BAYBURT – Qədim Borçalıda kənd adı olub. Bu etnotoponim qızılbaşların bayburt tayfasının adı əsasında formalaşıb. Mənbələrdə “Baybert” kimi də oxunur. “Kitabi-Dədə Qorqud” dastanında Bayburd antroponim kimi işlənir.
BAYDARLI – Marneuli rayonunda kənd. Bolnisi rayonunda Baydar adlı yaşayış məntəqəsi mövcud olmuşdur. Mənbələrdə monqolların içərisində “baydarlı” adlı nəsil haqqında məlumatlara rast gəlirik. “Baydar” etnonimi Krım tayfalarında da məlumdur. Azərbaycanın Qax rayonunda Baydarlı adlı kənd var. Tədqiqatçıların fikrincə. “baydarlı”türkdilli tayfalarından olub, XIII əsrdən Zaqafqaziyanın müxtəlif ərazilərində məskunlaşmışlar.
BAYƏNMƏD – Tiflis əyalətinin Dəmirçi Həsənli nahiyəsində kənd adı olub. Kəndin adı boyəhmədli tayfasının adını əks etdirir. XVIII əsrin sonlarında baş vermiş siyasi hadisələrlə əlaqədar Qazax mahalından Borçalıya köçüb getmiş tayfalardan biridir. “Boy” və “Əhməd” sözləri əsasında yaranmış bu etnotoponim “Əhmədin tayfası” mənasındadır.
BAYATLI – Qədim Borçalıda kənd adı olub. Etnotoponim səlcuq-oğuz tayfalarından biri olmuş boyat/bayat tayfasının adındandır. Mənbələrdə qeyd edilir ki, bayat tayfası səlcuq oğuzlarının yürüşlərində (XI-XII) əsrlərdə iştirak etmişdir. XV əsrdə Səfəvilər hakimiyyət uğurunda mübarizəyə başladıqda bir hissəsi qızılbaş tayfa ittifaqının tərkibinə daxil olmuşdur. Bayatların Gürcüstanın Botçalı ərazisində məskunlaşması Səfəvilərin hakimiyyəti dövrünə təsadüf edir.
BABAKİŞİLƏR – Bolnisi rayonunda kənd adı. Rayon mərkəzindən 16 km qərbdə yerləşir. Bu etnotoponim kök+kök+şəkilçi modeli əsasında formalaşmışdır: baba+kişi+lər . Antropoetnotoponimdir. Ötən əsrin sonlarında bu kənd Musapirilər adlandırılmışdır. Daha sonralar isə Popasxveriani şəklində gürcüləşdirilmişdir. Kəndi babkişilər nəslindən olanlar saldığına görə belə adlandırılmışdır.
BƏYTƏKƏR – Bolnisi rayonunda kənd adı. Mənbələrdə bu etnotoponim haqqında iki mülahizə söyləmişlər. Tədqiqatçıların bir qismi belə güman edirlər ki, bu etnooykonim rütbə, titul bildirən “bəy” və qədim türk tayfası olan “təkə” sözlərinin birləşməsi nəticəsində yaranmışdır. Digər tədqiqatçılar belə güman edirlər ki. Bu etnotoponim “bəy” və qədim türk tayfası olan “düyər/dügər” sözləri əsasında formalaşmışdır. Fikrimizcə, ikinci mülahizə daha çox ağlabatandır.
BALAÇAUR – Mesxetiyada kənd adı. Bu etnotoponim xəzər tayfalarından birinin adı əsasında yaranmışdır. Axısqalıların yaşadığı Adıgün rayonunda bir kənd. Qudaut rayonunda da digər bir kənd bu adı daşıyır. Azərbaycanda Biləcəri adlı stansiya vardır. Biləcər türk tayfaları olan quzların və karlukların sərhəddində yerləşən bir şəhərin (Balac) adıdır.
BƏZƏKLİ – Dmanisi rayonunda kənd adı. Bu etnotoponim türkdilli “bozoq” tayfa adının yerli şivəyə uyğunlaşdırılmış formasıdır. Ta qədimdən bozoqlar türk xalqlarının etnik tarixində mühüm rol oynamışlar. Qərbi Azərbaycanın (indi Ermənistan) Üçkilsə rayonunda da Bəzəkli adlı yaşayış məntəqəsi olub.
BAYASDI TƏPƏ – Marneuli rayonunda etnotoponim. Əslində bu xüsusi onim “Bayaslı” şəklində olmalıdır. Kök+kök+şəkilçi modeli əsasında formalaşmışdır. Qədim “as tayfalarına, boylarına məxsus təpə” anlamındadır. (Ətraflı məlumat üçün “as/az” komponentli etnotoponimlərə bax).