DəDƏ qorqud dada gorgud elmi-ədəbi toplu


Haylaçı Sənəmin aşıqlarla deyişmələri



Yüklə 1,49 Mb.
səhifə70/131
tarix04.01.2022
ölçüsü1,49 Mb.
#56519
növüXülasə
1   ...   66   67   68   69   70   71   72   73   ...   131
Haylaçı Sənəmin aşıqlarla deyişmələri. Bölgə insanlarının xatirələrində Sənəmin digər bölgələrdən olan aşıqlarla deyişməsinə aid də əhvalatlar yaşayır. Biz belə əhvalatlardan üçünü yazıya ala bildik. Onlardan nisbətən pozulmuş vəziyyətdə olanını bizə Hacıyev Ərəbiddin Molla Teyyub oğlu danışdı: “Tovuzdanmı, hardansa bir aşıx gəlifdi buynan deyişməyə. O aşıx diyifdi ki, mən səni heç cürə başa düşə əlmirəm. Sənəm də deyif, mən səni başa salaram. Bu başdıyıfdı oxumağa. Aşıx Sənəmi helə də tərgiyif çıxıf gedifdi. Adını da deyirdilər o aşığın. Amma indi yadıma düşmür. Bilirsənmi, Sənəm ürəkdən deyir, aşığ da buynan bacarmır. Axı öz sözü yoxdu. Ona görə bacarmır.” Bu rəvayətin daha mükəmməl variantını Rəhmanov Əfqan Zeybəddin oğlundan qeydə aldıq: “Qazma kəndinin aşağı hissəsinə Şambul1 deyirlər. Tovuzlu Aşıq Hüseyn Bozalqanlı ora qonaq gəlib, eşidib ki, burda söz deyən Sənəm adında xanım var. Hansısa yolnan Sənəmnən bu aşığı üzləşdirirlər. Deyilənə görə, bunlar dörd gün, dörd gecə deyişiblər. Axırda heç biri məğlub olmadan bunlar ayrılıblar. Sənəm buna deyir ki, aşıx, qış olsaydı, sənnən uzun-uzadı deyişərdim, amma sahədə tütünüm batır. ” Hər iki söyləyici bizə mətnin, sadəcə, rəvayət hissəsini danışdılar, deyişmə hissəsini isə bilmədiklərini dedilər.

Bayramova Tahirə İsmayıl qızı isə bizə Aşıq Sənəmlə Aşıq Bilalın deyişməsi haqqında məlumat verdi. Onların hər ikisi 1928-ci ilin 5-7 may tarixində keçirilmiş Azərbaycan Aşıqlarının I Qurultayının iştirakçıları olmuşlar. Yeri gəlmişkən qeyd edək ki, Sənəm bu qurultayın yeganə qadın iştirakçısıdır. Həmin vaxt qurultayın sədri Şamaxının Qəşəd kəndindən olan Mirzə Bilal olub. Sonralar Mirzə Bilal repressiya qurbanı oldu. Onların deyişməsi maraqlı süjet əsasında qurulub. Aşıq Bilal Sənəmə eşq elan edir, Sənəm isə yavaş-yavaş bu söhbəti dostluğa yönəldir. Sənəm deyir:

Yağış yağar Şirvana,

Gün doğar hər bir yana.

O deyilmi yar gəlir,

Şam kimi yana-yana.

Sənəm burada Bilalı nəzərdə tutmur, sadəcə, bir məhəbbət mahnısı oxuyur. Bilal deyir:

Şirvan çiçəkdi, güldü,

Yağış yağdı, kəsildi.

Yarım yola çıxacaq,

Hələ Gülüzəndədi.

Ona işarə vurur ki, mənim yarım sən ola bilərsən. Aşıq Sənəm cavab verir:

Gəl dayanaq yan-yana,

Oxuyaq qana-qana.

Açıq söz qəlbi qırar,

Keçmə həcvi-hədyana.


Bilal isə ondan əl çəkmir:

Yetirdim gülə zəndi,

Gülün bağrı zədəndi.

Sən gülsən, mən də bülbül,

Bülbül ki gül üzəndi.

Sənəm deyir:

Çək mizrabı sazına,

Simlər qoy gəlsin cana.

Görən cavab verirmi,

Səsinə, avazına?

Yəni sən mənlə deyişə bilərsənmi? Bilal onda deyir:

Sənəm, xalın dən-dəndi,

Pərişanlıq nədəndi?

Səsin ağlım apardı,

Sözlərinsə üzdəndi.

Yəni sən məhəbbət haqqında ürəkdən danışmırsan. Onda Sənəm deyir ki:

Sənəm qəsd edər cana,

Dost yolunda qurbana.

Tale qismət edəydi,

Bir gələrdim Şirvana.

Bilal:

Bilal əhli-düzdəndi,



Şirvan gülü dizdəndi.

Sən Qəşədə qədəm qoy,

Qulluq etmək bizdəndi və s.

Deyilənə görə, Sənəmin söz ehtiyatını görən aşıqların heç biri onunla deyiş­məyə razı olmamış, yalnız Aşıq Bilal özündə bu cəsarəti tapmışdır.

Söyləyicilərdən Sənəmin dambırçılarla deyişməsinin olub olmadığını soruş­duq­da bu barədə dəqiq bir şey bilmədiklərini dedilər. Bir məclisdə iki dambırçı varsa, bir çox hallarda onların deyişmələrinin şahidi olmuşuq. Bu fikir deyişməyi bacaran dambırçılara aiddir. Dambırçıların heç də hamısı deyişə bilmirlər. Sənəmin də mükəmməl dambırçı olduğunu nəzərə alsaq, güman etmək olar ki, o, öz müasirləri ilə deyişmişdir.

Sonuc. Vaxtında yazıya alınmadığı üçün Haylaçı Sənəmin, eləcə də digər ustad dambırçı və haylaçıların yaradıcılığı haqqında daha dolğun təsəvvür yaratmaq mümkün deyil. Haylaçı Sənəmin öz müasirləri olan dambırçılarla deyişmələri, əgər bu cür deyişmələr doğrudan da, mövcud olubsa, necə deyişməsi, onu məclislərdə meyçilərin1, nağaraçıların müşayiət etməsi, əgər edirdisə, kimlərin etməsi və s. haqqında əlimizdə dəqiq məlumat yoxdur. Prof. Əzizə Cəfərzadə zamanında ondan 213 haylanı toplayıb nəşr etdirməsəydi, bu gün Sənəmin haylalarından da əlimizdə çox az qalmış olardı. Hərçənd ki, bir məclis zamanı yaxşı haylaçının heç olmasa, 50-60 hayla dediyini nəzərə alsaq, Sənəm kimi haylaçı üçün 213 hayla çox azdır. Amma yenə də bu haylalar Haylaçı Sənəmin yaradıcılığı haqqında bizdə müəyyən təsəvvür yaradır. Kaş ki, zamanında digər dambırçıların da söylədiyi haylalar beləcə toplanıb nəşr olunardı. Odur ki, Əzizə xanımın ruhu qarşısında baş əyirik!


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin