25. ATMOSFER HAVASININ AVTOMOBİL NƏQLİYYATI İLƏ ÇİRKLƏNMƏDƏN QORUNMASI
Məlum olduğu kimi ətraf mühitin çirklənməsində avtomobil nəqliyyatı başlıca rol oynayır. Avtomobil nəqliyyatı əsas etibarı ilə atmosferi çirkləndirir. Çirklənmə üç yolla baş verir:
− çıxış borusundan xaric olunan işlənmiş qazlarla;
− karter qazları ilə;
− yanacağın mühərrikin qidalanma sistemindən (çəndən, karbüratordan, süzgəclərdən, boru xətlərindən) buxarlanması ilə.
Nəqliyyat vasitələrinin hərəkəti zamanı havanın çirklənməsi yanacağın yandırılması hesabına baş verir. Tullantıların kimyəvi tərkibi yanacağın növündən, keyfiyyətindən, istehsal texnologiyasından, mühərrikdə yandırılma üsulundan və mühərrikin texniki vəziyyətindən asılıdır. Ən əlverişsiz iş rejimləri kiçik sürətlər və mühərrikin «boş işləmə» rejimidir. Bu zaman atmosferə yüklənmə rejimləri ilə müqayisədə xeyli çox çirkləndirici maddə atılır. Benzin mühərrikində alışma və qida sistemlərindəki nasazlıqlar xaric olunan qazlarda dəm qazının miqdarını 2 – 3 dəfə artırır.
Nəqliyyat vasitələri öz işləri üçün neftdən alınan yanacaq istifadə edirlər. Üzvü neft yanacağına aşağıdakı kimyəvi elementlər daxildir: karbon, oksigen, hidrogen və kükürd. Yanacağın yanmayan hissəsinə nəmişlik və mineral qarışıq aiddir. Yanacağın tam yanma məhsulları karbon qazı, su buxarı və kükürd dörd oksiddir. Oksigen çatışmazlığı şəraitində dəm qazı yaranır.
DYM-nin çıxış qazları 200-ə yaxın komponentdən ibarətdir. Onların mövcud olma müddəti bir neçə dəqiqədən 4…5 ilə qədər davam edir. Kimyəvi tərkibinə və xüsusiyyətlərinə görə və həmçinin insan orqanizminə təsir etmə xarakterinə görə bu komponentlər qruplaşdırılır.
Dostları ilə paylaş: |