TABELİ MÜRƏKKƏB CÜMƏLƏR
Plan:
1.Tabeli mürəkkəb cümlə haqqında
2.Baş və budaq cümlələr
3.Budaq cümləni baş cümləyə bağlayan vasitələr
4.Budaq cümlənin yeri
Ədəbiyyat
1.Ə. Abdullayev, Y. Seyidov, A. Həsənov. Müasir Azərbaycan dili. Tintaksis – IV hissə, Bakı, Maarif, 2007
2.Müasir Azərbaycan dili. III cild – sintaksis, Elm, 1981
3.Q. Kazımov. Müasir Azərbaycan dili. Ünsiyyət , 2000
Tabeli mürəkkəb cümlə - iki və daha artıq sadə cümlənin məna və qrammatik cəhətdən tabelilik yolu ilə vahid bir tam kimi birləşməsi nəticəsində yaranan sintaktik vahiddir.
Tabesiz və tabeli mürəkkəb cümlələr struktur baxımdan çox yaxındır. Hər ikisi eyni dil materialı əsasında formalaşır. Hər ikisinin komponentləri eyni cümlə formaları – cüttərkibli və təktərkibli cümlə tipləri əsasında qurulur. Hər ikisi iki və daha artıq sadə cümlənin birləşməsi yolu yaranır. Hər ikisinin tərkib hissələri məna cəhətdən birləşərək vahid bir tam təşkil edir. Hər ikisinin tərkib hissələrini əlaqələndirmək üçün intonasiya və bağlayıcılardan istifadə edilir, hər ikisinin tərkib hissələri arasında müəyyən fərqlərlə zaman, qarşılaşdırma, səbəb, nəticə, və s kimi məna əlaqələri olur.
Tabesiz və tabeli mürəkkəb cümlələri vahid ad “ mürəkkəb cümlə” adı altında birləşdirən bu xüsusiyyətlərdən əlavə, onların struktur oxşarlığının mühüm bir səbəbi də tabeli merəkkəb cümlələrin bir qisminin tarixən tabesiz mürəkkəb cümlələrdən əmələ gəlməsidir. Tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında əlaqə tabelidə olduğu qədər möhkəm olur. Tabesiz mürəkkəb cümlədən tabeliyə keçid hallarında eyni cümlədə hər iki bağlayıcı növünün ( tabesizklik və tabelilik bağlayıcıları) işlənməsi, tərkib hissələr arasında bağlayıcıların dəyişməsi ilə mürəkkəb cümlə növünün dəyişməsi də mürəkkəb cümlənin tabesiz və tabeli növlərinin yaxınlığı və tarixi əlaqələri ilə bağlıdır.
Bu sözü eşidəndə ürəyi bərk sancdı və özünü saxlaya bilməyib yerə sərildi – bu cümlə səbəb – nəticə əlaqəli tabesiz mürəkkəb cümlədi.
Bu sözü eşidəndə ürəyi bərk sancdı, ona görədə özünü saxlaya bilməyib yerə sərildi – bu cümlədə ona görə tabelilik bağlayıcısı işləndiyinə görə tabeli mürəkkəb cümlədir.
Tabesiz və tabeli mürəkkəb cümlələri müstəqil mürəkkəb cümlə növləri kimi fərqləndirən mühüm əlamətlər var. Ən mühüm fərqləndirici əlamət tərkib hissələrin məna və qrammatik cəhətdən asılılıq dərəcəsi ilə bağlıdır.Tabesiz mürəkkəb cümlələrin tərkib hissələri bərabərhüquqlu və bir – birindən eyni dərəcədə asılı olduğu halda, tabeli mürəkkəb cümlələrdə bu asılılıq birtərəflidir. Tərkib hissələrdən biri müstəqil, Tərkib hissələrdən biri müstəqil, digəri isə ondan asılıdır. Buna görə də tabesiz mürəkkəb cümlələrin komponentləri fikrin ifadəsində bilavasitə iştirak edir, tabeli mürəkkəb cümlələrdə isə tərkib hissələrdən biri ( budaq cümlə ) dolayı yolla baş cümlənin məzmununu izah edib – aydınlaşdırmaq yolu ilə fikrin ifadəsinə xidmət edir. Tabesiz mürəkkəb cümlələrin tərkib hissələri tabesizlik bağlayıcılarının, tabeli mürəkkəb cümlələrin tərkib hissələri isə tabelilik bağlayıcılarının köməyi ilə formalaşır. Tabesiz mürəkkəb cümlələrin komponentlərini əlaqələndirmək üçün ortaqlı söz və birləşmələrin, tərkib hissələrin paralelliyinin, zaman uyğunlaşmasının, əvəzliklərin, mənsubiyyət şəkilçilərinin mühüm rolu vardır.
Tabeli mürəkkəb cümlələrdə isə tabelilik bağlayıcıları ilə yanaşı, bağlayıcı sözlər, şəkilçilər, ədatlar, modal sözlər həlledici gücə malikdir. İntonasiyanın tabesiz və tabeli xarakterdə olması da mühüm fərqləndirici əlamət kimi çıxış edir.
Tabesiz mürəkkəb cümlələrdən fərqli olaraq, tabeli mürəkkəb cümlələrin komponentlərindən biri qrammatik cəhətdən müstəqil, digəri isə ondan asılı olur. Tabeli mürəkkəb cümlə tərkibində qrammatik cəhətdən müstəqil olan hissəyə baş cümlə, baş cümlədən asılı olan, onu izah edib aydınlaşdıran hissəyə isə budaq cümlə deyilir.
Baş və buda cümlə müəyyənləşdirilərkən cümlənin mənası yox, forması, quruluşu əsas götürülür. Məna yükü komponentdə müxtəlif şəkildə paylana bilir. Bəzən məna yükü daha çox baş cümlənin üzərinə düşür. Bəzən də baş və budaq cümlələr arasında bərabər paylanmış olur. Əgər məna yükü əsas götürülmüş olsaydı, onda, danışığından, sənəd və ordenlərindən görünür ki, qoçaq adamdır. Cümləsində ikinci tərkib hissə baş, birinci tərkib hissə budaq cümlə olmalı idi. Çünki ikinci tərkib hissə birincidən fərli olaraq, mənaca tam təminedicidir və dinləyəni intizarda qoymur. Lakin məna yükünün ikinci tərkib üzərinə düşməsinə baxmayaraq, bu cümlənin birinci tərkib hissəsi baş, ikinci tərkib hissəsi budaq cümlədir. Çünki ikinci tərkib hissə mahiyyət etibarı ilə birincinin bir üzvünə - müptədasına bərabərdir. Həmin cümləni sadələşdirməklə də bunu görmək olar. Danışığından, sənəd və ordenlərindən qoçaq adam olduğu görünür.
Baş cümlə tabeli mürəkkəb cümlənin qurulması üçün zəmin yaradır. Mürəkkəb cümlənin quruluşunu formalaşdırmaq üçün mərkəz rolunu oynamaqla yanaşı, mürəkkəb cümlənin ümumi məzmununun açılması üçün də həlledicidir.
Tabeli mürəkkəb cümlələr rəngarəng quruluş xüsusiyyətlərinə malik olur. Bəzən baş cümlə əvvəl, budaq cümlə sonra, bəzən də əksinə əvvəl budaq cümlə, sonra isə baş cümlə işlənir. Bəzən budaq cümlə baş cümləyə bağlayıcılarla, bəzən bağlayıcı sözlər, şəkilçilər ədat və silə bağlanır. Bəzi baş cümlələrdə qəlib söz olur,bəzisində olmur. Bəzi tabeli mürəkkəb cümlələri sadə şəkilə salmaq – sadələşdirmək mümükündür, bəzilərini isə sadələşdirmək olmur. Bəzən budaq cümlə baş cümlənin ümumi məzmunu ilə bağlı olur, bəzən də baş cümlənin bir üzvünü izah edib aydınlaşdırır.
Aydın oldu ki, qrupun yarıdan çoxu əlaçıdır.
Bu cümlədə əvvəl baş cümlə, sonra budaq cümlə işlənib. Budaq cümlə baş cümlənin bir üzvünə - müptədasına aid olub, onu aydınlaşdırır. Bu cür cümlələr bir sadə cümlədən bir özəkdən ibarətdir. Bu cür tabeli mürəkkəb cümlələrdə kənara çıxan üzvü yenidən yerinə qoymaq, cümləni sadələşdirmək mümkündür. Belə cümlələrə bir özəkli tabeli mürəkkəb cümlələr deyilir.
İki özəkli tabeli mürəkkəb cümlələr isə tabesiz mürəkkəb cümlələrdən əmələ gələn tabeli mürəkkəb cümlələrdir. Tabesiz mürəkkəb cümlənin komponentlərindən biri öz müstəqilliyini itirib, qrammatik cəhətdən tabe vəziyyətə düşmüş, yəni budaq cümləyə çevrilmişdir. İki sadə cümlədən, iki özəkdək yarandığına görə belə cümlələrə iki özəkli tabeli mürəkkəb cümlələr deyilir.
Ailən burda qalmasa, sənə kim qulluq edəcək.
Ailən burda qalmalıdır, yoxsa sənə kim qulluq edər.
İkiözəkli tabeli mürəkkəb cümlələrdə budaq cümlə əksərən bütövlükdə baş cümləyə aid olur və iki özəkdən əmələ gəldikləri üçün belə cümlələri sadələşdirmək olmur. Şərt budaq cümləli tabeli mürəkkəb cümlələrin bir qismi, qarşılaşdırma , nəticə və qoşulma budaq cümləli tabeli mürəkkəb cümlələr ikiözəkli, qalan bütün tabeli mürəkkəb cümlə növləri bir özəkdir.
Baş və budaq cümlələri əlaqələndirən vasitələr müxtəlifdir. Bu sahədə bağlayıcıların, bağlayıcılı sözlərin, şəkilçi və ədatların, modallıq vasitələrin, qəlib və qarşılıq bildirən sözlərin mühüm rolu vardır. Şifahi nitqdə budaq cümlə baş cümləyə daha çox intonasiya ilə bağlanır.
Bağlayıcılar və qəlib sözlər. Baş cümlə budaq cümlə quruluşlu tabeli mürəkkəb cümlələrin tərkib hissələrini əlaqələndirmək üçün tabelilik bağlayıcılardan istifadə edilir. Tabelilik bağlayıcıları, başlıca olaraq, ki və çünki sözlərindən ibarətdir. Bu iki bağlayıcı qrammatik semantikasına görə antonimlik təşkil edir. Ki bağlayıcısı bütün analitik budaq cümlə növlərini baş cümləyə bağlayır, çünki bağlayıcısı yalnız səbəb budaq cümləsinə xidmət edir.
Ki izahedici, aydınlaşdırıcı bağlayıcıdır. Budaq cümləni baş cümləyə bağlayır və bu zaman budaq cümlənin növü cümlənin qrammatik semantikası, baş cümlədən doğan sual əsasında müəyyənləşir
Məlumdur ki, kor koru bəyənməz cümləsində meydana çıxan sualın cavabı budaq cümlə vasitəsilə verilir. Korun koru bəyənmədiyi məlumdur.
Başqa hallarda bağlayıcılar ilə yanaşı, budaq cümlənin baş cümlədə qəlibi olur. Qəlib sözlər yalnız işarə əvəzliklərindən və işarə əvəzliyi köklü bəzi zərflərdən – o, bu, ora, bura, elə, belə - ibarət olur. Bu cür sözlər baş cümlədə bu və ya digər bir üzvün yerini tutsa da, heç bir məna ifadə etmir. Lakin bunların cümlədə rolu var. Bunlar baş cümlədə məntiqi vurğu ilə tələffüz olunur, aktuallaşdırılmış olur, konkret məna ifadə edə bilməsə də, dinləyəni başa salır ki, baş cümlədən sonra budaq cümlə gəlməli məhz həmin sözün mənasını izah edib aydınlaşdırmalıdır. Qəlib söz hansı cümlə üzvü vəzifəsindədirsə, o həmin üzvün adı ilə bağlı olan budaq cümləyə xitmət edir.
Elə məqalələr yazır ki, hamıda maraq doğurur – təyin
Məqalələri elə yazır ki, hamıda maraq doğurur – tərz zərfliyi
Məqalələri arasında elələri var ki, hamıda maraq doğurur – müptəda
Nəticə və qoşulma budaq cümləli mürəkkəb cümlələr istisna olmaqla, ki, bağlayıcılı bütün budaq cümlələrdə bu iki hal mümkündür. Baş cümlədə qəlib söz ola da bilər, olmaya da bilər. Qəlib söz olmadıqda onu təsəvvür etmək mümkündür.
Biz istəyirik ki, bizim hüquq tarixi hərtərəfli tədqiq edilsin – biz bunu istəyirik ki, bizim hüquq tarixi hərtərəfli tədqiq edilsin.
Qəlib sözlərin bir qismi ki, və da, də ədatları ilə birləşərək bağlayıcılaşmışdır. Bu qrupa ona görə ki, ondan ötrü ki, buna görə ki, bundan ötrü ki, onun üçün ki, bunun üçün ki, ona görə ( də ), buna görə (də), onun üçün (də), bunun üçün (də), belə ki, odur ki və s.daxildir.
Bunlar yalnız baş və budaq cümlə arasında işləndikdə və baş cümlədən fasilə ilə ayrıldıqda bağlayıcı kimi çıxış edir. Buna görə, ona görə, bunun üçün, onun üçün..tipli sözlər əksərən baş cümlənin daxilində qəlib söz kimi işlənir və budaq cümlə baş cümləyə ki, bağlayıcısı ilə bağlanır. Qeyd etdiyimiz bu bağlayıcılar səbəb bağlayıcısına yaxındır. Bunlar nəticə bildirən bağlayıcılar olub, nəticə budaq cümləsini baş cümləyə bağlayır.
Siz dünyanın əksər ölkələrini gəzmisiniz, ona görə də çox şey bilirsiniz.
Bu bağlayıcılara ki, bağlayıcısını əlavə etsək və baş və budaq cümlələrin yerini dəyişməklə nəticə budaq cümləli tabeli mürəkkəb cümlələri asanlıqla səbəb budaq cümləli tabeli mürəkkəb cümlələrə çevirmək olar.
Siz çox şey bilirsiniz, ona görə ki, dünyanın əksər ölkələrini gəzmisiniz.
Bağlayıcılar sintaktik və semantik olmaqla iki növə ayrılır. Ki bağlayıcısı sintaktik, qalan tabelilik bağlayıcıları semantik bağlayıcılardır. Çünki ki bağlayıcısı budaq cümlələrin müəyyənləşməsində elə bir rol oynamadığı halda, digər bağlayıcılar öz qrammatik semantikası ilə budaq cümlələrin aydınlaşmasına kömək edir.
Tabelilik bağlayıcıları, bir qayda olaraq, baş və budaq cümlələrin arasında işlənir və baş cümlədən budaq cümlənin mənasını şərtləndirən fasilə ilə ayrılır.
Dostları ilə paylaş: |