MÜRƏKKƏB CÜMLƏ
Plan:
1.Mürəkkəb cümlə haqqında
2.Sintaktik əlaqəyə görə mürəkkəb cümlənin təsnifi
3.Tabesiz mürəkkəb cümlə
Ədəbiyyat
1.Ə.Abdullayev, Y. Seyidov, A. Həsənov. Müasir Azərbaycan dili. Sintaksis – IV hissə, Bakı, Maarif, 2007.
2.Müasir Azərbaycan dili. III cild – sintaksis, Elm, 1981.
3.Q.Kazımov. Müasir Azərbaycan dili. Ünsiyyət, 2000.
Mürəkkəb cümlə iki və daha artıq sadə cümlənin məna və qramatik cəhətdən birləşməsi nəticəsində əmələ gələn sintaktik vahiddir.
Sadə cümlə kimi, mürəkkəb cümlə də məna və intonasiya cəhətdən bitkin olur, lakin sadə cümlədən fərqli olaraq, mürəkkəb cümlələr daha mürəkkəb quruluşa malik olur.Mürəkkəb cümlə ona görə quruluşca mürəkkəbdir ki, onun iki və daha artıq predikativ mərkəzi olur. Hər bir komponent sadə cümlənin məzmununa müvafiq məzmun ifadə edərək digər komponentlə məna və intonasiya cəhətdən vahid bir tam kimi birləşmiş olur. Mürəkkəb cümlələr yalnız mənaca deyil, qrammatik cəhətdən də vahid bir tam kimi çıxış edir.
Mürəkkəb cümlənin tərkib hissələri şərti olaraq << cümlə >> adlandırılır. Həqiqətən də mürəkkəb cümlənin hər bir tərkib hissəsi öz xüsusiyyətlərinə görə sadə cümləyə bənzəyir. Sadə cümlədə olduğu kimi, mürəkkəb cümlənin də hər bir tərkib hissəsi baş və ikinci dərəcəli üzvlərdən ibarətdir. Hər bir tərkib hissəsi müxtəsər və ya geniş cümlə şəklində formalaşır. Hər bir tərkib hissəsi cüttərkibli və ya təktərkibli cümlə şəklində formalaşır. Bu uyğunluqlara baxmayaraq, mürəkkəb cümlənin ayrı – ayrı tərkib hissələrini həqiqi mənada “ cümlə ” adlandırmaq olmaz. Çünki tərkib hissələr ayrı ayrılıqda məna bütövlüyünə və vahid bitkinlik intonasiyasına malik olmur. Ayrıca işlənən sadə cümlə mürəkkəb cümlənin tərkib hissəsində istifadə edilən sadə cümlədən fərqlənir. Belə ki, ayrıca işlənən sadə cümlənin özünəməxsus cümlə intonasiyası – bitmə intonasiyası olduğu halda, mürəkkəb cümləni təşkil edən ayrı ayrı sadə cümlənin hər birinin xüsusi bitmə intonasiyası olmur. Onların əmələ gətirdikləri mürəkkəb cümlənin bir ümumi bitmə intonasiyası olur. Deməli, cümlə intonasiyasına malik olan sadə cümlə mürəkkəb cümlənin tikinti materialına çevrilərkən özünün bitmə intonasiyasını itirir, mürəkkəb cümlənin ümumi intonasiyasına daxil olur.
Məs: Mən bilirəm, sən nə demək istəyirsən. Bu cümlənin iki müstəqil sadə cümləyə ayırsaq, əvvəlki intonasiyadan və məna bütövlüyündən əsər - əlamət qalmaz. Çünki hər iki sadə cümlə zaman etibarilə uzlaşmış, bir məna ətrafında birləşmiş, vahid cümlə intonasiyasına tabe olmuşdur.
Ayrıca sadə cümlə ilə mürəkkəb cümlənin komponenti olan sadə cümlənin fərqli cəhətləri olduğu kimi, oxşar cəhətləri də az deyil. Hər bir komponentdə cümlə üzvləri olduğu kimi qalır. Predikativlik özünü müdafiə edib saxlayır.
Sadə cümlə ilə mürəkkəb cümlənin arasındakı fərq, hər şeydən qabaq quruluş fərqidir. Eyni mənanı sadə cümlə ilə də, mürəkkəb cümlə ilə də ifadə etmək olar.
Məs: Adilədən belə sərt sözlər eşitdiyi birinci dəfə idi. Birinci dəfə idi ki, Adilədən belə sərt sözlər eşidirdi.
Mürəkkəb cümlənin konkret məzmunu ilə qrammatik mənası fərqli olur. Məs: Deyirlər, Çox yaşayan ilanın zəhəri də çox olar. Qrammatik məna baş cümlədəki kontakt sözün – deyirlər sözünün obyekt cəhətdən aydınlaşdırılması ilə bağlıdır. Mürəkkəb cümlənin ümumi məzmunu ilə qrammatik mənası fərqli olmaqla yanaşı, bir – birilə sıx bağlıdır.
Qrammatik məna tərkib hissələr arasında zaman münasibəti, birləşdirmə, qarşılaşdırma, bölüşdürmə, aydınlaşdırma mənaları, şərt, nəticə, səbəb, məqsəd, tərz, obyekt, məkan, kəmiyyət, əlaqələri və s ilə bağlıdır. Bunların bir qismi mürəkkəb cümlənin hər iki növündə özünü göstərir, bir qismi isə mürəkkəb cümlənin tabeli növünə aiddir.
Tərkib hissələr arasında sintaktik əlaqənin xarakterinə və ümumi qrammatik mənasına görə mürəkkəb cümlələr iki növə - tabesiz və tabeli mürəkkəb cümələlərə ayrılır.
Tabesiz mürəkkəb cümlələr iki və daha artıq sadə cümlənin məna və qrammatik cəhətdən bərabər hüquq əsasında vahid bir tam kimi birləşməsi yolu ilə əmələ gələn sintaktik vahiddir.
Tabesiz mürəkkəb cümlələrin səciyyəvi quruluş xüsusiyyətləri vardır. Çox zaman tərkib hissələrində bir paralellik olur. Bu xüsusiyyət atalar sözləri və məsələlərdə özünü daha çox göstərir. Artıq tamah baş yarar, daş qayıdıb baş yarar.
Tərəflərin paralelliyi tərəfləri əlaqələndirən mühüm şərtlərdəndir. Belə vasitələr sırasında anaforik o, bu, onda, orada tipli əvəzlikləri, əvəzlik – zərflik xüsusi qeyd etmək olar.
Mən “ şeyx “ söhbətindən danışırdım, o elə Səməd deyirdi.
Tərkib hissələrin əlaqələndirilməsində mənsubiyyət şəkilçilərinin mühüm rolu vardır. Mənsubiyyət şəkilçiləri ilə bir neçə komponenti əvvəlkinə bağlamaq mümkündür.
Qarının gözləri balacalaşmışdı, ağzı əyilmişdi, üzü qırışmışdı.
Mürəkkəb cümlənin tabesiz növünün bir mühüm əlaməti də bəzən tərkib hissələrinin hamısına aid ortaqlı söz və birləşmələrin – determinantların işlənməsidir. Bu xüsusiyyət ikinci dərəcəli üzvlərdən tamamlıq və zərfliyə aiddir.
Qorxudan arvadın boğazı qurumuşdu, dili – dilçəyi göynəyirdi.
Yaxşını – pisi ağlı kəsəndən bəri üzü gülürdü, daha pislikdə etmirdi.
Birinci cümlədə səbəb, ikinci cümlədə isə zaman zərflikləri determinant kimi işlənmiş, tərkib hissələri əlaqələndirmişdir.
Cümlə üzvləri ilə yanaşı, xitablar və ara sözlə də ortaqlı olmaqla tərkib hissələri əlaqələndirir.
Görəsən, bunların beyinlərində nə çatmır, hansı damar düyün düşüb.
Məsləhət sənindir, a tanrı, özün bilən yaxşıdı.
Tabesiz mürəkkəb cümlələr iki komponentdən ibarət olduğu kimi, sadalama yolu ilə qurula bilir və daha çox tərkib hissədən ibarət ola bilir.
Al rəngli səhər şəfəqləri ətrafı bürüyür, hər tərəfdə quşların nəğməsi eşidilir.
Bütün bu deyilənlərdən əlavə, tərkib hissələrin əlaqələnməsində əsas vasitə intonasiya və tabesizlik bağlayıcılarıdır.
Tabesiz mürəkkəb cümlələrin tərkib hissələri bağlayıcıların iştirakı olmadan əlaqələndikdə bağlayıcısız tabesiz – mürəkkəb cümlələr əmələ gəlir.
Ara bir göy guruldayır, yağış yağırdı.
Sevda baş tutmamış, gələnlər çıxıb getmişdi.
İntonasiya – mürəkkəb cümlənin tərkib hissələrini əlaqələndirən ilk və ən qədim vasitədir. İntonasiya şifahi nitqdə öz böyük rolunu indi də saxlamaqdadır. Yazıda bağlayıcılara üstünlük verdiyi halda, şifahi nitqdə intonasiyanın köməyi ilə fikri daha sürətlə, daha asan və emosional ifadə etmək olur. Mürəkkəb cümlənin tərkib hissələrini əlaqələndirmək üçün başqa vasitələr olduqda da şifahi nitqdə intonasiyadan istifadə edilir. Lakin heç bir başqa vasitə olmadıqda tərkib hissələri əlaqələndirmək üçün əsas yük intonasiyanın üzərinə düşür.
Vaxt gələndə qoyun dibəyə sağılır, ilan südü içir, yerinə qızıl qoyub gedirdi.
Sadə cümlədə olduğu kimi, mürəkkəb cümlədə də intonasiya söyləməyin məqsədini aydınlaşdırmağa xidmət edir. Lakin mürəkkəb cümlədə intonasiyanın imkanları daha genişdir.
Əksərən tabesiz mürəkkəb cümlələrin tərkib hissələri eyni tipli intonasiya ilə ya nəqli, ya sual, ya da əmr intonasiyası ilə tələffüz olunur.
Bir də bunları bir yerə cəm eləmək mümkün olacaqmı, belə bir girəvə ələ düşəcəkmi?
Mürəkkəb cümlənin tərkib hissələri müxtəlif funksiya yerinə yetirdikdə intonasiya fərqlənə bilir. Bu cür hallarda birinci tərkib nəqli, ikinci tərkib sual, birinci tərkib hissə nəqli, ikinci əmr intonasiya ilə tələffüz edilə bilir.
Mən həkim olmaq istəyirəm, bunun kimə nə dəxli qalıb?
Tərkib hissələri bağlayıcıların iştirakı ilə əlaqələnən tabesiz mürəkkəb cümlələrə bağlayıcılı tabesiz mürəkkəb cümlələr deyilir.
Bağlayıcılı intonasiyadan sonra yaransa da mürəkkəb cümlənin növünü müəyyənləşdirməkdə böyük rol oynayır.
Min il yola baxdı qulağı səsdə, ancaq dəyişmədi ömrün mənası.
Atan yazır ki, Şahmar dediklərimi unutmasın.
Bağlayıcılar hətta bəzən tabesiz və tabeli mürəkkəb cümlələrin daxili növlərini də müəyyənləşdirməyə də kömək edir.
Çiçək çoxdur, ancaq solmayanlarını görməmişəm.
Adilin daha harasından yaralandığını təyin etmək çətin idi, çünki bütün paltarı qan içində idi.
Birinci cümlə qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlə, ikinci isə səbəb budaq cümləli tabeli mürəkkəb cümlədir.
Tabesiz mürəkkəb cümlələrin tərkib hissələrini əlaqələndirən bağlayıcılar həmcins üzvlər arasında işlənən bağlayıcılardır. Fərq buradadır ki, həmin bağlayıcılar sadə cümlədə cümlə üzvlərini, burada isə sadə cümləyə uyğun gələn komponentləri əlaqələndirir.
Tabesiz mürəkkəb cümlənin tərkib hissələrini əlaqələndirən bağlayıcılar qrupu aşağıdakılardır.
Birləşdirmə bağlayıcıları: və, həm, həm də, da, də, nə, nə də, və s.
Birləşdirmə bağlayıcıları zaman, ardıcıllıq, səbəb – nəticə əlaqəli tabesiz mürəkkəb cümlələri əlaqələndirir.
Üstümdə Allah da var, peyğəmbər də var.
Qarşılaşdırma bağlayıcıları: amma, ancaq, lakin,fəqət, halbuki, yoxsa, isə.
Mal – qara üçün bol yem tədarükü lazımdır, yoxsa heyvanı qışdan çıxarmaq olmaz.
Nağdalı dünya görmüşdü, Bulud isə təcrübəsiz idi.
Aydınlaşdırma bağlayıcıları: yəni, məsələn və s.
Uşaqların bir qismi sözə baxmır, məsələn, Əhməd dediyindən dönmürdü ki dönmürdü.
Bölüşdürmə bağlayıcıları: ya...ya da, gah...gah da, gah da ki və s.
Bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümlələri əlaqələndirir.
Gah traktor təmirə dayanır, gah da traktorçu xəstələnirdi.
Qoşulma bağlayıcıları: özü də, həm də və s
Onun birmərtəbəli, yaraşıqlı bir evi vardı, həm də belə yaşıllıq, bağ – bağat içərisində tikilmişdi.
Dostları ilə paylaş: |