[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik
Dad üzvləri və dad duyğuları. Dad, kimyəvi maddələrin müəyyən molekulyar konfiquriyasiyaları, əlamət və xassələri ilə əlaqədar olaraq yaranan hissi reaksiyalardır. Dad hissi kimyəvi maddələrin sulu məhsullarının dad üzvlərinə, onların reseptorlarına təsiri zamanı yaranır. Əsas dadlar turş, duzlu, acı və şirin dadlardır.
Əksər onurğasızlarda xüsusi dad reseptorları və dad üzvləri inkişaf etməmişdir. Bəzi onurğasızlarda dad resepsiyası az-çox
364 öyrənilmişdir. Dad sensor sistemi əsas etibarı ilə qidalı maddələrə həssaslığı ilə fərqlənir. Dad sensor modallığı olan hüceyrələr onurğasızların bəzi növlərində bədən səthinin müəyyən yerlərində cəmləşmişdir. Dəyirmi qurdlarda (nematodlar) qoxu və dad orqanı kimi ağız aparatının yanında və quyruğunun sonunda yerləşən amfida aparatı fəaliyyət göstərir. İlbizlərdə və osminoqlarda dad reseptorları ağızətrafı qollarda, bəzi boğumayaqlılarda isə ayaqların tükcüklərində lokallaşmışdır. Onurğasızların dad orqanlarının xarakterik morfoloji əlaməti mikroxortumcuqlara, çuxurları və ya dəlikləri olan sensillərə malik olmasıdır; qidalı maddə suda və ya şirədə həll olunmuş formaya keçdikdən sonra xortumcuqlara sorulur, yaxud sensilyar aparatın çuxurlarına və ya dəliklərinə daxil olur və dad reseptorlarını oyadır.
Həşəratlarda dad resepsiyasının fiziologiyası ən yaxşı halda atmilçəyində öyrənilmişdir. Detye (Dethier, 1979) müəyyən etmişdir ki, bu həşəratda dad sensor hüceyrələri xortumcuqdakı sensor tükcüklərində (labellumlarda) və ayaqların distal seqmentlərində yerləşir. Hər labbellum 4 növ sensor hüceyrədən ibarətdir ki, onlar ayrı-ayrı tip kimyəvi molekullara qarşı seçici həssaslığa malikdir. Bu reseptor hüceyrələr suyun, şəkərin və duzların dadına həssaslıq göstərirlər. Milçəyin bir sensor tükcüyünün qatı şəkər məhlulu ilə stimulə edilməsi onda xortumcuğu geriyə dartma davranış reaksiyası doğura bilər. Həşəratda dad hisslərinin spektri və intensivliyi orqanizmin aclıq vəziyyətindən asılıdır. Detye göstərir ki, həşəratda sensor tükcük hüceyrə öz bioelektrik fəallığının xarakterik spektri ilə seçilir, deməli, həşəratın mərkəzi qanqlionar sinir sistemi kimyəvi maddələri bir-birindən fərqli maddələr kimi xarakterizə etmək üçün kifayət qədər sensor informasiya kombinasiyaları ola bilir.
Onurğalı heyvanlar üçün qidalanma tərzi ilə dad orqanlarının yerləşməsi və sayı arasında korrelyasiya xasdır. Əksəriyyət onurğalılarda dad reseptorları və onların yerləşdiyi dad soğanaqları əsasən ağız boşluğunda dil və dodaqlarda, udlaq və qırtlaqda lokallaşmışdır. Müxtəlif siniflərə mənsub olan onurğalılarda dad soğanağlarının sayı müxtəlifdir. Məsələn, balıqlarda 20 minə
365 qədər, sürünənlərdə 200-ə qədər, quşlarda 50-400, məməlilərdə 2 minə yaxın dad soğanağı olduğu göstərilir.
Dadların qavrayışı heyvanların yaşadıqları ekoloji şəraitdən də asılıdır. Həşəratlar və xırda heyvanlarla qidalanan bir çox quş növləri şirin maddələrə (şəkərlərə) laqeyiddir, amma turş maddələrə həssasdırlar, bitki nektarları və meyvələrlə qidalanan quş növləri, əksinə, şəkərə daha həssasdırlar. Məməlilərin dilin səthində olan şırımabənzər dad məməcikləri acı maddələrə, göbələyəbənzər dad məməcikləri isə şəkərli maddələrə həssaslıq göstərirlər.
Dad məməciyi 10-15 reseptor hüceyrədən və bir neçə dayaq hüceyrədən ibarət olub, selikli qişanın çoxqatlı epitelisi altında yerləşir. Dad reseptorları dağılıb bərpa oluna bilirlər. Onların ömrü 3 sutkadan 20 sutkaya qədərdir. Aşağıdakı şəkildə (şəkil 8.5) insanın dilində lokallaşan müxtəlif dad zonaları, dad məməciklərinin ayrı-ayrı tipləri, dad tumurcuğunun ultrastrukturu və inervasiyayası sxematik olaraq göstərilmişdir.