Yüzləmək- zarafat etmək:
Həqq aydır ki, doğru sözlə yüzləmə,
Varmıdır nöqsani anın, gizləmə.
Bu sözü eyni mənada Radlov qeydə almışdır (III, 1, 622). Qeyd edək ki, Radlov yüzləmək sözünün //eybi üzə dümək, “danlamaq” mənalarını da göztərmişdir. Budaqov isə “yüzləmək” sözünün yalnız “zarafat etmək” mənasını qeyd edir (II, 376). Azərbaycan yazılı abidələrində bu leksemə rast gəlmədik.
İndi isə tərcümədə qeydə aldığımız və orta əsrlər Azərbaycan yazılı abidələrində işlənən türkmənşəli semantik arxaizmlərə nəzər salaq. Qeyd edək ki, bu qəbildən olan sözlər daha çoxdur və onlar içərisində fellər üstünlük təşkil edir.
Ağırlamaq- əzizləmək, hörmət etmək:
Mən təam almaz idim səndən dedi,
Bir kişi mundə məni ağırladı.
“Ağırlamaq” sözü istər qədim türk mətnlərində (bax DTC ), eləcə də Azərbaycan yazılı abidələrindən “Kitabi-Dədə Qorqud”da (,33), Şirazinin “Gülşəni-raz” tərcüməsində (135) işlənmişdir. Felin kökündə çağdaş ədəbi dilimizdəki “ağır” sifəti dayanır. “Ağırlamaq” feli çağdaş türk dilində eyni mənada işlənir (Ə.N.215).
Arıtmaq - təmizləmək:
Dişlərini arıdur anın təmam,
Uçubən gedər, həvayə şadkam.
"Arıtmaq" feli istər XI-XIV əsrlərə aid türkdilli mətnlərdə (114, 188-189; 103, 267, 214), istərsə də Azərbaycan yazılı abidələrindən Nəsimi "Divanı" və "Şühədanamə"də işlənmişdir (15, 38; 219, 90a). "Arıtmaq" feli dilimizin şivələrində "arıtdamaq" şəklində işlənir (2, 188; 60, 77). Tərcümədə "arı" ismindən düzəlmiş "arınmaq" (təmizlənmək) feli də işlənmişdir: "Nəhri-heyvanə girə anlar yenə, Tənlərindən damu zəxmi arına". Bu fel Yusif Məddahın "Vərqa və Gülşah" məsnəvisində, Nəsimi "Divanı" və "Oğuznamə"də də işlənmişdir (28, 17; 15, 3854, 214). Qədim türk mətnlərində felin daha çox "arımaq" şəklində işləndiyi qeyd olunur (114, 188-189). Kaşğari isə onu iki şəkildə - "arımaq", "arınmaq" işlətmişdir (156, 1, 201, 208). "Arınmaq" feli XIV-XVII əsrlər türkdilli yazılı abidələrdə geniş yayılmışdır (166, 1, 205-207).
Assı- fayda, xeyr, qazanc, gəlir, mənfəət:
Ömrün keçdi bu növ ilə çoxı,
Assı qılmaz şimdi döndügim dəxi.
Çün yetürür rizqini hər dəm Xuda,
Assısı yox qəmü təşvişin sana.
"Assı" sözü qədim türk mətinlərində onun daha əski variantı olan "asığ" şəklində işlənmiş (70 ,60;75,201-202) və zaman keçdikcə sözün sonundakı "ğ" samiti düşmüşdür. Oxşar hala qədim türk sözlərindən olan çerik/çərik (ordu, qoşun), aluğ/ alığ (dəli-ağılsız) və s. kimi leksemlərdə də rast ğəlirik. Qütbün " Xosrov və Şirin" məsnəvisində "aşığ" ismi ilə yanaşı, ondan düzəlmiş "asiğsız" (faydasız) sifəti də işlənmişdir (75,199,201). Orta əsrlər Azərbaycan yazılı abidələrində "assı" sözü (elə bu şəkildə) eyni mənada bol-bol işlənmişdir (39 ,42; 41,156 ;121, 8a).
Ayıtmaq- demək, söyləmək:
Elm əfzəldir,-dedi ana Əli,
Der dəlilin varmıdır, aydır bəli.
Qədim türk leksemlərindən olan “ayıtmaq” Mahmud Qaşğarinin “Divanu lüğat it-türk” əsərində də qeydə alınmışdır. Mahmud Qaşğarinin fikrincə, bu sözün əsl mənası “demək” yox, “soruşmaq”dır. Bununla belə, oğuzlar “ayıtmaq” sözünü “demək” mənasında işlədirlər (bax: Ə.N. 393). “ayıtmaq” sözü Azərbaycan yazılı abidələrində “demək”, “söyləmək” mənasında sıx-sıx işlənmişdir (Z.H.18).
Bayıq- açıq, açıq-aşkar; gerçək, həqiqi:
Həqq canibinə necə layiq olur,
Həqq yanında bu necə bayıq olur.
Öncə qeyd edək ki, bu beyt tərcümədə otuz ikinci hədisdəki hekayətdədir, buna görə də yalnız Bursa nüsxəsindədir. “Bayıq” sözü eyni mənada Azərbaycan yazılı abidələrindən “Dastani-Əhməd Hərami”də (28), Qul Əlinin “Qisseyi-Yusif” (bax: 32), Mustafa Zəririn “Yusif və Züleyxa” məsnəvilərində (32), eləcə də Şirazinin “Gülşəni-raz” tərcümə (109) işlənmişdir.
Birləmək- tovhid, Allahın birliyini qəbul etmək:
Oldurur xeyr olmayan kim, əz bəşər
Birləməkligə məni ol ar edər.
Bu söz eyni mənada “Ət-töhfə”də (281) və Şirazinin “Gülşəni-raz” tərcüməsi”ndə də işlənmişdir (136).
Canğı - məşvərət:
Yəni kim, canğı əvi derlər ona,
Danışıq yeri idi öndin sona ...
Çünki kafirlər bu halı bildilər,
Cəm oluban bir yerdə canğı qıldılar.
Prof. S.Əlizadə bu sözün "Şühədanamə"də "çanğı" şəklində "məsləhət", "məşvərət" mənasında; (19a,152) prof. M.Rəhimov isə həmin abidədə "canğı" şəklində "rəy", "fikir", "məsləhət" anlamında işləndiyini göstərmişlər. Qeyd edək ki, "Şühədanamə"də bu isimdən düzəlmiş fel də ("canğıtdı" - 122a, 311b) işlənmişdir. Maraqlıdır ki, "Tarama sözlüyü"ndə "canğı" isminin yalnız bircə qaynaqda "canqu" şəklində "söyləşmə" mənasında işlənməsi qeydə alınmışdır (108, II, 821). Deməli, “canğı” ismi orta çağ Azərbaycan türk mətnləri üçün daha işlək olmuşdur. H.Zərinəzadə bu sözün Səfəvilər dövründə fars dilində də eyni mənada işləndiyini göstərir (63, 248). Alimin fikrincə, "canğı" leksemi “səs” mənasını verən "cınğır" sözü ilə bağlıdır (63, 249).
Çav - şan, şöhrət, ad-san; səs:
Həm sənin çavin dəxi çıxdı qəvi,
Dedilər ki, çıxdı şahi- mənəvi.
Qədim türk sözlərindən olan "çav" eyni mənada Orxon-Yenisey abidələrində "çab" şəklində (bax: 53a, 382), "Kutadqu biliq"də və "Divani-lüğat it- türk"də ("çav" şəklində- bax:70) işlənmişdir. "Çav" sözü XIII-XV əsrlərə aid Azərbaycan yazılı abidələridən "Dastani- Əhməd Hərami"də, Yusif Məddahın "Vərqa və Gülşah", Suli Fəqih və Mustafa Zəririn "Yusif və Züleyxa" məsnəvilərində ( 16,17,36; 29,31), eləcə də Əhmədinin "Əsrarnamə" tərcüməsində qeydə alınmışdır ( 50,92).
Çələb - Allah, Tanrı:
Dedi, qurutsun əlini ol Çələb,
Dünyada olsun sana Həqdən qəzəb.
Qədim türk leksemlərindən sayılan "çələb" sözü istər qədim türk mətnlərində, istərsə də orta əsrlərə aid Azərbaycan və türk yazılı abidələrində bol-bol işlənmişdir (39, 96, 166, II, 804-806, 15, 198; 18, 31-32; 72, 32, 14, 14 b). Bu sözə "Şühədanamə"də yalnız bir şeir parçasında təsadüf etdik:
Utanunız xəlayiqdən dəxi həm,
Dostları ilə paylaş: |