Qırmızı istiot, saplaqlı acı istiot – Перец красный – Capsicum Annuum L. Badımcançiçəklilər (Solanaceae) fəsiləsinə aiddir. Növlərindən acı istiot (Capsicum annuum L.), kayen istiotu (Capsicum Fastigiatum B.L.) və şirin istiot (Capsicum longum D.C.) daha çox yayılmışdır. Saplaqlı istiotun vətəni Mərkəzi Amerika (Meksika və Qvatemala), Kayen istiotunun vətəni Cənubi Hindistandır.
Meyvəsindən təzə, konservləşdirilmiş şəkildə və qurudulduqdan sonra üyüdüb ədviyyə kimi istifadə edirlər. Tropik ölkələrdə qırmızı istiot çoxillik, Azərbaycanda isə birillik bitki kimi becərilir. Becərilən istiotlar 2 qrupa bölünür: tərəvəz və ədviyyə istiotu.
Tərəvəz istiotuna şirin bibər də aiddir ki, bu müxtəlif salatların hazırlanmasında və tərəvəz konservləri istehsalında istifadə olunur.
Ədviyyə istiotu özü də tərkibindəki yandırıcı maddənin miqdarına görə 2 yerə bölünür: acı yandırıcı istiot və zəif yandırıcı istiot. Ədviyyə istiotuna saplaqlı istiot da deyilir.
İstiot meyvəsinin uzunluğu 6-12 sm, ən böyük diametri isə 3 sm olur. Yetişmiş meyvələri sarı, narıncı və müxtəlif çalarlı qırmızı rəngdədir.
Qırmızı istiot, əsasən Cənubi Ukraynada, Şimali Qafqazda, aşağı Volqaboyunda, Zaqafqaziyada, Orta Asiyada becərilir.
Qırmızı istiotun aşağıdakı sortları becərilir: Həştərxan, Ukrayna (çox tünddür), Kutaisuri, Margelan, Namonqan (orta tünddür), Velikan, Fil xortumu (zəif tünddür). Azərbaycanda acı istiotlardan Fil xortumu-304 və Həştərxan-628 sortları becərilir.
Qırmızı istiot xarici ölkələrdən Bolqarıstanda, Macarıstanda, Rumıniyada, Yuqoslaviyada, Türkiyədə, Ispaniyada daha çox yayılmışdır. Dünya bazarında Macarıstan bibəri daha çox yer tutur.
Ədviyyə kimi istifadə olunan qırmızı istiotu əldə etmək üçün o, tam yetişmiş halda qurudulur, üyüdülür və məhsul «paprika» adlanır. Tərkibində 1,12% efir yağı, 1%-ə qədər kapsaitsin qlükozidi vardır.
Qırmızı istiotu kulinariyada müxtəlif xörəklərin hazırlanmasında bütöv və üyüdülmüş halda işlədirlər. Qırmızı istiot 20-30% miqdarında istiot qatışıqlarının tərkibinə daxil olur. Üyüdülmüş qırmızı istiotun rəngi qırmızı-kərpici və ya narıncı olub özünəməxsus iyi vardır. Dadı çox yandırıcı (tünd tamlı istiot üçün) və ya zəif yandırıcı olmalıdır. Nəmliyi 11%-ə qədər, külü isə 9%-ə qədərdir. 095 nömrəli ələkdə ələndikdə 2%-dən çox qalmamalıdır. 054 nömrəli ələkdən isə 80%-dən çox keçməlidir. Metal qatışığı 1 kq-da 10 mq-dır. Kənar qatışıqların olmasına yol verilmir. Satışa 25 və 50 q xalis çəkidə karton karobkalarda və ya kağız paketlərdə buraxılır. Bütöv halda təzə istiot tərəvəzlərin duza və sirkəyə qoyulmasında əvəzolunmaz ədviyyədir.
Dostları ilə paylaş: |