Yemişan – Боярышник – Crataegus sanguinea Pall. Gülçiçəklilər (Rosaceae) fəsiləsindəndir. Şimali Amerikada 200-dən çox, Qafqazda 14, Azərbaycanın dağ-meşə rayonlarında 9 müxtəlif ağac və kol növləri yayılmışdır. Azərbaycanda cır yemişanların forma müxtəliflikləri çoxdur. Iri meyvəli yemişanlar isə dağlıq rayonlarda bağ meyvəsi kimi becərilir. Oğuz, Qəbələ, Lənkəran, Astara, Şəki, Zaqatala, Quba, Qusar, Qonaqkənd, Şuşa, Ismayıllı rayonlarının meşəliklərində yemişan bitkisinə daha çox təsadüf olunur. Respublikamızda bitən yemişan bitkilərini ilk dəfə elmi əsasda tibb elmləri doktoru, prof. D.Y.Hüseynov öyrənmişdir.
Ağac və ya iri kol bitkisi olan yemişanın növbə ilə düzülmüş yumurtaşəkilli yarpaqları vardır. Yarpaqlarının kənarları diş-diş, ağ rəngli nəzəri cəlb edən ətirli çiçəkləri vardır. Uzunsov, kürəşəkilli giləmeyvəyə oxşayan, ətli və şirəli meyvəsi olur. Yetişəndə qırmızı rəngə boyanan meyvələrinin içərisində açıq sarı rəngli toxumları olur. Meyvəsinin azca büzüşdürücü dadı vardır. Yemişan may-iyun aylarında çiçək açır, meyvələri avqust-sentyabrda yetişir. Meyvələri qırmızı və qaradır. Meyvələri yumru və bir qədər yastı olur. Ətliyi yumşaq və bir qədər kövrəkdir. 3-4 ədəd çəyirdəyi (bəzən 2 və ya 5 ədəd) vardır. 10-15 yaşından başlayaraq meyvə verir və 200-300 il ömür sürür.
Yemişanın meyvələri xoşa gələn dadlı, şirəli, şirin və meyxoşdur. Yemişanın tərkibində 3,78-7,97% şəkər (əsasən qlükoza və fruktoza; saxaroza isə azdır), 0,46-0,81% üzvi turşu (alma, limon, şərab və s.), 0,46% aşılayıcı və rəngləyici maddə, 1,5% pektinli maddə, 2,3% sellüloza, 0,92% azotlu maddə, 1,26% pentozanlar vardır. Yemişanda, həmçinin, fitosterinlər, flavonoidlər, saponinlər, qlükozidlər, karotin, xolin, vitamin C və b. maddələr vardır. Yemişanın toxumunda 30-37% yağ, çiçəklərində isə 1,5% efir yağı olur.
Yemişan təzə halda yeyilir, ondan kompot və kisel, lavaşana hazırlanır, sirkə qoyulur və araq çəkilir. Meyvələrini qurudub üyütdükdən sonra, unla qarışdırıb çörək bişirirlər. Qovrulmuş meyvələrdən qəhvə əvəzedicisi, yarpaqlarından isə çay içkisi hazırlamaq olar.
Yemişan qiymətli balverən bitki olub, hər çiçəyi 0,5 mq nektar verir. Nektarın tərkibində 64,4% şəkər olur.
Yemişanın oduncağı bərk və möhkəm olduğundan, xarrat məmulatının hazırlanmasında işlədilir. Yemişanın yarpaqlarından və oduncağının qabığından alınan boya maddəsi parçaları qırmızı və qəhvəyi çalarlı rəngə boyayır.
Dostları ilə paylaş: |