İKİNCİ FƏSİL
TƏRCÜMƏNİN LEKSİK XÜSUSİYYƏTLƏRİ
§ 1. Tərcümənin dil – üslub xüsusiyyətləri
Həzininin “Hədisi - ərbəin” tərcüməsinin dil - üslub xüsusiyyətləri məsələsinə gəldikdə isə, öncə qeyd etmək lazımdır ki, dil tarixi mütəxəssislərinin fikrincə orta yüzilliklərə (əsasən, XIII - XVI əsrlərə) aid anadilli Azərbaycan bədii ədəbiyyat nümunələri bu baxımdan iki növə bölünür: folklor - danışıq üslubunda yazılan əsərlər, klassik - kitab üslubunda qələmə alınan əsərlər (21, 208; 26, 60 - 65). Folklor - danışıq üsiubunda yazılan əsərlər üçün canlı ümumxalq danışıq üslubuna yaxınlıq və dil sadəliyi, klassik - kitab üslubunda qələmə alınan əsərlər üçün isə yüksək bədii sənətkarlıq, dəbdəbəli və təmtəraqlı dil ən başlıca və səciyyəvi xüsusiyyət hesab olunur. Həzininin “Hədisi - ərbəin” tərcüməsini dil xüsusiyyətlərinə əsasən birinci növ əsərlərə aid etmək olar. Ümumiyyətlə götürdükdə Həzini tərcüməsi dil - üslub xüsusiyyətləri baxımından sələfi Əhmədinin “Əsrarnamə” tərcüməsi ilə səsləşir və ona daha yaxındır. Bu məsələdə hər iki əsərdə qarşıya qoyulan başlıca məqsəd də önəmli rol oynamışdır. Belə ki, hər iki klassik bədii tərcümə nümunəsi ilk növbədə xalq arasında dini, əxlaqi - tərbiyəvi və sufi – irfani fikirləri yaymaq məqsədilə qələmə alınmışdır. Bu məsələ ilə bağlı görkəmli türk alimi Fuad Köprülü yazır ki, XIV - XV yüzilliklərdə təsəvvuf mövzusunda qələmə alınan əsərlərin şoxu xalq arasında sufi baxışlarını təlqin etmək və yaymaq məqsədini daşımışdır (100, 127). Bu məsələ ilə bağlı Ə. Qaraxanın da fikri F. Köprülünün fikri ilə üstə düşür. Türkcə qırx hədis tərcümələrindən bəhs edərkən Ə. Qaraxan yazır ki, "ön planda rol oynayan heç de senet endişesi olmamışdır. Bileks, mühüm gözügen və hər zaman göz önünden ayrılmayan dini telkin və didaktik hürriyyetdir" Əhmədinin “Əsrarnamə” tərcüməsi də təsəvvüf mövzusundadır və məhz F. Körpülünün qeyd etdiyi məqsədlə qələmə alınmışdır. Eyni sözləri Həzininin “Hədisi - ərbəin” tərcüməsinə də aid etmək olar. Yuxarıda qeyd olunduğu kimi, Həzini “Hədisi - ərbəin”i “bir məclisdəki din ərlərinin” xahişi ilə qələmə almış və xalq arasında dini, əxlaqi - tərbiyəvi fikirləri yaymağı qarşısına başlıca məqsəd kimi, qoymuşdur. Bu məsələyə diqqət yetirən Ə. Qaraxan yazır ki, ərəbcə qırx hədis kitablarının türkcəyə orta əsr tərcümələrində “ön planda rol oynayan heç de sənət əndişəsi olmamışdşr. Bileks, mühüm gözügen ve her zaman göz önünden ayrılmayandini telkin ve didaktik hürriyyetdir” ( 96 , 84). Deməli, bu və bu kimi əsərlərdə başlıca diqqət xalq arasında dini fikirləri, islam əxlaqı və tərbiyə məsələlərini təlqin etməyə, yaymağa yönəlmişdir. Bu isə dolayısı ilə o deməkdir ki, Həzini “Hədisi - ərbəin” tərcüməsində ilk növbədə ümumxalq danışıq dilinə söykənməli, bu zəngin və tükənmək bilməyən qaynağa üz tutmalı, məhz ondan bəhrələnməli idi. Tərcümənin dil xüsusiyyətləri üzərindəki müşahidələr bu fikrin tamamilə doğruluğunu əyani şəkildə sübut edir.
Həzininin “Hədisi - ərbəin” tərcüməsində müəyyən məqamlarda mövzu ilə bağlı çoxlu ərəb və fars sözləri, izafət tərkibləri işlənsə də, bütövlükdə tərcümə olduqca sadə bir dillə, xalq danışıq dilinə yaxın bir üslubda qələmə alınmışdır. Tərcümənin əsasını təşkil edən hədislərə qoşulan mənzum hekayətlərin dil - üslub xüsusiyyətləri göstərir ki, Həzini tərcümə üzərində işlərkən başlıca olaraq ana dilinin zəngin söz xəzinəsinə, canlı ümumxalq danışıq dilinə üz tutmuş, bu qaynaqdan ustalıqla və yetərincə bəhrələnmişdir.Məsələn, aşağıdakı nümunədə şair- mütərcim şırf xalq danışıq dilində olan ifadədən bacarıqla istifadə etmişdir:
Pəs dedi kim, anın içün ağladım,
Bağrımı həsrət odilə dağladım.
Beytin ikinci misrası xalq danışıq dilində işlənən “bağrı həsrət odu ilə bağlamaq” sabit söz birləşməsinintam eynidir.
Tərcümənin dilində işlənən ayrı - ayrı atalar sözləri, xalq deyim və ifadələri Həzininin şifahi xalq ədəbiyyatına, ana dilinin zəngin zöz sənətinə onun rəngarəng və çeşidli çalarlarına, incəliklərinə yetərincə bələdliyindən xəbər verir. Fikrimizə sübut olaraq aşağıdakı nümunələrə nəzər salaq:
Olmazam qəmgin ana həm sərnigün,
El ilən olan qəra gündür dügün
Yaxşı felin ol yamanı məhv edər,
Pəs yaman, yaxşı gələn yerdən gedər...
Deyələr qılma bizə şox sərzəniş,
Gəldi bizim başimizə uşbu iş ...
Kufədə dedi nəgahin bir gecə,
Bir isim düşdi nəgahin, ey xacə ...
Bir kişiyə vardı anam, ey ulu,
Heç məni anmadı, qaldım qayğulu.
Birinci nümunənin ikinci misrası müasir ədəbi dilimizdə işlənən: “Elnən gələn qara gün toy - bayramdı” atalar sözünə (6,100) tam uyğun gəlir. Göründüyü kimi, burada yeganə fərq “olan” sözünün əvəzinə “gələn” sözünün və “gün” sözünün əvəzinə “toy - bayram”sözünün işlənməsidir.
İkinci nümunədə işlənən: “Yaman, yaxşı gələn yerdən gedər” ifadəsi də hikmətli məzmunu ilə seçilir və atalar sözü təsirini bağışlayır.
Üçüncü nümunədəki sonuncu misra da hazırda xalq dilində işlənən deyimə uyğun gəlir: “Gör başımıza nələr gəldi?!.”
Dördüncü nümunədə işlənən “bir işim düşdi” ifadəsi də xalq dilindən gələndir və indi də dilimizdə işlənir.
Sonuncu nümunə yalnız türkmənşəli sözlərdən ibarətdir və burada işlənmiş “bir kişiyə vardı anam” deyimi sırf xalq dilinə məxsus ifadədir: müasir dilimizdə “vardı” sözünün əvəzində “getdi” sözü işlənir.
Tərcümənin dilində sırf türkmənşəli sözlər üzərində qurulan misra və beytlər çoxdur. Qeyd edək ki, bu qəbilədən olan nümunələrdə muasir ədəbi dilimizdə ümumişlək xüsusiyyətini itirən arxaik sözlərə də rast gəlirik. Məsələn, aşağıdakı nümunədə olduğu kimi:
Üç gün, üç gün qarşularında durub,
Qıldı tapu, yüzini yerə urub.
Bu nümunədəki bütün sözlər türkmənşəli olsalar da, onlardan ikisi - “dün” (gecə) və “tapu” (səcdə, sitayiş) müasir ədəbi dilimiz üçün arxaik səciyyə daşıyan leksemlərdir.
Tərcümə bütün əsər boyu dilinin sadəliyi və türk mənşəli sözlərin bolluğu ilə seçilir. Nümunə olaraq tərcümədəki altıncı hədisdən götürülmüş aşağıdakı kiçik parçaya nəzər salaq:
Maliki - Dinar vəqtində məgər,
İki qərdaş var idi, ey mö’təbər.
Oda daparlar idi anlar sübhü şam,
Biri səksən üç yaşamışdı təmam.
Otuz üç idi kiçisinin yaşıi,
Oda dapmağ idi munların işi.
Dedi bir gün kiçisi kim, ey əxi,
Biz bu odı sınayalim gəl axi,
Bizə bu hörmət qılurmi görəlim,
Biz bu işin mə’nisinə irəlim.
Bu nümunədəki yalnız bir neçə söz və ya ifadə ərəb və fars mənşəlidir (vəqt, mötəbər, sübhü şam, təmam, əxi, hörmət, mə’ni), qalqnlar isə türk mənşəlidir. Göründüyü kimi, nümunə həm də xalq danışıq üslubunda qələmə alınması ilə diqqəti cəlb edir.
Tərcümənin dili üzərindəki müşahidələr göstərir ki, Həzini istər klassik Şərq ədəbiyyatına, istərsə də Azərbaycan - türk şifahi xalq yaradıcılığına yetərincə bələd olmuş, hər iki qaynaqdan yetərincə və ustalıqla bəhrələnmişdir. Tərcümənin dili sadəliyi və anlaşıqlığı ilə yanaşı, səlisliyi və axıcılığı , yüksək poetik xüsusiyyətləri ilə də diqqəti çəkir. Orta yüzilliklərdə folklor - danışıq üslubunda qələmə alınan əsərlərdə, xüsusilə də XV əsr şairi - mütərcimi Şirazinin “Gülşəni - raz” tərcüməsində (1426 - cı il) olduğu kimi (49, bax), Həzininin tərcüməsində də cinas qafiyələrdən bol - bol istifadə olunmuşdur. Maraqlıdır ki, Həzininin istədiyi cinas qafiyələrin çoxu doğma türk dilinin özünə məxsus sözlərdən ibarətdir. Həzininin bu qəbildən olan cinas qafiyələr işlətdiyi bir neçə nümunəyə nəzər salaq.
Biri dəxi atdı bir oxı yenə,
Yəni bu ayətdürür, oxı yenə ...
Ərş ayağına gələ ol dəm yenə,
Pəs rəvan anda Büraqdan yenə.
Der birinə dəx yüzinin nurin al,
Zərd ola ta çehrəsi, qalmaya al...
Bir dəxi ki, içməmişəm badə mən,
Vermədim anınla ömri badə mən.
Həzini birinci nümunənin ilk misrasında “ox” ismini təsirlik halda “oxı” şəklində, ikinci misrada isə “oxumaq” felini əmr şəklində - “oxı” kimi işlətməklə uğurlu cinas yaratmışdır. İkinci nümunədə qafiyə yerində işlənən “yenə” sözlərinin birincisi zərfdir, “bir daha” anlamındadır; ikinci misradakı “yenə” sözü isə “yemək” (enmək) felinin arzu şəklidir. Göründüyü kimi birincinümunədə isə Həzini “yenə” sözlərinin hər ikisini zərf kimi işlətmişdir. Üçünci nümunədəki qafiyə yerində işlənən “al” sözləri də cinasdır: ilk misrada o, fel kimi, ikinci misrada isə sifət kimi - qırmızı mənasında işlənmişdir. Dördüncü nümunədəki “badə mən” cinasının birincisi “badə” ismi, ikinci isə frazeoloji birləşmənin tərkib hissəsidir: “ömrü bada vermək”.
Dostları ilə paylaş: |