D ədə Qorqud ● 2016



Yüklə 2,43 Mb.
səhifə110/154
tarix01.01.2022
ölçüsü2,43 Mb.
#103364
1   ...   106   107   108   109   110   111   112   113   ...   154
İşin məqsədi. Məqalədə əsas məqsəd xalq yaradıcılığının, onun mifoloji təfək­kü­rünün çağdaş Azərbaycan bədii nəsrinə təsiri məsələsini araşdırmaqdır.
Folklorun yazılı ədəbiyyatı məzmun, ideya və obrazlarla zənginləşdirmək gücü olduğu üçün o, hər zaman ədəbi prosesin ayrılmaz tərkib hissəsi olmuş və olmaqda davam etməkdədir. Prof. M.Hacıyevanın sözləri ilə desək, “ədəbiyyat əbədi, dəyişməz insani dəyərlərə – onun folklor irsinə üz tutub, ondan mənəvi qüvvə və işıq əxz edər­kən folklordan aldığı ideya, motiv, obraz və süjetlərdən bəhrələnərkən öz ilkin mən­bə­yinə – folklora borcludur” (8, 9).

Yazılı ədəbiyyatın, bu sıradan bədii nəsrin bəhrələndiyi belə motiv və süjetlərin bir qismini məhz mifoloji motiv və süjetlər təşkil edir.

Belə ki, mif bu və ya digər şeylərin yaranmasını izah etməyə yönəlmiş ilkin cəhd­dir, o, elmin əcdadıdır. Bundan əlavə, o, müxtəlif hadisələrin başvermə səbəb­ləri­nin də ilkin izahıdır, yəni mif din və fəlsəfə ilə də bağlıdır. Mif həmçinin “tarixdən öncəki dövrün” tarixidir, o, bizə bəşəriyyətin yazılı tarixindən əvvəl nələrin baş verə bilməsini deməyə çalışır. Mif qədim insanlara onların kim olmasını və necə yaşamalı olmalarını deməyə cəhd edirdi.

Beləliklə, indiyədək mif əxlaqın, dövlətçiliyin və milli özünüdərkin əsası olmuş və olmaqdadır. Bizim günlərdə də həyat mifoloji simvol və mənalarla, mifoloji deyimlərlə doludur: bütün bunlar ümumbəşəri irsin çox qiymətli hissəsidir. Təmsillər, nağıllar, epos, ədəbiyyat, böyük dinlərin müqəddəs kitabları – bütün bunlar özündə əsrlərin, zamanın, mədəni müxtəlifliyin sərhədlərini aşıb gəlmiş qədim miflərin qalıqlarını saxlayırlar.

Mif bütün zamanlarda bütün insanlar üçün daimi və dəyişməz olan bir hadisədir. Miflərdə olan ümumi modellərə, süjetlərə, hətta detallara həmişə və hər yerdə rast gəlinir. Bu onunla bağlıdır ki, mif bizim əcdadlarımızın nəsillərdən nəsillərə ötürülən yaddaşının ümumi bir irsidir. Mif yazılı tarixə qədər baş vermiş hadisələr və gələcəkdə olacaq hadisələrin mənası haqqında hekayətlərdir. Mif keçmiş, indiki və gələcək zamanları bir-birilə birləşdirən bir bağdır.

Prof. K.Əliyev qeyd edir ki, miflər ilk növbədə ayrıca bir mətn kimi yazıya alınmaqla qorunub saxlanılır. O artıq başqa məsələdir ki, onu kim söyləmişdir və yazıya necə alınmışdır? Amma mifin qorunub saxlanılmasında ikinci bir qaynaq da var: bu, yazılı ədəbiyyat nümunəsidir. Yazılı ədəbiyyat nümunəsi mifi yalnız bütöv bir mətn kimi qoruyub saxlamır, eyni zamanda mif arxetip formasında, motiv və süjet formasında və obraz şəklində yazılı ədəbiyyata daxil olur (6, 16).

Prof. C.Bəydili isə yazır: “Etnik-mədəni ənənə çərçivəsində insan davranışının bütün mühüm paradiqmalarını yaradan mif mədəniyyətin özü deyilsə belə, onun fundamental əsasıdır. Ən əski cəmiyyətlərdə hakim mədəniyyət forması mifdir; etnosu içəridən bağlayan simvollar da onda qərar tutubdur” (2, 85).

Mif haqqında deyilən fikirlərdən belə nəticəyə gəlmək olar ki, bədii yaradıcılıq üçün mənbə rolunu oynayan mifoloji elementlər, mif mətnləri dünyanın mifoloji mən­zərəsinin rekonstruksiyası üçün bədii yaradıcılıqda arxaik təsəvvürlərin qeyri-şüuri tə­za­hürləri kimi çıxış edir.

İnsanın fantastik və realistik istəklərini, təbiət və yaradılışla intuitiv ünsiyyətini özündə əks etdirən miflərdə aşağıdakı terminlərə rast gəlinir: od, su, hava, torpaq, dün­ya ağacı, kosmos, xaos, mədəni qəhrəman, ilkin əcdad, dual miflər (əkizlər mifi), qurbanvermə, sehrbazlıq, ölüb-dirilən varlıqlar, şeytan, div, təpəgöz, günəş, xeyir və şər, o dünya, ruhlar və s. Bu terminlərlə bağlı mifoloji motiv və süjetlər zaman-zaman yazılı ədəbiyyata, o cümlədən bədii nəsrə də keçmişdir. Belə mifoloji motivlərdən biri də qəhrəmanın möcüzəli doğuluşu motividir.

Çağdaş nəsrimizdə möcüzəli doğuluş motivinə tanınmış yazıçı Elçinin “Mah­mud və Məryəm” romanında rast gəlirik. Romanda Bədbeybət Lal obrazı yaradıl­mışdır. Yazıçı bu obrazı bədii mətnə təsadüfi element kimi daxil etməmişdir. Dastan və nağıllarımızda qəhrəmanların möcüzəli doğuluşu ilə bağlı yer alan mifik personaj kimi Bədheybət Lalın əsərdəki rolu Mahmudun dünyaya gəlməsində bir sehrin, möcüzənin olmasını üzə çıxarır.

Bədheybət Lalın üzündə, başında bir dənə də olsun tük yox idi, qaşı, kirpiyi yox idi, boyu hündür, boynu uzun, beli donqar idi, dəvəyə oxşayırdı və bomboz gözləri var idi. Yanında boynu zəncirli qotur bir tülkü gəzdirirdi. Bu qotur tülküdə vergi var idi, hər şeyi görürdü, hər şeyi bilirdi, yer üzünün bütün dərdinə-sərinə əlac deyirdi. Tülkü gördüyünü, bildiyini ancaq təkbətək olanda öz sahibinə deyirdi və o zaman Bədheybət Lalın dili açılırdı, tülkünün dediklərini tülküdən əlac istəyənlərə çatdırırdı (5, 246).

Prof. C.Bəydili “Türk mifoloji sözlüyü” kitabında göstərir ki, keçəllik türk mifo­logiyasında demonik varlıqların geniş yayılmış atributudur. Başda tükün olmaması dünyaya gəlişin, doğuluşun nişanı sayılırdı (3, 184).

Ziyad xanla Qəmərbanunun da övladları olmurdu. Ziyad xanın adamları gedib o bədheybət Lalı tapıb gətirdilər və bədheybət lal bomboz gözlərini Ziyad xana zilləyib dərdini öyrəndi, sonra əcaib-qəraib səslər çıxara-çıxara, tüksüz əlini-qolunu oynada-oynada hamını otaqdan çıxartdı, bir müddətdən sonra ona danışmaq vergisi verildi və bədbeybət Lal tülkü ilə təkbətək qaldığı otaqdan başını çıxarıb adamları səslədi:


  • Camaat!

Ziyad xan və adamları təzədən otağa qayıtdı və Lal tülkünün sözlərini onlara bəyan etdi:

– Tülkü qurban olduğumuz buyurur ki, arvadın getsin üç gecə Göyçə gölündə çimsin, gəlsin tülkü qurban olduğumuz ona baxacaq və dərdinə əlac deyəcək (5, 246-247).

Elə həmin gün Ziyad xan Qəmərbanunu kəcavəyə mindirib qırx kənizlə qədim Göyçə sahilinə yola saldı. Qəmərbanu o payız günlərində üç gecə dalbadal Göyçə gölünün soyuq sularında çimdi. Sonra Lal içində tülkünün vurnuxduğu qəfəsi quca­ğına almışdı və bomboz gözlərini Ziyad xana zilləyib dedi: – Tülkü qurban olduğumuz belə buyurdu ki, cəmi məxluqi-insanat doqquz aydan sonra doğur, sizinki doqquz ildən sonra doğacaq” (5, 247-248).

Belə də oldu. Düz doqquz ildən sonra, yazın axırlarında, Cövza bürcü taleyində Mahmud anadan oldu.

Müasir Azərbaycan nəsrinin nümayəndəsi Sadıq Elcanlı da “Qanlı quzğun mey­danı” əsərində mifoloji motivlərə müraciət edərək xalqın genetik yaddaşını, soy­kökə bağlılıq məsələsini həm real, həm də fantastik boyalarla verə bilmişdir.

Yazıçı əsərin süjetinə qəhrəmanın möcüzəli doğuluşu motivini də əlavə edərək maraqlı paralellər yaratmışdır.

Əsərin əvvəllərində oxuyuruq: “Çox-çox qədim zamanlarda Arhun adlı çay vardı. Ona Ceyhun da deyərdilər” (4, 17).

Turan xatunun (Səlmi arvad) oğlu, igidlər igidi (Ceyhun Alpanqaya) toyunun so­nun­cu günü, qürub çağı Arhun çayından xeyir-dua almağa gəlir və birdən çaya yıxı­lır. Be­ləcə, o, Arhun çayında boğulub qəlbində, damarlarında axan dəlisov qüvvə­yə qo­­vuşur.

“Sən demə, ananın itkin oğlu min illər əvvəlin adamı imiş, Arhun çayı onun ruhuna qovuşubmuş, ona görə də elə qüvvətli, qüdrətli imiş. İyirmi bir il əvvəl mələk sifətli, tanrı qəlbli qız – Turan xatun toy günü sübh tezdən Arhun çayında çiməndə bu sudan içib hamilə olubmuş...” (4, 18)

Qeyd edək ki, dünya epos qəhrəmanlarının taleyində möcüzə onların həyatının ən vacib anları kimi az rol oynamır. Buna möcüzəli doğuluş – qəhrəmanın anası hər han­sı bir bitkinin toxumunu, balığın bir hissəsini yeyərək, hansısa suyu içərək və s. ha­milə qalır; boyun sürətlə artması, qeyri-adi (fövqəltəbii) gücə malik olmaq, məğ­lube­dil­məzlik, ölümsüzlük, əvvəlcədən söylənilmiş (xəbərdar edilmiş) ölüm və s. aiddir.

Fil.ü.f.d. O.Əliyev vurğulayır ki, sehrli nağılların bir çoxunda nağıl qəhrəmanı onu əhatə edənlərdən bir sıra qeyri-adi cəhətləri ilə fərqləndirilir. Onun qəhrəmanlığı sehrli, möcüzəli olur. Belə nağılların ekspozisiyasında uşaqsız ata-anaların arzusu, qəh­­rəmanın qeyri-adi, bəzən də sehrli dünyaya gəlməsi motivi mühüm yer tutur (7, 15).

Nağıl və dastanlarımızda Günəş (od), su, bitki, torpaq möcüzəli qəhrəmanların dünyaya gəlməsində mühüm yer tutur. Məsələn, “Reyhanın nağılı”nda qəhrəman sudan, “Tapdıq” nağılında isə işıqdan dünyaya gəlir.

“Reyhanın nağılı”nda Reyhanın anası Gülcahan qızı itkin düşəndən sonra ondan bir soraq bilməyərək ağlaya-ağlaya bir dağın dibində uzanıb yatır və səhər olan kimi durub deyir:

“ – Əgər mənim bir oğlum olsaydı, Reyhanı axtarıb tapardı. Ax oğul, oğul!..

Gülcahan oğul arzusu çəkə-çəkə evlərinə gəlirdi. Yolda az qaldı susuzluqdan həlak olsun. Birtəhər özünü sürüyüb bir gölməçənin üstünə saldı. Arvad çox sevindi, gölməçədə olan suyu tamam içib qurtardı. Demə Gülcahanın içdiyi su dərya atlarının ayğırının su içdiyi gölməçə imiş. Dərya ayğırı biyabana çıxanda həmişə buradan su içərmiş. Gülcahan bir qədər toxtayıb, yola davam etdi, axşam evinə çatdı. Bir müddət keçdi, bu gölməçə suyundan Gülcahanın boynuna uşaq qaldı. Onun bir oğlu oldu, bəeyni Rüstəm pəhləvan” (1, 130).

“Tapdıq” nağılında isə qəhrəmanın möcüzəli doğuluşu belə verilir: “Övladı olmayan Süleyman tacir şəhərə gəzməyə çıxmışdı ki, qəmi dağılsın. Süleyman tacir bir neçə küçə gəzdi, bir hücrə keçdi, axırda gecə yarı oldu. Süleyman tacir evə tərəf gəlirdi, bir də gördü bir nərilti gəldi, bir işıq qaranlığı yara-yara yerə düşdü. Süleyman tacir bu işə məəttəl qaldı, yavaş-yavaş işıq düşən yerə gəlib gördü ki, burda bir uşaq var. Süleyman tacir öz-özünə dedi: “Xudaya, sənə çox şükür. Yəqin rəhmin gəlib, göydən bu uşağı mənə saldın” (1, 39).

Qeyd edək ki, Cəlayi-Vətən, Şahzadə Mütalib, Ceyran və başqa nağıl qəhrə­manları da ruhdan, divdən, günəşdən və s. fövqəl qüvvələrdən mayalanmış və doğul­muş uşaqlardır.

Prof. M.Kazımoğlu yazır: “Sehrli varlıqların qüdrətinə inam bir çox nağıllarda in­sa­nın qeyri-adi əlamətlərlə təqdim edilməsində də özünü gös­­tərir. Qeyri-adi əla­mət­lər qəhrəmanın doğu­luşundan, onun uşaqlıq çağlarından diqqəti cəlb etməyə baş­layır. Zahi­ri gö­zəl­liyi, fiziki gücü və ağıl-zəkası ilə başqalarından fərq­lənən qəh­rə­man­ların bir ço­xu dərvişin verdiyi sehrli alma­dan, yaxud sehrli quşun yumurta­sın­dan, dərya atı­nın içdiyi sudan və s. törəyən qəhrəmanlardır. Adi bir insan kimi doğu­lan na­ğıl qəhrəmanı isə qeyri-adi varlıqların, tutalım, hansısa aslanın himayəsi altın­da bö­yü­yürsə, dönüb əsl bahadır ola bilir. Bu kimi misallarda himayəçi tərəf adi qüv­və olmaqdan çıxıb sakral mahiyyətli qüvvəyə çevrilir və nağıl qəhrəma­nının ye­nil­məz bahadır kimi yetişməsi həmin sakral qüvvə­nin hesabına mümkün olur” (9, 23).

Rus nağıllarında da içilən sudan möcüzəli doğuluş motivi geniş yayılmışdır. Qəhrəman – qadın suyu içir və ondan hamilə qalır. Onun oğlu dünyaya gəlir. Şimal ruslarının nağılında çariça quyudan su içir, oğlu doğulur, adını İvan Vodoviç qoyurlar.

Suyun bu sakral gücündə – mifoloji təsvirində onun təbiətdəki stixiyasının real funksiyası dayanır. Çünki yaradılış üçün vacib olan substansiyalardan biri məhz sudur. Təsadüfi deyil ki, sonrakı dövrlərdə belə, aqrar və məişət mərasimlərində, həmçinin müalicə təcrübələrində həyati başlanğıc kimi sudan istifadə qalmaqdadır. Əkinçiliklə məşğul olan xalqların mədəniyyətində suyun uşaq vermək funksiyasına xüsusilə tez-tez rast gəlinir. Qeyd edək ki, suyun bu funksiyası – stixiyası magik xüsusiyyətə malikdir. Suyun sakral xüsusiyyəti 2 formada özünü göstərir: suyu içirlər və ya onda yuyunurlar. Bu xristian xalqların mədəniyyətində geniş vüsət almışdır. Rus və Qərbi Avropa xalqlarının folklor nümunələrində möcüzəli – hamiləlik yaradan, cavanlıq və sağlamlıq bəxş edən bulaqlar və quyular məşhurdur.

Möcüzəli doğuluş nəsil artımını simvolizə edən predmetlərlə bağlıdır. Bu predmetlər müxtəlif bitkilərin (qoz, banan, badam) toxum və meyvələri, su, xüsusilə yağış suyu və s. olur. Möcüzəli doğuluş süjetinin digər vacib mifoloji simvolları ay, buynuz və ya buynuzlu heyvan (nəsil artımının universal simvolu), ilandır.

Bir çox nağıllarda da özünü göstərən çay, ağac və soba – bir dünyadan o birinə keçid yeridir. Belə ki, rus folklorşünas alimi V.Y.Propp qeyd edir ki, folklorda tez-tez rast gəlinən sobadan və ya ocaqdan doğuluş motivinin kökləri od kultunun əcdadlar kultu ilə bağlılığına aid olan mərasim və miflərə gedib çıxır (10, 217).

Möcüzəli doğuluş motivində yenidən doğuluş və yenidən canlanma ideyalarını əks etdirən simvolika özünü göstərir. Haqqında bəhs etdiyimiz motivdə yeni doğulan uşağın çox sürətlə böyüməsi, yaşa dolan qəhrəmanın ölməsi və elə yaşa dolan kimi də qayıtması hallarına da rast gəlinir.

Möcüzəli doğuluş mərasimində çay (su), alma (bar gətirən ağac) və soba əhə­miyyətli yer tutur. Süd, su, şeh, yağış torpağın məhsuldarlıq xüsusiyyətinin əsas subs­tansiyalarıdır. İsveçrədə uşaqları müəyyən yaşa kimi çayda çimməyə qoymurdular ki, su onları o biri dünyaya apara bilər.

Doğum ilə alma ağacı, ümumiyyətlə, bar gətirən ağac arasındakı əlaqə haqqında onu demək olar ki, bir çox dünya xalqlarında yeni doğulan uşağı çimizdirən suyu meyvə ağacının dibinə tökürdülər. Fransada və Belçikada belə bir adət olmuşdur ki, doğum keçirən qadına alma verərdilər. Niderland folklorunda isə alma ilə oğlan uşaqları arasında birbaşa əlaqə olduğu öz əksini tapmışdır. Əgər bir ildə almanın məhsuldarlığı çox olarsa, inanılırdı ki, həmin ildə doğulanların çoxu oğlan uşaqlarıdır.

Rus folklorunda İvan Vodıç və İvan Yabloçnik kimi qəhrəmanlarla bağlı nağıllar mövcuddur. Bu nağıl qəhrəmanları içilən sudan, yeyilən almadan doğulmuşlar. Bu da sakral qidadan doğuluşun ola bilməsinə inamın mövcudluğunu göstərir.

Qəhrəmanın ilahi mənşəyi motivinin başqa bir variantı isə onun yetimliyi və ya imtina edilmiş olması ilə əlaqədardır. Dünya folklorunda yeni doğulan uşağın dişi heyvan tərəfindən bəslənilməsi süjeti geniş yayılmışdır ki, bu da əcdad tayfaların heyvan totemləri ilə bağlıdır. Məsələn, oğuz qəhrəmanı Koroğlu, “Manas”dakı Seme­tey, fars çarı (şahı) II Böyük Kir və başqaları buna nümunə ola bilər.

Mədəni qəhrəman haqqında mif kontekstində bu motivlə əlaqədar əkizlər mövzusu mif, nağıl və eposlarda geniş yayılmışdır (Romul və Rem, Satana və Urızmaq). Dünya eposlarının çoxunda qəhrəmanın məğlubedilməzliyi, qeyri-adi gücə malik olması motivi ilə tez-tez qarşılaşırıq (Ziqfrid, Axill, Sosruko, İsfəndiyar). Bu qəhrəmanların yenilməzliyi onların anaları tərəfindən möcüzəli suda çimizdirilməsi və ya odda möhkəmləndirilməsi ilə bağlıdır. Qeyd edək ki, Sosruko (Soslan) osetinlərin “Nart” eposunun qəhrəmanıdır. O, daşdan doğulmuşdur. Homerin qəhrəmanı Axillesi anası Fedita yeraltı Stiks çayında çimizdirmişdir. Ziqfrid isə german-skandinav xalqlarının “Nibelunqların nəğmələri” eposunun mifoloji qəhrəmanıdır. O, öldürdüyü divin qanında çimmişdir.

S.Elcanlının qəhrəmanı Turan xatunun oğlu İgidlər igidinin də mənşəyində Arhun çayının suyu olduğu üçün o, qeyri-adi gücə malik idi.

“Oğlu çayda boğulan ana (Turan xatun) Arhun çayının sahilində saçını yolub, üz-gözünü yırtıb, sinəsini dağıdıb nalə çəkirdi ki, səni görüm, Arhun çayı, bircə balam kimi yoxa çıxasan, itkin düşəsən” (4, 18).

“Səhər açılanda camaat bir-birinə dəydi. Arhun çayı yerli-dibli yoxa çıxmışdı. Bir gecənin içində çayın yatağını ot-əncər, kol-kos elə bürüyüb basmışdı ki, deyirdin bəs min illərdi burdan su axmayıb” (4,19).

“Adamlar heyrət etdilər, peşman oldular, ağlayıb sıtqadılar, tanrını rəhmə gətir­mək üçün ağ atları, qara qoçları qurban kəsdilər, amma gec idi, yazılan yazılmışdı, olacaq olmuşdu...” (4, 19)

Buradan göründüyü kimi, insanlar qurbanvermə ayinini icra edərək öz istəklərini reallaşdırmaq istəsələr də, bu istək baş tutmur. Qeyd edək ki, qurbanvermə ayini tarixən müxtəlif xalqların adət-ənənələri arasında yer almışdır.

Rus alimi S.A.Tokarev məlumat verir ki, inam və mərasimlərin arxaik elementlərini qoruyub saxlayan çukçalarda hər ilin payızında keçirilən maral kəsimi mərasimi qurbanvermə ilə müşayiət olunurdu. Onlar ilahi himayədarlarına qurban kimi ət tikələrini ailə ocağına atırdılar (11, 592).

Çuvaşların adətinə görə isə yeni məhsuldan bişirilən çörəyi, ilk bəhərləri, hətta meşə giləmeyvələri və göbələyi də xüsusi dualarla icra edilən qurbanvermə mə­rasimindən sonra yemək olardı. Rus kəndliləri qədim ənənəyə görə avqust ayında bal, alma və buğdanın ilk yığımı ilə bağlı olan mərasim (spas) keçirirdilər. Bunun üçün Allaha iribuynuzlu mal-qaranın hər hansı növü qurban verilməli idi.

Yazıçı “Qanlı quzğun meydanı” əsərinin finalında min illərdən sonra Arhun adlı atın ruhunun Arhun çayına keçməsini və çayın yenidən çağlamasını belə təsvir edir: “Bu həmin çay idi, suyu can dərmanı, tanrı qisməti olan həmin Arhun nəhri idi. Uzun ayrılıqdan, həsrətdən, qərib-qərib yerlərdə min illərin didərginliyindən, səfil-sərgərdanlığından sonra qayıtmışdı. Bu, Tale ağacının xoş bəxtinə yazılan yazı idi. Bu, sirli alın yazılarının sabahından verilən Qələbə sorağı idi. Bu, ilahi bir qayıdış idi...” (4, 248)

Göründüyü kimi, hər bir folklor materialının yaranmasında bədii xalq təxəyyülünün məhsulu olan mifik dünyagörüş böyük rol oynayır. Bədii obrazlılıq da öz növbəsində mifoloji təfəkkür tipi ilə genetik bağlıdır. Belə ki, mif və bədii ədəbiyyat arasında bütün dövrlərdə əlaqə olmuşdur. Mifologiya bədii ədəbiyyatın canına hopduqca rəngarəng süjetlər, bədii formalar meydana gətirmişdir.




Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin