Danla - sabah:
Var ümüdim danla verə ol xoca.
Yatdılar pəs ac, məhzun ol gecə.
"Danla" sözü əski türk run yazılarından tutmuş XVI əsrdə köçürülmüş əlyazmalara qədər bir dövrü əhatə edən ayrı-ayrı türkdilli yazılı abidələrdə "tanla" şəklində işlənmişdir (76, 194; 108, V, 3730). Nəsimi divanı və "Şühədanamə"də isə bu söz bizim əlyazmada olduğu kimi "danla" şəklindədir (39, 233; 121, 26a).
Dirülmək- yaşamaq, ömür sürmək, həyat sürmək, güzəran keçirmək:
Bir kişi var idi bil öndin zəman,
Hilə ilə dirilürdi dər cəhan.
“Dirilmək” feli “tirilmək” şəklində XIV əsr abidəsi “Ət-töhfə”də də işlənmişdir (381). Həzini tərcüməsində bu fellə eyniköklü “dirilik” (yaşayış, yaşam) ismi də işlənmişdir:
Sizə bir dirlik veripdür ol əhəd,
Kim, ölüm görməyəsiz ta əbəd.
Dügün- toy:
Ləşkəri-islamə həzimət buldı çün,
Qeysəri-Rumiyə doy oldı dügün.
Nümunədən göründüyü kimi Həzinin burada “dügün” sözü ilə yanaşı, onun sinonimi olan “doy” (toy” ismini də işlətmişdir. “Dügün” sözü “Kitab əl-idrak...”da, (33), Yusif Məddahın “Vərqa və Gülşah” məsnəvisində (22), eləcə də yazılı abidələrimizin çoxunda işlətmişdir. Vaqifin dilində də “düyün” sözü “toy-düyün” şəklində işlənmişdir. Canlı xalq danışıq dilində bu gün də “toy-düyün” sözü eyni mənada işlənir.
Dün-gecə:
Üç gün, üç dün qarşularında durub,
Qıldı tapu yüzini yerə urub.
Qədim türk sözlərindən olan “dün” “kitabi-Dədə Qorqud” eposunda (57), Yusif Məddahın “Vərqa və “Gülşah” məsnəvisində (54) işlənmişdir.
Dürişmək- çalışmaq, səy göstərmək:
Xeyrə düriş, cəhd edüb dünyadə sən,
Qəflət ilə vermə ömri badə sən.
Nümunədə göründüyü kimi, Həzini bu beytdə “dürişmək” feli ilə yanaşı, onun sinonimi olan “cəhd etmək” tərkibi felini də işlətmişdir. Maraqlıdır ki, Həzininin sələfi Şirazi də “Gülşəni-raz” tərcüməsində “dürişmək” feli ilə yanaşı, onun sinonimi olan “səy etmək” felini qoşa işlətmişdir:
Verür varınü səy eylər, dürişür,
Ol əvvəl qopduği yerə irişür (113).
Onu da qeyd edək ki, bu xüsusiyyət- sinonim sözlərin qoşa işlədilməsi bir sıra yazılı abidələrimiz üçün də səciyyəvi haldır (bax: 28-29; 32; 34; 137-138).
“Dürişmək” feli Mahmud Qaşğarinin lüğətində “çəkişmək”, “çarpışmaq”, qarşı-qarşıya gəlmək” mənalarında işlənmişdir (589). “Kitabi-Dədə Qorqud” eposunda (107), Mustafa Zəririn “Yusif və Züleyxa” məsnəvisində isə (35) “dürişmək” sözü Həzininin tərcüməsində olduğu kimi “çalışmaq” mənasını daşıyır.
Dostları ilə paylaş: |