4.1.2.4. Dini ayin və mərasimlər İudaizmdə dini ayinlər olduqca sadədir. İbadət zamanı yəhudilər “Tövrat”
oxuyur və dua edirlər. Yəhudilər kollektiv ibadətləri sinaqoqda yerinə yetirirlər.
Kollektiv ibadətin keçərli olması üçün ən azı on nəfərin iştirak etməsi şərtdir.
Bu dini tələb yəhudilikdə “minyan” (ibrani dilində “say, hesablama, hesab”
deməkdir. –Red.) adlanır. Yəhudi dinin mənsubları ibadət edərkən kişilər
başlarına “kipa” yaxud “yarmolke” adlanan baş geyimi qoyurlar. Ənənəvi
yəhudiliyin hökmlərinə görə, qadınların kollektiv dini ayinlərdə iştirak etmək
ixtiyarı yoxdur. Onlar yalnız sinaqoqda ibadəti izləyə bilərlər.
Yəhudilikdə dini ayinlər əksər hallarda ibrani dilində, bəzən isə arami
dilində yerinə yetirilir. Həftəlik şənbə günü ibadəti iudaizmdə ən əsas dini
ayinlərdən sayılır. Belə ki, şabat (ibrani dilində “şənbə” deməkdir. –Red.)
yəhudilikdə müqəddəs gün sayılır. Yəhudilər inanırlar ki, Tanrı yeri, göyü və
bütün məxluqatı yaratdıqdan sonra yeddinci gün, yəni şənbə günü istirahət
etmişdir. Odur ki, yəhudilikdə şənbə günü hər hansı dünya işi görmək qadağandır.
Şabat vaxtı yalnız dua edib ibadətlə məşğul olurlar. Bu dini ayinlər həm evdə,
həm də sinaqoqda həyata keçirilir.
İudaizmin dini ayinləri haqqında bəhs edərkən, mütləq yəhudi
bayramlarına da toxunmaq lazımdır. Çünki həmin bayramlar xüsusi dini
ayinlərin yerinə yetirilməsi ilə qeyd edilir. Yəhudilikdə aşağıdakı bayramlar
mövcuddur:
1. Roş ha-Şana. Yəhudilərin yeni il bayramıdır. Bu bayram tişrey
ayının (yəhudi təqviminin yeddinci ayı. –Red.) ilk günündə qeyd olunur.
İudaizmə görə, Roş ha-Şana – mənəvi yenilənmə vaxtıdır. Bu bayram vaxtı
sinaqoqlarda səhər ibadəti vaxtı Şofar (qoç buynuzundan düzəldilmiş nəfəs
musiqi aləti. –Red.) çalınır. Bunun məqsədi insanları tövbəyə çağırmaq və
məhşər gününü xatırlatmaqdır;
2. Yom-Kippur. İudaizmin ən mühüm bayramlarından biridir. Tişrey
ayının (yəhudi təqvimində ayın adı. –Red.) 10-cu günündə qeyd olunan
Yom-Kippur günahların Tanrı tərəfindən bağışlanmasını və tövbəni təcəssüm
etdirir. Bu gün yəhudilər özlərini ibadətə həsr edir, oruc tutur, günahlarının
bağışlanmasını Tanrıdan diləyirlər;
3. Sukkot. Yəhudilərin qədim Misirdən çıxdıqdan sonra Sina çölündə
161
MİLLİ DİNLƏR
qırx il dolaşmalarına həsr olunub.