1.Musiqi səslərinin fiziki xüsusiyyətləri. Musiqini əmələ gətirən səslər, qeyri-musiqili səslərdən dörd fiziki xüsusiyyətinə görə fərqlənir: yüksəklik (zil və bəm), qüvvə (bərk, yavaş), ölçü (səsin səslənmə müddəti, uzun, qısa), tembr-rəngarənglik.
1.Səsin yüksəkliyi səs verən cismin sürətlə və ya asta titrəməsindən asılı olur. Cismin titrəmə rəqsi nə qədər tez olarsa, səs yüksəkliyi bir o qədər uca və əksinə, cismin titrəmə rəqsi nə qədər ləng olarsa, səs bir o qədər bəm olacaqdır. Cismin titrəmə rəqsi isə simin dartılma dərəcəsindən asılıdır. Sim nə qədər tarım dartılarsa səs bir o qədər zil, zəif dartıldıqda isə, səs bir o qədər bəm olacaqdır. Sim yoğun və uzun olduqda bəm səslər, nazik və qısa olduqda isə, zil səslər əmələ gəlir.
İnsan qulağı səs mənbəyinin saniyədə 16-dan 20 minə qədər əmələ gətirdiyi dalğalar nəticəsində alınan səsi eşitmə qabiliyyətinə malikdir. Musiqidə səs mənbəyinin saniyədə 16-dan təxminən 4 minə qədər titrəyişindən alınan səslər qəbul edilmişdir.
Musiqidə istifadə olunan səslər öz yüksəkliklərinə görə üç qrupa bölünürlər: aşağı, orta və yüksək. Bunlara da registr deyilir. Pianonun aşağı registr hissəsində yerləşən səslər bəm, orta registr hissəsində yerləşən səsləri aşağı hissəsinə nisbətən bir qədər zil, yüksək registr hissəsində yerləşən səslər isə hər iki hissədəki səslərdən zil olur.
2.Səsin qüvvəsi. Titrəyən cisim nə qədər geniş olarsa, alınan səs də bir o qədər qüvvətli səslənir. Aşağı rgistrdə yerləşən simlərin hərəsi uzun və yoğun bir simdən ibarətdir. Onlardan alınan səslər bəm olur. Orta registrin simləri, aşağı registrdəki simlərə nisbətən üç qısa və nazik simlərdən ibarətdir. Yüksək registrdəki simlər, orta registrdəki simlərdən daha qısa və nazik üç simdən ibarətdir. Bu da alınan səslərin daha zil səslənməsinə səbəb olur.
3.Ölçü. Səslərin səslənmə müddəti fiziki hadisə olaraq, səs çıxaran cismin titrəyiş müddətindən asılıdır. Yəni titrəyən cisimdən əmələ gələn səsin səslənmə müddəti, həmin cismin titrəmə müddətinə bərabərdir. Deməli, səs mənbəyi nə qədər çox titrəyərsə, bir o qədər davamlı, az titrədikdə isə bir o qədər qısa səs alınmalıdır.
4.Tembr. Eyni yüksəklikdə olan səsi müxtəlif alətlərdə ifa etsək, onda rəngarəng səslər əmələ gəldiyi aydın eşidiləcəkdir. Musiqidə tembr çox mühüm rol oynayır. Musiqi obrazı ayrı-ayrı alətlər vasitəsilə təsvir olunur. Operada müxtəlif ahəngli səsə malik ifaçılara səslərinin yüksəkliyindən asılı olaraq rollar tapşırılır.
Dostları ilə paylaş: |