SÜD HAQQINDA İSLAMİ DƏYƏRLƏR
Ət və balıqdan sonra qidalılıq cəhətdən insan orqanizmi üçün ən əhəmiyyətli olan qida məhsulu süddür. İnsanın anadan olduğu andan südlə qidalanmasını nəzərə alsaq, süd ən vacib həyat məlhəmidir. Dahilərin dediyi kimi süd təbiətin insanlara bəxş etdiyi əvəzedilməz qida məhsuludur.
Süd haqqında “Qurani Kərim”in əl – Bəqərə - 2/233, ən – Nəhl – 16/66, əl – Muminun – 23/21, Loğman – 31/14, Yasin -36/73 surələrində ayələr vardır. “Qurani Kərim”də buyurulan mənəvi qida dünya aləmin möcüzəli bəhrəsi misalında yada salınır. Allah Təbarəkə Təalanın buyuruqlarının hikmətlərindən biri də təbii aləmdə müşahidə olunan möcüzəli dəyişikliklərdir.
Südün qidalanmada çox böyük fizioloji əhəmiyyəti vardır. Lakin heyvanın sağlam olması vacibdir. Əbu Bəkr Razinin südlə bağlı söylədiklərini bu gün də qəbul etmək olar: “Təzə südün qidası çoxdur. Ancaq süd lazımınca qaynadılmalıdır.”
İmam Həsən (ə) buyurub ki, Rəsuli – Əkrəm (s.ə.v.) cənabları südü çox xoşlayırdı və həmişə süd içəndə buyurardı: “Ey mənim Allahım, onu bizə mübarək qıl və onu bizə artır.” Peyğəmbərimiz (s.ə.v.) təmr (qurudulmuş xurma) ilə südü – “iki ən pak və xoş şey” adlandırmışdır. O Həzrət süd içəndə əvvəlcə məzməzə edib (tamsınıb), sonra içərdi və əlavə edərdi: “Onda yağ var.”
Bir kişi İmam Cəfər Sadiqə (ə) ərz edir ki, ya Əba Əbdəllah, mən süd içirəm, mənə zərər verir. O Cənab (ə) buyurur ki, süd əsla zərər verməz, amma sən onunla birlikdə başqa şey yeyirsən; sənə zərər verən də o şeydir; amma sən güman edirsən ki, süd sənə zərər edir.
Həzrət Əli (ə) buyurur ki, “inək südü dərmandır.”
O Cənabdan (ə) inəyin sidiyi barəsində xəbər aldılar və dedilər ki, bəzi adamlar onu içir. Buyurdu ki, əgər dərman kimi ona ehtiyac olsa, onu içməyin eybi yoxdur.
Məlumdur ki, ərəblər dəvənin sidiyini içirlər. Bu barədə İmam Rza (ə) buyurub: “Dəvənin sidiyi südündən yaxşıdır, lakin Allah Təala şəfanı onun südündə qərar veribdir.”
Süd və süd məhsulları azərbaycanlıların qidasında qədimdən istifadə olunur. Müxtəlif süd məhsullarının, o cümlədən nəhərə kərəsi, qatıq, qaymaq, ayran, süzmə, şor, motal pendiri, qurut, müxtəlif pendirlərin hazırlanması heyvandarlıqla məşğul olan azərbaycanlıların gündəlik süfrə təamları olmuşdur. Bizim şənliklərimizdə, bayramlarda, qonaq qəbulu zamanı və eləcə də bəzi dini mərasimlərdə içilən şərbətlər içərisində süd şərbəti öz layiqli yerini tutur.
Haşiyə: Müsəlman xalqları arasında Peyğəmbərimizin (s.ə.v.) anadan olduğu gün (Rəbiül-əvvəl ayının 17-si) dini mərasim kimi icra edilən mövlud oxunması el arasında sərin südlü-ədviyyəli şərbətin yayılmasına səbəb olmuşdur. Mövlud oxunması mərasimində plovdan sonra hamıya şərbət verilir. Həmin şərbətə gülab, reyhan, keşniş toxumu və hil qatılır. Bədii formada yazılmış mövludun avazla oxunmasından məlum olur ki, Muhəmməd Peyğəmbər (s.ə.v.) anadan olandan sonra anası Əminəxatunun ürəyi yanarkən ona qar kimi ağ, buz kimi sərin, bal kimi şirin və ətirli süd şərbəti veriblərmiş. Həmin mərasimin icra edilməsidir ki, Azərbaycan şərbətləri içərisində südlü şərbət xüsusi yer tutur.
Dostları ilə paylaş: |