4.“Statistik asililiq” və determinasiya” anlayişlarina əsaslanmiş əlaqə ölçüləri
Əlaqə əmsallarını istifadə etməyin iki məntiqi sxemi. Qoşulma cədvəli üçün lokal əlaqə ölçüləri. Yul əmsalı. Determinasiya anlayışı. Determinasiyanın intensivliyi və həcmi. Ehtimalın qiymətləri. Əlaqə ölçülərinin həqiqi – saxta qiymətləri. 2 (xi - kvadrat) kəmiyyəti haqqında anlayış. E.Pirsonun qarşılıqlı qoşulma əmsalı. Əlaqə əmsallarının qiymətlərinin əhəmiyyəti. Etimad intervalı.
Əlaqənin anlanmasının empirik interpretasiyası üçün kontekst təşkil edən dixotomik anlayış cütünün nəzərdən keçirilməsi təbii olaraq bizi böyük miqdarda cüt əlaqə əmsallarının mövcud olmasının zəruriliyi haqqında nəticəyə gətirib çıxardı. Hər bir əlaqə ölçüsü (hər bir əlaqə əmsalı) elə şəkildə tətbiq olunur ki, onun qiymətləri ya sıfırdan birə kimi, ya minus birdən plyus birə kimi dəyişsin. Bu bütün əmsalları birləşdirən yeganə şeydir. Sosioloqun qarşısında bununla əlaqədar həmişə çətin bir sual durur ki, əlaqəni necə başa düşməli və əlamətlər arasındakı qarşılıqlı əlaqəni öyrənmək üçün hansı əmsalı seçməli. Bəzən belə bir illüziya yaranır ki, cürbəcür əmsalların qiymətini əldə etdikdən və onları öz aralarında müqayisə etdikdən sonra əlamətlər arasındakı əlaqə qüvvəsi haqqında etibarlı nəticə çıxarmaq olar. İş ondadır ki, ancaq əlaqənin eyni cür anlanmasına əsaslanan əmsalları müqayisə etməyin mənası vardır.
Adətən iştirakçı – sosioloqun əsəbləşməsinə həm də o səbəb olur ki, əmsalların qiymətləri üzrə müxtəlif tədqiqatlarda əlaqə qüvvəsini müqayisə etmək olmaz. Əgər bir tədqiqatda əmsal 0,5-ə bərabərdirsə, digərində isə eyni əmsal elə həmin əlamətlər üçün 0,6-a bərabərdirsə, təsdiq etmək olmaz ki, ikinci birincidən böyükdür. Axı sosioloq əlaqəni analiz edərək həmişə “Nə qədər təsir edir / təsir etmir...?”, “Nə qədər asılıdır / asılı deyil...?” suallarına cavab axtarır. Əmsallar isə çox vaxt bu suallara cavab vermirlər. Əlaqəni anlamaq üçün onların öz dili vardır ki, onu başa düşmək vacibdir. Ancaq o zaman onları belə suallara cavab kimi istifadə etmək mümkün olur.
Hər hansı bir əmsaldan düzgün istifadə etmək üçün, hər şeydən əvvəl onun bütün imkanlarını bilmək lazımdır və onun sosioloqa verə bilmədiyi şeyi ondan tələb etmək lazım deyildir. Sosioloji tədqiqatlarda əmsalların öz qiymətləri bir qayda olaraq kiçik olurlar. Belə bir qəribə mənzərə müşahidə olunur ki, bu zaman analiz olunan bütün əlamətlər bir – biriləri ilə əlaqədədirlər, amma bu əlaqə çox zəifdir (qarşılıqlı əlaqə ölçülərinin qiymətlərinə görə). Bunun nəyə görə baş verdiyi aydındır. Biz əlaqə cütlərinin köməyi ilə iki əlamət arasındakı vasitəsiz əlaqələri nəzərdən keçiririk, sosiologiyada isə hər şey vasitə ilə ifadə olunur. Başqa sözlə desək, bizim əlamət cütümüzə çoxlu digərləri təsir göstərirlər. Onların necə əlamət olduğu çox vaxt məlum olmur. Buna görə də ayrıca götürülmüş əlamətin istifadəsi ancaq müqayisəli konteksdə və ancaq bir tədqiqatın çərçivəsində ola bilər. Məsələn, əlaqənin cüt əmsalının istifadəsinin iki məntiqi sxeminin olması mümkündür.
Birincisi aşağıdakından ibarətdir. Aralarındakı əlaqələri ilə sosioloqu maraqlandıran bütün əlamətlərin məcmusundan hər hansı bir vacib, baş, asılı, məqsədli əlamət seçilir və onun digərləri ilə cüt əlaqələri nəzərdən keçirilir. Ən sadə halda sonuncular bir növ bir – birindən asılı olmayan və məqsədli əlamətə müəyyən dərəcədə təsir edən kimi hesab olunurlar. Əmsalın qiyməti hesablanır və bu qiymətlər üzrə bütün müstəqil əlamətlərin məqsədli əlamətə təsir dərəcəsinə görə ranjirlənməsi prosedurası keçirilir. Daha sonra, xüsusi keyfiyyət analizi əsasında müstəqil əlamətlərdən məqsədli əlamət ilə daha sıx bağlı olanlar seçilirlər. Bu üsul sırf praktikadır və nəzəri olaraq əsaslandırılmaya da bilər. Təəssüf ki, sosioloq hər addımda belə qayda pozmalarına yol verməli olur. Analizin belə məntiqi sxemi sosioloqu əlamətlər arasında səbəb – nəticə münasibətlərinin yeni hipotezlərinin formalaşmasının zəruriliyinə aparıb çıxara bilər.
İkinci sxem analiz olunan bütün əlamətlərin içindən məqsədli əlaməti seçib ayırmağın mümkün olmadığı (məzmunlu mənasızlıq) situasiyada meydana çıxır. O zaman mümkün olan bütün əlamət cütləri üçün əlaqə əmsalı hesablanır. Müəyyən olunmuş həddin (əmsal qiymətinin) köməyi ilə əmsalın qiyməti ilə olan bütün əlaqələr – hansılar ki, həmin həddən kiçikdirlər – kəsilir. Qarşılıqlı əlaqələrin struktur qrafası qurulur ki, burada təpələr əlamətlərdir, böyürlər isə onalrın arasındakı əlaqədir. Hesab edək ki, bizim əlimizdə hər hansı bir altı əlamət vardır və hər hansı bir əmsalın qiyməti hesablanmışdır. Şəkil 3.4.1-də və şəkil 3.4.2-də iki qrafa verilmişdir.
Şəkil 3.4.1 Əlaqə qrafası Şəkil 3.4.2 Əlaqə qrafası
Onlardan birincisi çoxlu miqdarda əlaqə ilə alınacaqdır, ona görə ki, həddin kiçik qiyməti müəyyən olunmuşdur. İkinci qrafa çox az miqdarda əlaqə ilə alındı, ona görə ki, böyük qiymətli hədd müəyyən olunmuşdu. Əmsalların qiymətlərini göstərməyin heç bir mənası yoxdur. Bizə bu proseduranın ancaq məzmunca mənası lazımdır. Birinci qrafada əhəmiyyətsiz əlaqələr də təsvir oluna bilirlər, ikincisində isə, əksinə, əhəmiyyətli əlaqələr itirilə də bilərlər. Əlamətlərin məzmunundan asılı olmayaraq həddin seçimi prinsipi həmişə iterativ xarakter daşıyır və meyarları həmişə keyfiyyət meyarlarıdır. Belə məntiqi sxem sosioloqu sosial faktorlar haqqında hipotezin formalaşdırılmasına tərəf aparıb çıxara bilər. Çünki biz ikinci sxemdə, məsələn, iki faktorlu sindrom, yəni qarşılıqlı əlaqədə olan iki qrup müşahidə edirik ki, bu da əmsalların formalaşdırılması üçün əsasdır.
Bu məntiqi sxemlər əlamətlər məcmusunun qarşılıqlı əlaqə strukturunun öyrənilməsinin iki ən sadə məsələləri tərəfindən törənmişdir. Onlar əlaqənin cüt əmsallarına əsaslanırlar ki, onların nəzərdən keçirilməsinə başlayırıq. Bununla yanaşı qarşımızda çətin məsələ durur. Bir tərəfədən, hətta sosioloji ədəbiyyatda əlaqə əmsallarını təmsil edən çoxlu kitablar mövcuddur [3, 8, 9, 11]. Digər tərəfdən isə tələbə - sosioloqlar bu qəbildən olan materialı böyük çətinliklə qəbul edirlər. Bu situasiyanı nəzərə alaraq, biz ancaq bəzi əmsalları nəzərdən keçirəcəyik. Əsas diqqəti ancaq bu və ya digər əmsal qrupunun əlaqənin hansı anlamında əsaslandırılmasına və əlamətlər arasında cüt qarşılıqlı əlaqələrin analizinin dilinin spesifikasına vermək lazımdır. Riyazi əsaslara toxunmayacayıq, onları sizin təhsilinizin növbəti mərhələsində mənimsəmək üçün saxlayırıq.
Dostları ilə paylaş: |