Fənn: Ana dili Mövzu: Sintaksis Müəllim


TAMAMLIQ VƏ TƏYİN BUDAQ CÜMLƏLƏRİ



Yüklə 158,52 Kb.
səhifə55/58
tarix01.01.2022
ölçüsü158,52 Kb.
#104428
1   ...   50   51   52   53   54   55   56   57   58
TAMAMLIQ VƏ TƏYİN BUDAQ CÜMLƏLƏRİ

Plan

  1. Tamamlıq budaq cümlələri

  2. Təyin budaq cümlələri

Ədəbiyyat

  1. 1. Ə.Abdullayev, Y.Seyidov, A.Həsənov.Müasir Azərbaycan dili. Sintaksis IV hissə, Bakı, Maarif, 2007.

  2. 2. Müasir Azərbaycan dili. III cild-sintaksis, Elm, 1981.

  3. 3.Q.Kazımov. Müasir Azərbaycan dili. Ünsiyyət, 2000.

Tamamlıq budaq cümləsi baş cümlənin işarə əvəzliyi ilə ifadə olunan və ya qəlib söz şəklində təsəvvür edilən tamamlağını izah edib aydınlaşdırır.

Tamamlıq budaq cümləsi Azərbaycan dilində çox işlənən, rəngarəng quruluş xüsusiyyətləri ilə seçilən budaq cümlə növlərindən olub, baş cümlənin feli xəbərinə aid olur.

Məs: Hümmət kişi yaxşı deyirdi ki, bütün dünyanın gözəl imarətini qabarlı əllər qurubdur. Onu da bilirlər ki, xəmirə özgə mayası qatmamışam.

Hər iki misalda budaq cümlə baş cümlədən sonra işlənərək ona ki bağlayıcısı ilə bağlanmışdır. Birinci misalın baş cümləsində qəlib söz - tamamlıq yoxdur.Lakin baş cümlə tələffüz edildikdə təsirli feli xəbərin və intonasiyanın köməyi ilə qəlib söz asanlıqla təsəvvür edilir.İkinci cümlənin baş cümləsində isə qəlib söz – onu sözü işlənib. Əlbəttə, bu söz cümlədə heç bir məna ifadə etmir.

Baş və budaq cümlənin yerinə, bağlayıcı vasitələrə görə tamamlıq budaq cümləsinin iki tipi vardır.

Birinci tipdə əvvəlcə baş cümlə sonra isə budaq cümlə işlənir. Budaq cümlə baş cümləyə ya intonasiya, ya da ki bağlayıcısı vasitəsilə bağlanır.

Məs: O bilirdi ki bu cür bükülüb atılmış qəzetlərin içində adətən heç nə olmur. Salman belə güman etmişdi ki, Şirzad Rüstəm kişidən icazə almadan səpinə paylamışdı.

Baş cümlədə qəlib sözün olub – olmamasına görə tamamlıq budaq cümləsinin bu tipinin də iki növü var. Belə ki bir qisminin baş cümləsində qəlib söz işlənir, bir qismində isə qəlib söz işlənmir.

O, bu işarə əvəzlikləri substantivləşərək baş cümlədə tamamlıq vəzifəsində işlənir.

Məs: Qara pəhləvan bir onu bacardı ki, bir təhər yerindən qalxıb, özünü onun əlindən qurtardı.

Eləsi, beləsi, elələri, belələri sözləri baş cümlədə qəlib söz – tamamlıq vəzifəsində işlənir. Məs: Elələrini seçib götürmək lazımdır ki, bir müddət saxlamaq mümkün olsun.

Orası, burası sözləri baş cümlədə qəlib söz – tamamlıq vəzifəsində işlənir. Məs: Mən ədəbiyyatçı deyiləm , orasını bilirəm ki, bu əsərdə bir çox nöqsanlar vardır.

Baş cümlədə o, bu, bir, belə bir sözləri və bir isim ( məs: şey, iş, məsələ, hadisə, hal, cəhət kimi ) tamamlıq vəzifəsində işlədilir. Məs: Şərəfnisə doğru deyir, müsyo Jordan yazıqdır, yaxşı adamdır, hələ bircə bu işdə təqsirlidir ki, Şahbazı yoldan çıxarıb Parisə getməyi beyninə salıb.

Bəzən isə baş cümlədə budaq cümlənin yerliyi,göstəricisi olmur və baş cümləni tələffüz etdikdə cümlənin xəbərinin təsirli və ya təsirsiz fellə, ismi və ya feli xəbərlə ifadəsindən asılı olaraq tamamlığın bu və ya digər sualı ortaya çıxır. Məs: Mən hələ bir dəfə də görməmişəm ki, ( nəyi? ) bu camaat deyən söz yalan ola.

Tamamlıq budaq cümləsində də baş cümlənin xəbəri – mı, - mi, - mu, - mü sual şəkilçiləri ilə işlənir. Məs: Rüstəm kişi özü demədimi ki, biz həmişə irəli getməyə öyrənmişik?

Tamamlıq budaq cümləsinin bu tipində baş cümlənin xəbəri daha çox nitq, təfəkkür, görmə, eşitmə proseslərini ifadə edən fellərlə işlənir. Məs: Rüstəm kişi xatırladı ki, insanı söhbətə həvəsləndirməkdə onun misli yoxdur.

Tamamlıq budaq cümləsinin bu tipi baş cümlənin məsdər, feli bağlama və feli sifətlə ifadə olunan başqa üzvlərinə də aid ola bilər. Məs: Lakin bunu da bir kərə yadda saxlamaq lazımdır ki, azərbaycanlılar hər işdə güzəşt getsə də, dili barəsində güzəştə getməz.

Tamamlıq budaq cümləsinin ikinci tipində isə əvvəlcə budaq, sonra isə baş cümlə gəlir. Budaq cümlə baş cümləyə kim, hər kim, hər kəs, nə, hər nə və s. bağlayıcılı sözlərlə bağlanır.

Budaq cümlədə kim ki bağlayıcılı sözü, baş cümlədə isə tamamlıq vəzifəsində o əvəzliyi işlənir. Məs: Kim ki əvvəlcə onun yanına gəldi, məsələnin dərininə varmadan Kələntər onu müdafiə edəcək.

Bu cümlə tipində də baş cümlədə qarşılıq bildirən söz həm işlənə, həm də işlənməyə bilər. Baş cümlədə qarşılıq bildirən söz olmadıqda onu baş cümlənin ümumi məzmunu əsasında sual verib müəyyənləşdirmək olar. Məs: Kimlə müharibə eləsə, qalib gələcək.

Təyin budaq cümləsi baş cümlədə işarə əvəzliyi ilə ifadə olunan və ya qəlib söz şəklində təsəvvür edilən təyinin mənasını izah edib aydınlaşdırır.

Təyin kimi, təyin budaq cümləsi də baş cümlənin əşya bildirən bir üzvünə aid olur. Məs: Dünyada elə adamlar da var ki, düşünür, qanır, hər şeyin fikrini çəkir. Bacılar var ki, qardaş üçün ana əvəzidir.

Hər iki cümlədə əvvəlcə baş, sonra budaq cümlə işlənib. Birinci nümunədə baş cümlədə qəlib söz işlənib. Elə sözü təyin vəzifəsində işlənir, mənası isə budaq cümlə vasitəsilə açılır. İkinci cümlədə qəlib söz işlənməyib, lakin onu təsəvvür etmək mümkündür.

Təyin budaq cümləli tabeli mürəkkəb cümlələrin belə bir xüsusiyyəti də var ki, baş cümlədə təyinlənən söz müəyyən bir vasitə ilə budaq cümlədə xatırladılır. Məs: O adamı mən həqiqi vətəndaş hesab edirəm ki, onun sözü ilə əməli arasında fərq olmur.

Təyin budaq cümləsinin də iki tipi var.

Birinci tipdə əvvəlcə baş, sonra budaq cümlə işlənir. Budaq cümlə baş cümləyə ya intonasiya, ya da ki bağlayıcısı vasitəsilə bağlanır.

Məs: Dünyada elə adamlarda vardır ki, onlar yalnız elmi söhbətlərdən mənəvi qida alırlar.

Baş cümlədə budaq cümlənin yerliyinin olub – olmamasına görə bu tipin iki növü var. Birinci halda baş cümlədə budaq cümlənin yerliyi, yəni qəlib söz işlənir.

Elə, elə bir, belə, belə bir, o cür, bu cür sözləri baş cümlədə qəlib söz – təyin vəzifəsində işlənir. Məs: mən elə bir əsər yaratmaq istəyirəm ki, məndən sonra gələn şairlər mənim təsirimdən çıxa bilməsinlər.

Bəzən elə, belə sözləri işlənmir, elə bir, belə bir sözlərinin qalığı kimi yalnız bir sözü işlənir. Məs: Varlığa nə darlıq və bir də bu kişi bir adamdır ki, bu gün buradadır, sabah bir adamın qapısında görərsən.

O, bu sözləri baş cümlədə qəlib söz vəzifəsində : O şəhər xoşbəxtdir ki. onun böyük keçmişi, mübarizədə qəhrəmanlıq tarixi vardır.

Rüstəm kişi özü bu fikirdə idi ki, havanı təyin etməkdə hələ heç vaxt səhv etməmişdir.

Həmin, bəzən də həmən, həmin o, həmən o sözləri baş cümlədə qəlib söz vəzifəsində işlənir. Məs: Bu həmin bayram corabı idi ki, Məsmə axşam oğluna bir hədiyyə kimi geyindirmişdi.

Mən həmən o Şeyx Şəbanı deyirəm ki, yolun qırağındakı məhəllə məscidinin yanında əyləşib pinəçilik edərdi.

Bəzən baş cümlədəki təyinlənən sözlə əlaqələnir. Baş cümlədə qəlib söz funksiyasını intonasiya yerinə yetirir. Məs: Arvad var ki, qara sudan qaymaq tutar.

Mən bir para adamlardan deyiləm ki , söz deyim, vədə verim, dalısında durmuyum.

Təyin budaq cümləsinin ikinci tipində isə əvvəlcə budaq, sonra baş cümlə işlənir. Budaq cümlə baş cümləyə hansı, kim, nə bağlayıcı sözləri ilə bağlanır.

Bağlayıcı sözdə ki ədatı və ya cümlənin xəbərində-sa-sa, şəkilçisi işlənə bilir.

Baş cümlədə qarşılıq bildirən o, bu, həmin sözləri korrelyat vəzifəsində çıxış edir.

Məs: Hansı ürəkdə xəbislik kin – küdurət, ləkə, naqislik var, o insanlar özlərindən küssünlər. Kimi gözləyirdinsə, o adam gəlib.

Təyin budaq cümləsinin ikinci tipi dildə nisbətən az işlənir.



Yüklə 158,52 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin