etiraf etməliyik, yaxud da fərdi ixtiyar və müstəqilliyə qarşı çıxmalıyıq. Bunların ikisi arasında ortaq bir fikir qəbul etmək qeyri-mümkündür. İctimaiyyət elmində mövcud olan bütün dəlil və sübutlar cəmiyyətin zahiri olduğunu təsdiq etdiyi üçün, ikinci fikrin batil olduğunu qəbul etməliyik.
Həqiqət budur ki, fəlsəfi nöqteyi-nəzərdən, bütün həqiqi tərkibləri eyni və oxşar saymaq olmaz. Təbiətin aşağı səviyyələrində – yəni cansız əşyalarda – üzvlər və təşkiledici ünsürlər tamamilə bir-birinə qarışaraq həll olur və onların vücudu vahid «külli» vücudda birləşir. Bunun oxşarını biz yuxarıda qeyd etdiyimiz oksigenlə hidrogen adlı iki ünsürdən yaranan suda görürük. Amma tərkib nə qədər yuxarı səviyyədə yerləşərsə, təşkiledici ünsürlər bir o qədər müstəqillik əldə edir və külli vücuda nisbətən azad olurlar. Bununla da vəhdət daxilində ayrılıq və ayrılıq daxilində vəhdət yaranır. İnsan vücudu bütün bunlara bariz nümunədir. Onun vücudu vahid olduğu halda, ayrı-ayrı ünsürlərin cəmidir və bu ünsürlər nəinki, öz qüvvə və müstəqilliklərini qoruyur, hətta, bəzi vaxtlarda bu qüvvə və müstəqilliklər arasında ixtilaf da yaranır. Cəmiyyət, təbiətin ən ali varlığıdır və onun üzvlərinin nisbi azadlıqları daha çoxdur.
Deməli, cəmiyyətin təşkiledici ünsürləri olan insanlar, öz təbii və fərdi vücudlarında fitri ağıl və iradəyə malikdirlər. Digər cəhətdən də, təbiətin yuxarı təbəqələrində üzvlərin nisbi azadlıqları daha çox olduğuna görə, şəxslər – daha doğrusu, fərdi ruh cəmiyyət, ya ictimai ruh qarşısında azad və ixtiyar sahibidir.
Dostları ilə paylaş: |