TABESİZ MÜRƏKKƏB CÜMLƏNİN TƏRƏFLƏRI ARASINDA MƏNA ƏLAQƏLƏRİ
Plan:
1.Birləşdirmə əlaqəli tabesiz mürəkkəb cümlə
2.Səbəb – nəticə əlaqəli tabesiz mürəkkəb cümlə
3.Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlə
4.Qarşılaşdırma əlaqləli tabesiz mürəkkəb cümlə
5.Bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümlə
6.Qoşulma əlaqəli tabesiz mürəkkəb cümlə
Ədəbiyyat
1.Ə.Abdullayev, Y.Seyidov, A.Həsənov. Müasir Azərbaycan dili. Sintaksis – IV hissə, Bakı, Maarif, 2007.
2.Müasir Azərbaycan dili.III cild – sintaksis, Elm, 1981.
3.Q.Kazımov. Müasir Azərbaycan dili.Ünsiyyət, 2000
Tabesiz mürəkkəb cümlələri təsnif edərkən komponentlərin mənaca əlaqəli olmasını birinci növbədə nəzərə almaq lazımdır. Bununla yanaşı, hər hansı məna əlaqəsinin formalaşmasına kömək edən formal vasitələri də nəzərə almaq lazımdır. Bağlayıcılara görə bölmək özünü doğrultmur. Çünki bir bağlayıcı bir – neçə məna əlaqəsində işlənə bilir. Komponentləri məna əlaqələrinə görə bölmək daha əlverişlidir. Mənaya görə böldükdə də vahid prinsip gözlənilməlidir.
Azərbaycan dilçiləri tabesiz mürəkkəb cümlələri, əsasən mənaya görə təsnif etmişlər. Lakin bəzi hallarda bölgünün prinsipə riayət edilməmişdir. Bu vaxta qədər qrammatikalarımızda zaman və ardıcıllıq əlaqələri zamana görə müəyyənlədirildiyi halda, digər əlaqələ - səbəb – nəticə, ziddiyət, aydınlaşdırma komponentlərin bir – birinə məna münasibətinə görə müəyyənlədirilmişdir. Belə anlaşıla bilər ki, zaman və ardıcıllıq əlaqəsində komponentlər zaman etibarilə əlaqələrin, qalan məna əlaqələri isə zamanca əlaqədar olmurlar.
Şahin sürəti dəyişdi, maşın yenə uğuldağamağa, fəryad qoparmağa başladı.
Komponentlərin qarşılıqlı münasibətinə görə burada səbəb – nəticə əlaqəsi vardır. Burada ardıcıllıqla yanaşı, birinci komponent ikincinin səbəbini bildirir.
Tabesiz mürəkkəb cümlənin komponentləri arasında aşağıdakı məna əlaqələri mövcuddur.
1.Birləşdirmə əlaqəli tabesiz mürəkkəb cümlə
2.Səbəb – nəticə əlaqəli tabesiz mürəkkəb cümlə
3.Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlə
4.Qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlə
5.Bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümlə
6.Qoşulma əlaqəli tabesiz mürəkkəb cümlə
1.Birləşdirmə əlaqəli tabesiz mürəkkəb cümlə
Birləşdirmə əlaqəli tabesiz mürəkkəb cümlələrdə eyni cinsli hadisələr sadalanır, həmin hadisələrin eyni zamanda və ya ardıcıllıqla baş verdiyi ifadə olunur. Ona görə də bu cür cümlələrdə 2 qrammatik məna münasibəti müşahidə olunur.
Eyni zamanlı birləşdirmə: 2.Ardıcıl zamanlı birləşdirmə
1.Eyni zamanlı birləşdirmə (zaman əlaqəsi). Tabesiz mürəkkəb cümlələrin bir qismində eyni cinsli müxtəlif fakt və hadisələr sadalanır, onların eyni zaman ərzində, vahid zaman daxilində baş verdiyi ifadə olunur.
Aynur gülürdü və güləndə yanaqlarında almacıqlar əmələ gəlirdi.
Tərkib hissələrin hamısına aid ortaqlı zaman zərfliyi – determinanat olduqda cümlənin zaman əlaqəli olduğu daha asan müəyyənləşir.
Əriyir yaz günü quzeydəki qar, gəzir dağ döşünü gəlinlər, qızlar, hər bulaq başında bir qeybət olur.
Komponentləri zaman əlaqəsi üzrə birləşdirməkdə mənsubiyyət şəkilçilərinin mühüm rolu vardır. Çox zaman birinci komponentdə işlənən ismi birləşmənin sonrakı komponentlərində yalnız mənsubiyyət şəkilçili ikinci tərəfi saxlanılır.
Bəyin dizləri titrəyir, əli əsir, ürəyi döyünür, gözünə müxtəlif şeylər görünürdü.
Eyni zamanlı birləşdirmə əlaqəsində əksərən tərkib hissələrin xəbərləri feli xəbərdən ibarət olur və həmin xəbərlər eyni zaman şəkilçiləri ilə formalaşır.
Qonşu otaqda zəng səsləndi, Firuzənin gülüşləri və mahnısı eşidildi.
Birləşdirmə əlaqəli tabesiz mürəkkəb cümlələr açıq sıralı cümlələrdir, sadalama yolu ilə qurulur, ona görə də iki tərkib hissədən ibarət olduğu kimi üç, dörd və daha çox tərkib hissədən də ibarət ola bilir. Belə cümlələr əksərən intonasiyailə qurulur, lakin tərkib hissələri əlaqələndirmək üçün və, həm, həm də, da, də, nə, nə də birləşdirmə bağlayıcılarından da istifadə edilir.
2.Ardıcıl zamanlı birləşdirmə ( ardıcıllıq əlaqəsi )
Tabesiz mürəkkəb cümlələrin bir qismində həmcins fakt və hadisələr sadalanır və onların cümlədəki düzülüşünə müvafiq ardıcıllıqla baş verdiyi ifadə olunur. Zəngin səsi kəsildi, müəllim sinfə daxil oldu, dərs başladı.
Ardıcıl zamanlı birləşdirmədə tərkib hissələr əksərən intonasiya ilə bəzən də və bağlayıcısı ilə əlaqələnir. Eyni zamanlı birləşdirmədən fərqli olaraq, bu cür cümlələrin tərkib hissələri arasında digər birləşdirmə bağlayıcıları işlənmir, çünki həmin bağlayıcıların qrammatik semantikasında eyni zamanlılıq mövcuddur. Bəzən ikinci tərkib hissədə da bağlayıcısı işlənir.
Birləşdirmə əlaqəsinin bu növü də açıq sıralı olur, sadalama yolu ilə qurulur.
Ona görə də iki tərkib hissədən ibarət olduğu kimi üç, dörd və daha çox tərkib hissədən də ibarət ola bilər.
Həyətdə daşlar düzüldü, böyük ocaq qalandı, qazan asıldı, aşpazlar çırmadı, kəfkirlər, çömçələr işə düşdü.
3. Səbəb – nəticə əlaqəli tabesiz mürəkkəb cümlələr iki tərkib hissədən ibarət olur.Birinci tərkib səbəbi, ikinci tərkib həmin səbəbdən doğan nəticəni bildirir.
Ağacların dövrəsində yarasalar uçuşdu, Əşrəf diksindi
Səbəb – nəticə əlaqəli tabesiz mürəkkəb cümlələr qapalı sıralı olur, ona görə də iki sadə cümlənin birləşməsi formalaşır.
Tabesiz mürəkkəb cümlənin bu növünün də tərkib hissələrinin xəbərləri əksərən felin eyni zamanında olur.
Bəzən tərkib hissələrin xəbərləri müxtəlif zamanda da ola bilir. Aslan bəy yerimizi alıb, bağrımız partlayır.
Səbəb – nəticə əlaqəli cümlələrdə də tərkib hissələr əksərən intonasiya ilə əlaqələnir. Bəzən tərkib hissələri əlaqələndirmək üçün və bağlayıcısından da istifadə olunur. Atamgildən ayrı düşməyimi , elə bil, indicə xatırladım və könlümə qubar düşdü.
Səbəb – nəticə əlaqəli tabesiz mürəkkəb cümlələrlə ardıcıl birləşdirmə əlaqəli tabesiz mürəkkəb cümlələr arasında bir yaxınlıq vardır. Səbəb – nəticə əlaqəli cümlələrdə də işin ardıcıllıqla icrası, hadisələrin ardıcıl baş verməsi bir reallıq kimi ifadə olunur. Eyni zamanda, ardıcıllıq əlaqəli cümlələrdə həmişə səbəb – nəticə çaları olur.Bu fikirləri müxtəlif yerə yoza – yoza çiçəklərin üstündə uzandı və onu yuxu tutdu. Burada ardıcıl baş verən hadisələr sadalanır, lakin səbəb – nəticə çaları da var.
Birdən motor susdu, çarxlar dayandı. Bu cümlə isə səbəb – nəticə əlaqəli cümlədir. Lakin işin ardıcıllıqla icrası da özünü göstərir. Bunların fərqi cümlələrin məzmunu ilə müəyyənləşir.
Səbəb – nəticə əlaqəli tabesiz mürəkkəb cümlələrdə birinci tərkib hissədə ifadə olunan hadisə ikinci tərkib hissədəki hadisənin baş verməsinə səbəb olur.
Ardıcıllıq əlaqəli cümlələrdə birinci tərkib hissədəki hadisə ikinci tərkib hissədəki hadisəni mütləq doğurmur.
Səbəb - nəticə əlaqəli cümlələrin ikinci tərkib hissəsinin əvvəlində nəticədə sözünü, ardıcıllıq əlaqəli cümlələrdə sonra sözünü əlavə etmək olar
Səbəb – nəticə əlaqəli tabesiz mürəkkəb cümlələrdən fərqli olaraq, ardıcıl birləşdirmədə sadalama yolu ilə tərkib hissələrin sayını artırmaq olar.
3.Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələr.
Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələr də qapalı sıralı olub, iki
komponentdən – iki tərkib hissədən ibarət olur. Tərkib hissələrdən biri ümumilik bildirir, digəri onu izah edib aydınlaşdırır. Aydınlaşdıran tərkib hissə əksərən ümumilik bildirən hissəyə intonasiya ilə bağlanır.
Pətəkdə arı qalmadı – yanan yandı, yanmayan çölə süzdü.
Az hallarda aydınlaşdıran hissəni ümumilik bildirən hissəyə bağlamaq üçün yəni bağlayıcısından istifadə edilir. Aydınlaşdıran hissə bir cümlədən ibarət olduğu kimi, sadalama üsulu ilə qurulan birləşdirmə əlaqəli cümlədən də ibarət ola bilər.
Bəzən uzun bir növbə düzəlirdi: birinin rəisə şikayəti var, biri qulluğunu dəyişir, biri oxumağa gedir, biri məzuniyyətə çıxır.
Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələr iki üsulla – sintez analitik və analitik – sintez üsulları ilə qurulur. Sintez – analiz üsulunda əvvəl ümumilik bildirən hissə, sonra aydınlaşdıran tərkib hissə işlənir. Yazıda ümumilik bildirən tərkib hissədən sonra iki nöqtə, vergül qoyulur.
Birdəki mən səni qınamıram: gəzməyən gəzə bilməz, gəzəyən dözə bilməz.
Analiz – sintez üsulunda əvvəl təfərrüat, sonra ümumilik bildirən hissə gəlir. Bu cür cümlələrdən nisbətən az istifadə olunur. Ümumilik bildirən hissə aydınlaşdıran hissədən tire ilə ayrılır.
Kimi qum ələyir, kimi su daşıyır, kimi əhəng və sement gətirir – hərə bir iş görürdü.
Tabesiz mürəkkəb cümlənin bu növünün bir xüsusiyyəti də vardır ki, aydınlaşdıran tərkib əksərən ümumilik bildirən bir üzvünə aid olub, həmin üzvün mənasını dəqiqləşdirir, aydınlaşdırır.
Deputat xalqın elçisidir: seçicilər ondan adına laiq iş tələb etməyə haqlıdırlar. Xəbər aydınlaşdırıla bilər. İş də ağır deyildi: yük daşımırdı, yer qazmırdı.
Tamamlıq aydınlaşdırıla bilər. Bəbir ata – anasının avamlığına gülmüşdü dünən: guya adam özünü ancaq tüfənglə öldürə bilər.
Aydınlaşdırma əlaqəsindəki bu xüsusiyyət onu tabeli mürəkkəb cümləyə yaxınlaşdırır.
4.Qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlə
Qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələrində ifadə olunan iş və hadisələr ya bir – birilə ziddiyyət təşkil edir, yaxud da sadəcə olaraq müqayisə edilir və fərqləndirilir. Tabesiz merəkkəb cümlənin bu növü də qapalı sıralı olub, iki tərkib hissənin birləşməsi yolu ilə əmələ gəlir.
Hər tərəf gecənin zülmətinə qərq olmuşdu, amma o dərin kədərin kölgəsi yolçunun gözlərindən çəkilib getmirdi.
Qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələri qarşılaşdırma intonasiyası, amma, ancaq, lakin, fəqət, qarşılaşdırma bağlayıcıları və antonim sözlərin köməyi ilə əlaqələnir. Bağlayıcılar ikinci komponentin əvvəlində işlənir.
Bu söz Əhmədi bir az yumşaltdı, ancaq o, yumşaldığını biruzə vermək istəmədi.
Bəzən qarşılaşdırma məqamında isə bağlayıcısından da istifadə edilir və bu bağlayıcı adətən ikinci tərkib hissənin daxilində işlənir. İsə bağlayıcısını qarşılaşdırma bağlayıcısı ilə əvəz etmək olar.
Qarşılaşdırma bağlayıcılarından fəqət arxaikləşməkdədir. XX əsrin əvvəllərində yaranmış bədii əsərlərin dilində daha çox işlənmişdir.
Sən nə cür istəyirsənsə - istə , fəqət ola bilər ki, sən diyən ola bilməsin.
Bağlayıcılı cümlələrdə olduğu kimi, qarşılaşdırma əlaqəsinin bağlayıcısız növündə də tərkib hissələrdə çox zaman antonim sözlər və ifadələr olur.
Çoban çox dedi, madar az eşitdi. Mütaliə azalmış, fikrim çoxalmışdır.
Qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında qarşılaşdırma mənası iki cür olur: ziddiyətli qarşılaşdırma, müqayisəli – fərqləndirici qarşılaşdırma.
Ziddiyətli qarşılaşdırma zamanı tərkib hissələrin ifadə etdiyi fikirlər, iş və hadisələr həqiqi mənada ziddiyyət təşkil edir. Birinci tərkib hissədə bir işin icrasına cəhd edilir, bir iş arzu olunur, lakin ikinci tərkib hissədəki iş və hadisə həmin işin icrasına imkan vermir. Ona görədə birinci tərkib hissədə icrasına meyl edilən iş icra edilməmiş, reallaşmamış qalır. O, qışqırmaq “ ana “ demək istədi.
Qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrin bir qismində tərkib hissələrdəki fikirlər, iş və hadisələr ziddiyyət təşkil etmir, sadəcə olaraq, müqayisə edilir, fərqləndirilir. Qarşılaşdırma əlaqəsinin bu növündə əksərən tərkib hissələrdəki eyni üzvlər qarşılaşdırılır.
A)qarşılaşdırma həm mübtədalar, həm də xəbərlər arasında olur.
Mən danışdım o qulaq asdı.
B)mübtədalar və tamamlıqlar arasında olur.
Mən pul qazanıram, anam evimizi dolandırır.
C)tamamlıq və xəbərlər arasında olur. Məhəmmədi buraxdılar, Qasımı tutdular.
D)tamamlıqlar və yer zərflikləri arasında olur.
İndi anam kənddə olur, biz şəhərdə yaşayırıq.
5.Bölüşdürmə əlqəli tabesiz mürəkkəb cümlələr
Bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələrində ifadə olunan iş və hadisələr ya növbə ilə bir – birini əvəz edir, yaxud da iki və daha artıq işdən birinin mümkünlüyünü qeyd olunur. Tərkib hissələr arasında bölüşdürmə mənası ya, ya da, yaxud da, və yaxud da ki, gah, gah da, gah da ki, və gah da ki bağlayıcılarının iştirakı ilə yaranır
Qızdırmalı adam kimi, onun bədənini gah üşütmə tutur, gah hərarət bürüyürdü.
Bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümlələrdə iki məna xüsusiyyəti özünü göstərir.
1.Belə cümlələrin bir qismində tərkib hissələrdə ifadə olunan fikirlərin, iş və hadisələrin növbə ilə bir – birini əvəz etdiyi müşahidə olunur. Bölüşdürmə əlaqəsinin bu növü gah, gah da, gah da ki bağlayıcılarının iştirakı ilə qurulur.
Gah güclü yağış yağır, gah da gün çıxır.
2.Komponentlərdə müxtəlif iş və hadisələr qeyd olunur, lakin həmin iş və hadisələrdən yalnız birinin mümkünlüyünü öz ifadəsini tapır. Bölüşdürmə əlaqəsinin bu növü ya, ya da, yaxud da ki bağlayıcılarının iştiraki ilə qurulur.
Ya mənim huşum başımda olmayıb, ya da sənin eynəyin gözündə.
Bölüşdürmə əlaqəsi əsasən bağlayıcıların iştirakı ilə yaranır. Bağlayıcıların atsaq, bu cür cümlələr başqa cümlə növünə çevrilər.
Ya sən dərsə gəlməmisən, ya da mən səni görməmişəm – bölüşdürmə əlaqəsi.
Sən dərsə gəlməmisən, mən də görməmişəm- səbəb nəticə əlaqəsi
6. Qoşulma əlaqəli tabesiz mürəkkəb cümlə.
Tabesiz mürəkkəb cümlələrin bir qismində birinci tərkib hissədəki fikir söyləndikdən sonra, sanki ikinci tərkib hissədə ifadə olunacaq fikir yada düşür və birinci tərkib hissəyə qoşulur. Qoşulma əlaqəsi həm intonasiya, həm də bölüşdürmə bağlayıcılarının köməyi ilə yaranır. Həmin gecə mən yuxuya gedə bilmirdim, anam da narahat idi. Qonaq Allahındı – Allaha qurban olum.
İkinci tərkib hissədə ifadə olunan fikirlər, iş və hadisələr birincini tamamlamaq, aydınlaşdırmaq, sanki nitq prosesində unudulmuş hadisəni, əlaməti bərpa etmək, əlavə etmək xarakteri daşıyır. Yazıda qoşulma əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasına bəzən də qoyulur.
Dostları ilə paylaş: |