Soya – Соя – Geysine. Paxlalılar (Leguminosales) fəsiləsinə aid birillik bitkidir. 10 növü vardır ki, bunlardan biri – Geysine hispida Max. mədəni növ kimi daha çox becərilir. Paxlalılar içərisində becərilməsinə və istifadəsinə görə birinci yeri tutur. Bu texniki, ərzaq və yem bitkisi kimi müxtəlif məqsədlər üçün istifadə olunur.
Soyanın tərkibində 24-45% zülal, 13-37% yağ, 20-32% karbohidratlar, 4-5,8% mineral maddələr, 12 mq/kq B1, 23 mq/kq PP, 3,5 mq/kq B2 və 5 mq/kq karotin (provitamin A) vardır.
Soya zülalında qida üçün əhəmiyyətli aminturşular (lizin, triptofan, metionin, sistin və s.) olduğundan heyvani zülala yaxındır və həzm olunmasına görə süd kazeininə yaxındır. Ona görə də soyanı «bitki əti» adlandırırlar. Soya unundan süd, kəsmik, sadə qatıq, qənnadı məmulatı, müxtəlif qida qatmaları hazırlanır. Soya unundan çörəkbişirmədə, qənnadı sənayesində, kolbasa istehsalında da məhsulları yağ və zülalla zənginləşdirmək məqsədilə istifadə olunur. Soya yağı dünyada istehsal olunan bitki yağları içərisində əsas yerlərdən birini tutur. Soya yağından marqarin, sabun və digər texniki məhsullar alınır. Bəzi bölgələrdə soyadan yaşıl gübrə alınmasında da istifadə edilir.
Soya yağı tərkibinə görə kərəyağına yaxındır. Onun tərkibində F vitamini fəallığında doymamış yağ turşuları, tokoferol (E vitamini) və fosfatidlər vardır. Ona görə də soya yağı ilə hazırlanan xörəklər yaşlı insanlar, xüsusən də piylənmədən və aterosklerozdan əziyyət çəkənlər üçün çox xeyirlidir.
Rafinəedilmiş soya yağı kulinariyada istifadə olunmaqla ondan kərəyağı quruluşlu marqarin alınmasında və soya lesitinindən müxtəlif ərzaq məhsullarının zənginləşdirilməsində istifadə olunur. Əsəb sisteminin, qanazlığının və ümumi zəifliyin müalicəsində iribuynuzlu heyvanların beynindən alınan «leysitin-cerebro» adlı lesitin preparatı alınır. Belə lesitin təmizlənməmiş soya yağının tərkibində vardır.
Soya dənindən bişirilmiş, qovrulmuş və qurudulmuş halda istifadə edilir. Soyadan qəhvə içkiləri, yarma və şorba hazırlanır. Soyadan yağ aldıqdan sonra yerdə qalan cecədən dadlı, qidalı şokolad və konfet məmulatı hazırlanır. Soya ununu 1:7 nisbətində su ilə qarışdırıb soya südü əldə edirlər. Həmin südü xüsusi emaldan keçirib dadına, rənginə və qidalılığına görə təbii süddən seçilməyən məhsul əldə edirlər. Soya südünün tərkibində zülal, yağ, A, D və E vitaminləri vardır. Soya südü kəsmik və pendir istehsalı üçün də yararlıdır. Çində hələ 2000 il bundan əvvəl soyadan süd və pendir istehsal olunurdu. Çin mətbəxində soyadan müxtəlif dadlı və qidalı xörəklər hazırlanır. Soyada karbohidrat az olduğundan, diabet xəstəliyində də ondan istifadə edilir.
Dostları ilə paylaş: |