«Ötürülmə» fenomeni və ritmik reflekslər. Ötürülmə refleksi dedikdə, bir refleksin dərhal başqa əks refleksə keçməsi nəzərdə tutulur. Belə ki, qüvvətli bükücü refleks verən qıcıq kəsildikdən sonra, həmin ətrafın açıcı əzələləri təqəllüsə gəlir və bükülmüş ətrafın açılmasına səbəb olur.
Zəncir reflekslər. Hər hansı bir ətraf büküldükdən sonra, özözünə də açılır. Demək, bir refleks ikinci refleksin, ikinci refleks isə onun əksinə olan üçüncü, dördüncü və i.a. reflekslərin meydana çıxmasına səbəb olur. Digər refleksi törədən və onun yerinə keçən bu cür mürəkkəb reflektor hərəkət aktları zəncir refleksləri 207 adlanır.
Zəncir reflekslərə onurğa beyni kəsilmiş it üzərində aparılan təcrübələri misal göstərmək olar. Belə itlərdə bir qıcığa qarşı arxa ətrafın əzələləri normal yeriş zamanı müşahidə olunan bir sıra ritmik hərəkətlər verir.
Ritmik reflekslər. Bəzən zəncir refleksləri zamanı eyni sadə reflektor aktlar müəyyən ardıcıllıqla, ritmik şəkildə təkrarlanır. Belə reflekslər ritmik reflekslər adlanır. Qurbağanın silmə refleksini, itin qaşınma refleksini və s. buna misal göstərmək olar.
Qayıdan əlaqə prinsipi. Bu və ya digər afferent qıcıqlandırıcılarla törədilən bütün hərəki aktlar əzələlərdə, vətərlərdə və oynaq kisələrində yerləşən propreoreseptorların oyanması ilə müşayiət olunur. Bunlardan sinir impulsları mərkəzi sinir sisteminə daxil olur. Əgər insanın yerişi görmə ilə tənzim olunursa, onda proprioreseptor impulslara görmə siqnalları da qoşulur. Digər tərəfdən hərəkət hər hansı bir səsin (məsələn, barmaqlar royalın dillərini sıxırsa) əmələ gəlməsinə səbəb olursa, onda mərkəzi sinir sisteminə səs siqnalları daxil olur.
Orqanizmdə orqanlar və toxumaların fəaliyyəti nəticəsində meydana çıxan belə impulslar ikinci afferent impulslar adlanır ki, bunlar da orqanizmin və ya onun ayrı-ayrı hissələrinin fəaliyyətinə səbəb olan birinci impulslardan fərqlənir. İkinci afferent impulsların koordinasiya hadisəsinin mexanizmində çox böyük əhəmiyyəti vardır.
İkinci afferent impulsların həyata keçirdiyi funksiya texnikada «qayıdan əlaqə» adını almışdır.
Qayıdan əlaqə müsbət və mənfi ola bilər. Müsbət qayıdan əlaqə o vaxt baş verir ki, periferiyadan gələn impulslar hər hansı reflektor reaksiyaları gücləndirir. İmpulsların reflektor reaksiyaları ləngitməsi mənfi qayıdan əlaqə adlanır. Çox vaxt müsbət və mənfi qayıdan əlaqələr birlikdə fəaliyyət göstərir. Belə ki, skelet əzələlərində meydana çıxan hər hansı refleks bir mərkəzi oyadır, digərini isə ləngidir. Sinir mərkəzlərilə işçi aparat arasındakı bu cür əlaqə qanunauyğun şəkildə effektlərin, başqa sözlə, hərəkətlərin baş verməsinə səbəb olur.