Ödəniş balansının strukturu - müxtəlif metodlarla müəyyənləşdirilir və hazırda əsas etibarı ilə BVF-nun ödəniş balansı maddələri üzrə təsnifatından daha çox istifadə edilir. Bunlar əsasən 2 iri bölmə kimi formalaşmışdır:
ticarət bölməsi;
maliyyə bölməsi.
Xarici-iqtisadi əməliyyatlara və ödəniş balansında öz əksini tapan geniş yayılmış maddələr aşağıdakılardır:
mal və xidmətlər mübadiləsi;
qızıl və qiymətli sənədlərlə mal və xidmət alqı-satqısı;
əmtəə, xidmət və gəlirlər üzrə əməliyyatlar;
qiymətli daş ekvivalentdə (qızıl və s.), sərbəst valyuta ilə borc və öhdəliklərin, maliyyə tələblərinin, mülkiyyət formalarının mübadiləsi, əməliyyatlar;
qarşılıqlı pul-valyuta köçürmələri və s.
Azərbaycan müstəqillik əldə etdikdən sonra, xarici-iqtisadi konsepsiyasını formalaşdırarkən, iqtisadi inkişaf proseslərini sürətləndirdikcə və beynəlxalq iqtisadi əlaqələri genişləndirdikcə, ödəniş balansının tərtib edilməsinə və bu sahədə müstəqil siyasətin aparılmasına ciddi zərurət duyulurdu. Bu amillər nəzərə alınmaqla, 1995-ci ildən etibarən Azərbaycanda ölkənin Milli Bankı (hazırda Mərkəzi Bankı) tərəfindən BVF-nun tövsiyyələri əsasında tərtib edilməyə başlanılmışdır. Bu balansda xarici-iqtisadi əlaqələr və beynəlxalq iqtisadi əməkdaşlıq çərçivəsi üzrə baş verən əməliyyatlar - carı əməliyyatlar, xarici ticarət balansı, idxal-ixrac, xidmət, nəqliyyat, yük və sərnişin daşımaları, turizm, işgüzar və şəxsi səfərlər, rabitə, tikinti, sığorta, maliyyə xidmətləri, hökümət və işgüzar dairələrin xidmətləri, gəlirlər, carı transferlər, kapital və maliyyə hərəkətləri, investisiyalar, bonuslar, və digər aktivlər, passivlər və sairlər öz əksini tapır.
1.6. Xarici investisiya siyasəti.
Xarici investisiyalar - beynəlxalq kateqoriyalı investisiya fəaliyyətidir və bu proseslərdə bir ölkənin rezidentləri - investorları digər ölkənin təsərrüfat subyektləri, kompaniyaları üzərində nəzarət imkanı əldə edir. Bu halda investorlarla bu tip müəssisələr arasında uzunmüddətli əməkdaşlıq prosesləri güclənir, investor tərəfindən müəssisəyə uzunmüddətli kredit resursları cəlb edilir, yeni texnologiyalar, avadanlıqlar, menecment resursları gətirilir.