Maliyyə sistemi müəyyən zaman müddətində pul dövriyyəsi və dövriyyədəki pulun həcminin müəyyənləşməsi, pul vəsaitlərinin müxtəlif funksiyalı, mahiyyətli fondlara cəlbi və istifadəsinin idarə edilməsi prosesidir. Maliyyənin belə açıqlanması maliyyənin bütövlükdə məhsul axınlarını tamamlayan, mübadiləni asanlaşdıran pul dövriyyəsi olduğunu göstərir. Maliyyə mərkəzi bankların, dövlətin kredit və büdcə siyasətinin yardımı ilə “yaranan” pul vəsaitlərinin məcmu həcmidir. Maliyyə müxtəlif fondlara - dövlət büdcəsi, fərdi kommersiya layihələri fondu, bank sektoru və s. cəlb edilən, istifadə edilən pul vəsaitləridir. Maliyyə - pul və pul fondları ilə bağlı bu və başqa proseslərin idarə edilməsidir.
Maliyyə elminin ən başlıca vəzifəsi budur ki, dövriyyədəki pul həcminin ümumi iqtisadi artımı şərtləndirən səviyyədə artımı və azalmasını müəyyənləşdirsin, fiksal siyasətin səmərəli olmasını təmin etsin, fərdi layihələrin nə dərəcədə effektiv olub-olmamağını aşkarlasın.5 Maliyyə mürəkkəb struktura malik bir sistemdir. “Sistem” hər bir hissəsi bü-tövlüyün xarakteristikasına öz töhfəsini verən və qarşılıqlı əlaqəli hissələrdən ibarət müəyyən bir parçadır. Maliyyə sistemi müxtəlif elementlərdən, yəni alt sistemlərdən ibarətdir. Maliyyə sferası müxtəlif pul fondlarından, pul vəsaitlərinin müxtəlif istiqamətlər üzrə hərəkətindən, pul vəsaitlərinin müxtəlif layihələrə sərfindən və s. ibarətdir. Həm də bütün bu proseslər qarşılıqlı əlaqəlidir. Məsələn, uçot dərəcələrinin aşağı salınması kredit həcmini, eyni zamanda, dövriyyədəki pul həcminin artımını şərtləndirir. “Maliyyə sistemi pul vəsaitlərinin yaranması və istifadəsi prosesində yaranan maliyyə münasibətlərinin məcmusudur”. Belə ki, bir çox hallarda – maliyyə sistemi dövlət və təsərrüfat subyektlərinin maliyyəsinin məcmusu, yaxud banklar, təsərrüfat subyektlərinin maliyyəsi, sığorta, dövlət maliyyəsi və fiziki şəxslərin maliyyəsinin məcmusu kimi xarakterizə edilir.
Beləliklə, maliyyə sistemi dörd böyük alt sistemdən – ev təsərrüfatlarının maliyyəsi, dövlət maliyyəsi və müəssisi maliyyəsə alt sistemindən ibarətdir.