sənin balana yemək vermiyəcəm?
Bu olur Nil çayı sahilində. Yəni Səudiyyə Ərəbistanı ərazisində. Zəkəriyyə peyğəmbər olur. Görür ki, Əzrayıl gəlir, başdıyır namaz qılmağa. Qutarmır namazı, nə qədər əlləşir, qutarmır. Əzrayıl gedir, ikinci dəfə görür yenə Əzrayıl gəlir. Başdıyır, zikr eləməyə. Zikr eliyəndə Allah-təala, Əzrayıl dəyməz insana. Eliyir, eliyir, eliyir, Əzrayıl da gözdüyür, gözdüyür, axırda, gedir. Üçüncü dəfə Əzrayıl gəlir, libasını dəyişir, başdıyır külünğü götürür, qəbir qazımağa. Bu da bunun yanınnan gəlib keçirmiş. Deyər:
– Allah qüvvət versin.
Deyər:
– Sağ ol.
Deyir:
– Amma bu qəbiri qazıram, bilmirəm bu qazdığım qəbir həmin ölən adama boy verəcəy, vermiyəcəy?
Deyir:
– O adam nə boyda olar?
Deyir:
– Elə sən boyda.
Deyir:
– Uzan, sənin boyuvu ölçüm də mən.
Uzanar, labasın dəyişər, deyər:
– Mən Əzrayılam. Bir dəfə gəldim, gördüm, namaz qılırsan, dinmədim, bir dəfə gəldim, gördüm, təsbeh çevirirsən, dinmədim.
Deyir:
– Onda mənə bir dəqiqə də ver, Allahnan danışım.
Deyir:
– Hə, buyur.
Gedir Allahın yanına. Deyər ki, mən öləcəm, mənim bir dənə qızım var, məndən sora onun aqibəti nə olacağ?
Allah deyər:
– Götür əsanı.
Götürər əsanı.
Deyər:
– Vur çaya.
Vurar çaya, çay quruyar, altında bir qaya görünər.
Deyər:
– Vur o qayaya.
Vurar qayaya.
Deyər:
– Bir dənə də vur qayaya.
Vurar qayaya, görər bir qarışqa ağzında bir dənə bığda balasına yeməy aparır.
Deyər:
– Ya mənim həbibim, mən bu boyda çayın altında bir dənə qaya yaratmışam, qayanın altında da qaya. Qarışqanın balasına yeməy verirəm, sənin balana yeməy vermiyəcəm?
Böyük gələndə ayağa durarlar
Bir tələbə bir alimin yanında elm öyrənirdi. Tələbə hər gün bulara gələndə din alimi qalxardı ayağa. Bir gün, iki gün, beş gün. Tələbə dedi:
– Qurban olum, mən gələndə sən ayağa durmayasan.
Dedi:
– Bala, sən nə karəsən ki, mən ayağa duram, mən sənə tərbiyə öyrədirəm. Yəni evə adam gələndə ayağa durarlar.
Daş
Peyğəmbərə daş atdılar, bu yıxıldı. Daş atan dedi:
- Ə get gör öldü-ölmədi.
Gəldi dedi:
- Peyğəmbər deyir İlahi, mənə daş atanın taxsırından keçmişəm səndə keç o, döndü müsəlman oldu.
Musa Əleyhisalam Turi-Sinaya Allahla danışmağa gedir. Növbəti dəfə gedəndə kəndlərində bir kasıb lap belə lüt kasıb dedi:
– Ya Musa, mənim ərzibəndiyimi eliyərsən Allah-talıya?
Dedi:
– Eliyərəm.
Musa Səlavatullah Turi-Sinada Allahla danışandan sonra dedi:
– Ya Rəbbim, bizim kənddə sənin bir bəndən var, lap lüt kasıbdı, ərzibəntdiyini eliyirəm.
Dedi:
– Gedib ona deyərsən ki, onu ondan da pis günə qoyacam.
Gəlir. Deyir:
– Ya Musa, neynədin?
Deyir:
– Elədin ərzibəntdiyimi?
Dedi:
– Hə, elədim.
Dedi:
– Nə dedi?
Dedi:
– Onu ondan da pis günə qoyacam.
Dedi:
– Şükür İlahi.
Dedi:
– Ə, nəyə şükür eliyirsən?
Dedi:
– Hələ nəzəri mənim üstümdədi.
Allah-tala ondan sonra tökdü onun başından var-dövləti. Gərək şükr edəsən. Gərək nəfəsi alanda şükür eliyəsən, verəndə də şükür eliyəsən.
İki şeyi unutma, iki şeyi unut,
Peyğəmbər oğluna nəsihət eliyir.
Deyir:
– Oğlum, iki şeyi unutma, iki şeyi unut, dörd şeydən də özünü qoru.
Dedi:
– Ata o, nədi?
Dedi, iki şeyi unutma, o deməkdi ki, ölümü unutma, bir də Allaha zikir eləməyini. O iki şey ki, var, unut, kim sənə pisliy eliyib unut, kimə yaxşılığ eləmisən, onu da unut.
İkinci dörd dənə nədi?
Deyir:
– Gözüvü naməhrəmdən, qulağıvı böhtandan, dilivi yalandan, qəlbivi şeytandan qoru.
Qonağın qəsri
İbrahim Xəlil Peyğəmbər heç bir zaman qonağsız çörəy yeməzmiş. Günlərin bir günündə qonağı gəlir. Oturur, bunu çörəy yeməyə dəvət edir. Bu vaxt bir dənə sail gəlir. Qonağ əlini atır xurcundan bir dənə çörəy verir. Çörəyi yeyəndən sonra yatırlar. Yatandan sonra İbrahim Xəlil Peyğəmbər yatır, yuxuda görür ki, getdiyi göyün sahibi odur. Yeddinci göydə mənim qəsirimin yanında bir dənə qəsir. Deyir ki, Ya Rəbbim, bu kimin qəsridir?
Deyir:
– Bu sənin evində çörək yeyən qonağın evidir, çünki son çörəyini də sailə verdi.
Əbabil quşları
Əbabil quşları olub. O olub Peyğəmbər Salavatullah anadan olmamışdan qabağ. O quşlar, deməli, Əbabil adlı bir zalım olub. Gəlib Kəbəni dağıtmağdan ötrü. Qoşunnan gəlibdi. Şəhər əhli şəhərdən çıxıb, təkcə Peyğəmbər Salavatullahın babası Mütəllib qalıb. Heç yerə getmiyib. Axşamçağı olubdu. Əbabil sifariş göndəribdir ki, gəlirik dağıtmağdan ötrü Kəbəni. Bu vaxtı Mütəllib gəlib buların qarşısına deyib ki, mənim dəvələrimin başını sənin qoşunun kəsiblər. Dəvələrimi qaytar. Deyir bir bu boyda vilayət üçün gəlmişik, sən bir dənə dəvə üçün gəlmisən. Deyir dəvənin sahibi mənəm, onun da sahibi var, özü bilər, qoruyar onun sahibi. Odur ki, Əbabil görüb ki, əzəməti belə başqa cürdür, deyib. Bunun dəvələrini qaytarın. Neçə dəvəsini kəsmisizsə, qaytarın. Bunun dəvələrini qaytarırlar. Məqsəd dəvə deyildi, məqsəd o idi ki, deyirdi ki, yəni mən oranı Allaha tapşırmışam. Oranın yiyəsi var. Dəvənin yiyəsi mənəm, onun yiyəsi özü bilər. Gəldi qapıda dayandı ki, Pərvərdigara, mənim gücüm çatmır, bu boyda qoşunun qarşısında dayanan deyiləm. Bu sən, bu sənin evin. Müdafiyə eliyərsən, sən bilərsən, eləmirsəndə, özün bilərsən.
Odur ki, səhər qoşun hücum çəkibdi, fillərnən gəlibmişlər. Qoşun ki hücum çəkübdü, Məkkəyə daxil olublar. Bu vaxt göydən əbabil quşları deyirlər, bu quşlar ağızlarında rəvayətə görə palçığdı, amma o palçığ oların dimdiyindən yerə düşən kimi qurğuşun olub gəlib düşüb qoşun başçılarının başının üstünə. Bu İlahi bir qüvvədi. Qoşun hamısı məhv olub. Orda fillər hamısı hürküblər. Qoşunnan bi nəfər qaça-qaça gedib ki, getsin xəbər versin ki, Yəmənə ki, bəs belə qoşun qırıldı. Hamısı öldülər. Qalib gələ bilmədik. O bir nəfər gedə-gedə o qoşundan biri onun başının üstüynən uçub ki, getsin bu möcüzadı xəbər versin. Sora onun da başına atıb gözlərinin qabağında görüblər ki, belə bir şey olub. Həmin hadisədən on üç gün sonra Peyğəmbər anadan oldu.
Dostları ilə paylaş: |