1.3. Xarici iqtisadi siyasət və Beynəlxalq iqtisadi siyasət konsepsiyaları.
İqtisadi siyasət konsepsiyası hər bir ölkənin xarici iqtisadi siyasətinin müəyyənləşdirilməsində mühüm əhəmiyyət kəsb edir. Belə ki, bu siyasətin balanslaşdırılmış təşkilində ölkənin milli iqtisadiyyat maraqlarının qorunması, onun beynəlxalq aləmdə imicinin artması, dünya bazarı proseslərində fəallığının yüksəlməsi və dünya ölkələri arasında rəqabət qabiliyyətinin gücləndirilməsi məsələləri ilə bilavasitə bağlıdır.
Qeyd etmək lazımdır ki, beynəlxalq iqtisadi siyasət konsepsiyası xarici iqtisadi siyasət konsepsiyasına nisbətən az dövrü əhatə edir. XX əsrin ortalarında xarici iqtisadi siyasət əsasən təkmilləşərək beynəlxalq iqtisadi konsepsiya formasında dünya iqtisadiyyatına güclü təsir göstərməyə başlamışdır.
Beynəlxalq iqtisadi siyasət konsepsiyası iki və daha çox ölkə üçün beynəlxalq iqtisadi əlaqələrin təşkili, nizamlanması, inkişafı üçün alət və vasitələrdən ibarətdir. Beynəlxalq iqtisadi siyasət mahiyyətinə görə sənaye təyinatlı və yaxud coğrafi prinsiplər əsasında formalaşdırılır. Məsələn, hər hansı bir regionda, bu regionların Qərbi Avropada, Şimali Amerikada və yaxud Cənub-Şərqi Asiyada yerləşməsindən asılı olmayaraq, regional oxşarlıq baxımından bu cür beynəlxalq iqtisadi siyasət konsepsiyaları bir-birinə yaxın ola bilərlər.
Qlobal beynəlxalq iqtisadi siyasəti isə - bu siyasətin elementlərinin dünyanın müxtəlif regionlarını, dünya təsərrüfat sisteminin inteqrasiya məkanlarını əhatə etdiyi proseslər nəzərdə tutulur. Məsələn, bütün dünya ölkələrinin narahatlığına səbəb olan və ümumdunya koordinasiyasını tələb edən ətraf mühitin mühafizəsi,demoqrafiya problemləri, aclıq və yoxsulluq, işsizlik problemləri və sair. Adətən, bu tip qlobal beynəlxalq iqtisadi siyasətlərli beynəlxalq qurumlar, məsələn Birləşmiş Millətlər Təşkilatı və digərləri formalaşdırır.
R.N. Kuperin fikrincə hər bir ölkə əgər öz iqtisadi siyasətini formalaşdırma zamanı başqa ölkələrin qarşısında duran strateji vəzifələrə zidd olmayan vəzifələr qoyduğu halda, beynəlxalq iqtisadi siyasətin formalaşması və koordinasiya edilməsi mümkün olur. Bu tip proseslər iki amildən xüsusilə asılıdır:
müxtəlif ölkələrin təşkilatları, təsərrüfat subyektləri, xarici iqtisadi əlaqələr iştirakçıları qarşılıqlı beynəlxalq iqtisadi əlaqələri yaratmağa, kooperasiya əlaqələrini gücləndirməyə maraqlıdırlar;
bir ölkənin balanslaşdırılmamış iqtisadi siyasəti digər ölkənin iqtisadi maraqlarına zidd olduğundan, bu tip iqtisadi siyasət formalarının koordinasiyası zərurəti yaranır.
Digər tərəfdən, müasir qloballaşma şəraitində hər hansı bir ölkənin qapalı iqtisadi siyasətinin uğurlu nəticələr əldə etmək imkanı məhdud olduğundan dünya ölkələrinin əksəriyyəti xarici iqtisadi siyasətini və beynəlxalq iqtisadi siyasi konsepsiyasını formalaşdırarkən, dünya təsərrüfat prosesində baş verən iqtisadi transformasiyaları nəzərə alırlar.
Qeyd etmək lazımdır ki, sosializm sisteminin süqutu ilə əlaqədar olaraq, yeni dövlətlərin yaranması və dünya iqtisadiyyatında innovasiyaların sürətli tətbiqi xarici iqtisadi və beynəlxalq iqtisadi siyasət konsepsiyalarının təkmilləşdirilməsini tələb edir və yaxın 15-20 il ərzində bu proseslərin sürətlənməsi gözlənilir.
Dostları ilə paylaş: |