1.3..
«Xalq pedaqogikası»
və «etnopedaqogika»
Xalq pedaqogikası haqda elmi-pedaqoji fikrin qısa xülasəsi.
Xalq pedaqogikasının əlamətləri.
Etnopedaqogika xalq pedaqogikasının tədqiqi və müasir pedaqoji prosesə tətbiqi haqda elmdir.
Pedaqoji ədəbiyyatda bir-birinə çox yaxın olan iki termin işlədilir: «xalq pedaqogikası» və «etnopedaqogika».
Pedaqoq-alimlərdən bir qismi «xalq pedaqogikası» anlayışının daha sadə, ifadə etdiyi mənaya görə daha anlaşıqlı, dəqiq olduğunu söyləyərək, yalnız bu terminin işlədilməsini daha məqsədəuyğun hesab edirlər. Bəziləri bu iki anlayışın əslində eyni mahiyyəti ifadə etdiyini iddia edərək, onların sinonim kimi işlədilə biləcəyi fikrini müdafiə edirlər. Üçüncü qisim pedaqoqlar bu ifadələrdən hər birinin fərqli anlayışlara aid olduqlarını sübut etməyə çalışırlar. Məsələyə aydınlıq gətirməyə çalışaq.
Pedaqoji proses xalqın bütün tarixi boyu mövcud olmuşdur. Lakin xalq kütlələri hər gün əhatəsində olduqları, iştirakçısı və inkişafetdiricisi olduqları bu proses barədə xüsusi olaraq fikirləşmədən gənc nəslin tərbiyəsi işi ilə məşğul olurdular. Hər bir nəsil bu təcrübəni empirik biliklər şəklində qəbul etmiş, ondan istifadə etmiş, öz dövrünün tələblərinə müvafiq olaraq yeni-yeni müddəalarla zənginləşdirmiş və gələcək nəslə ötürmüşdür.
Deməli, «təlim-tərbiyə sahəsində xalq təcrübəsi», «xalqın pedaqogikası», «xalq pedaqogikası» - bizim onu necə adlandırmağımızdan asılı olmayaraq, xalq tərəfindən yaradılıb, həmişə xalqla birlikdə mövcud olub, bu gün də var və xalqla birlikdə həmişə mövcud olacaqdır.
Sadəcə, təlim-tərbiyə sahəsində uzun əsrlər boyu sınaqdan keçərək toplanmış, adət-ənənələrdə, şifahi xalq yaradıcılığında, milli-mənəvi dəyərlərdə qorunub saxlanmış bu biliklərin və təcrübənin geniş potensial imkanları nəzəri pedaqogika sahəsində çalışanların fikrini son dövrlərdə – təxminən, XIX əsrdən başlayaraq cəlb etmiş və onu «xalq pedaqogikası» adlandırmışlar.
Xalqın təlim-tərbiyə sahəsindəki empirik biliklərini və tərbiyəvi təcrübəsini öyrənən tədqiqatçıların, demək olar ki, heç biri xalq pedaqogikasını elm adlandırmamışdır. Xalq pedaqogikasına dair mövcud baxışların bir neçəsinə nəzər salaq:
«Xalq pedaqogikası – şifahi xalq yaradıcılığında, ayinlərdə, uşaq oyunlarında, oyuncaqlarda hifz olunmuş tərbiyəvi təcrübənin və pedaqoji məlumatların məcmusudur» (16,7).
«Xalq pedaqogikası – təlim-tərbiyənin məzmunu, məqsədi, vasitələri, üsulları, təşkilati və s. məsələləri haqqında zəhmətkeş kütlələrin tarix boyu gündəlik müşahidələrin nəticəsi kimi əldə etdikləri, əmək və yaşayış şəraitinin təsiri altında topladıqları pedaqoji bilik, təcrübə, baxış, qayda-qanun və adət-ənənələrin məcmusudur» (8, 41).
«Xalq pedaqogikası – xalqın kollektiv yaradıcılığının, tərkib hissəsi, kütlələrin pedaqoji mədəniyyətinin təzahürü olub… xalqın fikir və arzularını təcəssüm etdirir, onun ideallarını, dünyabaxışını, insan haqqında, ailə, uşaqlar, böyüyən nəslin tərbiyəsi haqqında təsəvvürlərini əks etdirir» (18,7).
Xalq pedaqogikası – konkret etnik qrupun tərbiyəvi ənənələridir» (19,6)
«Xalq kütlələrinin malik olduqları biliklər məcmusu uşaqların və xalqın özünün gündəlik həyat üçün zəruri olan biliklərə yiyələnməsini həmişə təmin etmişdir və indi də təmin edir. Təcrübə vasitəsilə qazanılmış və yoxlanılmış bu biliklər məcmusu xalq pedaqogikasının mahiyyətini təşkil edir» (12,101).
Xalq pedaqogikası sahəsində aparılmış tədqiqatlardan bu anlayışın mahiyyəti barədə fikirləri sadalamaqda davam etmək olar. Lakin konkretlik naminə göstərilən təriflərdən çıxış edərək xalq pedaqogikasının ümumi və mühüm əlamətlərini göstərmək mümkündür.
– xalq pedaqogikası – kütlələrin pedaqogikası, cəmiyyətin ümumi pedaqogikasıdır, sırf həyati pedaqogikadır.
– xalq pedaqogikası insan və onun tərbiyəsi haqqında xalqın tarixən formalaşmış empirik biliklərinin, məlumatlarının məcmusudur.
– xalq pedaqogikasının əsas əlamətlərindən biri gündəlik praktik həyati təcrübəni yığcam, dolğun, lakonik şəkildə əks etdirməsidir.
– xalq pedaqogikasında dəqiq müəyyən edilmiş qanunlar, sistemləşdirilmiş biliklər, sabit elmi terminlər yoxdur. Bu sahədə hər bir xalqın özünəməxsus psixologiyası, əlamətləri, ifadə tərzi, təfəkkür xüsusiyyətləri, həyat tərzi dominantlıq təşkil edir.
Xalq pedaqogikasında tərbiyənin canlı təcrübəsi hakimdir. Xalq pedaqogikası insanın mənəvi təkamülündə pedaqoji biliklərin müəyyən səviyyəsini, konkret tarixi mərhələni əks etdirərək pedaqoji elmin yaranması və inkişafı üçün bir əsas rolunu oynayır. Yəni xalq pedaqogikası elmi pedaqogikanın ən etibarlı mənbəyidir. Amma burada bir məsələ də qeyd olunmalıdır ki, ədəbiyyat tarixinin yaranması şifahi xalq yaradıcılığını məhv etmədiyi kimi, pedaqogika elminin yaranması da xalqın gündəlik həyatından onun malik olduğu pedaqoji baxışları sıxışdırıb çıxarmadı. Pedaqogika elmi və xalq pedaqogikası bir-biri ilə mürəkkəb qarşılıqlı əlaqəyə girərək, özlərinin inkişafına şərait yaratdılar. Məhz bu qarşılıqlı fəaliyyət dairəsi xalqın pedaqoji mədəniyyətini müəyyən edir.
Xalq uzun əsrlər boyu özünəməxsus təkrarolunmaz əxlaqi görüşlər, mənəvi mədəniyyət formalaşdırmışdır. Hər bir xalq çoxsaylı adət-ənənələrə malikdir. İnsanın həyatını zənginləşdirən, özünəməxsus edən bu ənənələr onun çoxsahəli fəaliyyəti ilə əlaqədardır. Bu adətlər həm təbiətə münasibətdə, həm də əkinçi əməyinin poeziyasında, şifahi xalq yaradıcılığında, xalq sənətlərində, geyimin gözəlliyində meydana çıxmışdır. Bu adətlərin yaranmasında bütövlükdə bəşəriyyətin nicat yolunu göstərən, insanın yaranma və aqibətinin, həyat və axirətinin ilahi göstərişlərini çatdıran dinin müstəsna rolu olmuşdur.
Xalqın keçmiş həyatı, xüsusilə kənd həyatı nə qədər orijinal, özünəməxsus saf olsa da, onu tamamilə ideal hesab etmək olmaz. Keçmiş kənd həyatının da özünəməxsus ziddiyyətləri, çətinlikləri, sərtlikləri olmuşdur. Bütün bunlar xalqın pedaqoji ənənələrində də öz izini qoymuşdur. Lakin xalqın mənəvi həyatının müəyyənləşməsində həmişə əməyin, istedadın və əsil insani keyfiyyətlərin böyük rolu olmuş, məhz bu keyfiyyətlər həqiqi xalq xarakterinin formalaşmasına səbəb olmuşdur. Məsələn, Azərbaycanlıların min illər boyu mövcud olmuş belə bir adəti vardır: halal zəhmətlə yaşayan sadə adamlar, zülmkar şahlardan üstün tutulmuşlar.
Şəhərlə kənd arasında fərqin azalması kəndin mənəvi adətlərinin xüsusilə tərbiyəvi adət və ənənələrinin dağılması demək deyildir. Ölkənin təhsil mədəniyyətinin müvəffəqiyyətli inkişafı çoxəsrlik tarixə malik xalq adət və ənənələri əsasında mümkündür. Xalqın kollektiv pedaqoji təcrübəsini lazımınca qiymətləndirməyən pedaqogika elmi və təcrübəsi kütləvi pedaqoji mədəniyyətin əsas elementi ola bilməz.
Xalqın keşməkeşli həyatı, onun mübarizə və qələbələri – humanitar elmlərin əsas və başlıca obyektidir. Bu elmlər sırasına etnopedaqogika da daxildir. Xalq yaradıcılığının öyrənilməsi hər bir xalqın ümumdünya mədəniyyətinə verdiyi payın müəyyən edilməsində xüsusi əhəmiyyət daşıyır. Etnopedaqoq xalq yaradıcılığını öyrəndikcə, həm də onun yenidən yaşanmasına, inkişafına köməklik göstərmiş olur. Pedaqoji mədəniyyət xalq yaradıcılığından istifadə edərək, onu inkişaf etdirdiyindən və onun ayrılmaz tərkib hissəsi olduğundan deyilənləri istənilən tarixi-pedaqoji tədqiqata aid etmək olar.
Xalq pedaqogikasının səmərəliliyi nədədir? Xalq pedaqoqlarının fəaliyyətindəki güclü tərəflər hansılardır? Onlarda intuasiya, istedad və biliklər bir-biri ilə necə bağlıdır? Xalqın pedaqoji görüşləri ilə, pedaqoji təcrübəsi arasındakı qarşılıqlı əlaqə necədir? Böyüyən nəslin tərbiyəsi işində xalq pedaqogikasının təsiri necə olmalıdır?
Pedaqoji prosesdə tərbiyə işini dərindən bilən və onu daha da yaxşılaşdırmağa çalışan iştirakçıların sayı nə qədər çox olsa, bu prosesin böyüyən nəslə təsiri də bir o qədər səmərəli olar. Xalq pedaqogikası təkcə peşəkar pedaqoqların deyil, kütlələrin pedaqogikası, ümumxalq pedaqogikasıdır. Bununla bərabər, o, hər şeydən əvvəl pedaqoqlara, xüsusilə uşaq bağçalarının tərbiyəçilərinə və ibtidai sinif müəllimlərinə lazımdır. Xalq pedaqogikası ana doğmalığına, ata qüdrətinə, övlad məhəbbətinə – bir sözlə, ən ülvi tərbiyəvi hisslərə əsaslanır. Buna görə də o, bir növ pedaqoji inamı, pedaqoji müqəddəsliyi, belə demək mümkündürsə, pedaqoji dini özündə əks etdirir. Heç təsadüfi deyildir ki, Azərbaycan türklərinin dərin inamına görə: Allahdan aşağı, hər bir insan üçün atadan qüdrətli, anadan doğma, bacıdan mehriban və qardaşdan güvənli qüvvə yoxdur.
Beləliklə, xalq pedaqogikası – təlim-tərbiyə sahəsində xalq kütlələri tərəfindən empirik yolla gündəlik yaşayış şəraitinin təsiri altında əldə edilən təcrübələrin, formalaşan fikirlərin, ideyaların, qaydaların, adət-ənənələrin məcmusudur.
«Etnopedaqogika» məfhumunu elmə gətirənlərdən biri mərhum professor Əliheydər Həşimovdur. O, 1970-ci ildə nəşr etdirdiyi «Azərbaycan xalq pedaqogikasının bəzi məsələləri» əsərində yazırdı: «...Azərbaycan xalq pedaqogikası nümunələrində əks olunmuş tərbiyə ideyalarına başqa xalqların etnopedaqogikasında (kursiv bizimdir – İ.Əliyev) da rast gəlmək olar» (7, 49).
Etnopedaqogikanın «xalq pedaqogikası» anlayışından fərqli olduğunu ilk dəfə məşhur çuvaş alimi G.N. Volkov söyləmiş və bu sahəyə həsr edilmiş 376 səhifəlik «Etnopedaqogika» adlı əsər yazmışdır (15). Bundan sonra pedaqoji mətbuatda «etnopedaqogika», «etnopedaqoji materiallar» sözlərinə daha tez-tez rast gəlinir, müxtəlif tədqiqat əsərləri hazırlanıb nəşr edilir, etnopedaqoji məsələlərə həsr edilmiş elmi konfranslar keçirilir1, bir sözlə, etnopedaqogika pedaqoji elmlər sırasında yer tutmağa başlayır.
Bu sahədə tədqiqat aparanların demək olar ki, əksəriyyəti «etnopedaqogika» anlayışının mahiyyətini açmağa səy göstərmişlər.
Konkret olaraq «etnopedaqogika» anlayışına müxtəlif yanaşmalardan bir neçəsinə nəzər yetirək:
Etnopedaqogikanın ilk və fikrimizcə, nisbətən, dolğun tərifi G.N.Volkova məxsusdur. O yazırdı: «Etnopedaqogika – gənc nəslin tərbiyəsi üzrə xalq kütlələrinin təcrübəsi haqqında, onların pedaqoji görüşləri haqqında elmdir; məişət pedaqogikası, ailə, nəsil, qəbilə, xalq və millət pedaqogikası haqqında elmdir (16, 5).
2000-ci ildə nəşr olunmuş «Gtnopedaqoqika i gtnopsixoloqiə» kitabında etnopedaqogikaya bu cür tərif verilir.
– Etnopedaqogika – tərbiyəvi hadisələrə elmi baxışları özündə əks etdirən, sosial və pedaqoji prosesləri təhlil edən, pedaqogika ilə xalqın mədəni ənənələrinin qarşılıqlı əlaqəsini, qarşılıqlı təsirini öyrənən elmdir» (19, 6).
Etnopedaqogikanın yeni elm sahəsi olduğunu dolayısı ilə İ.T.Oqorodnikov da təsdiq edir.G.N.Volkovun bu sahədəki xidmətlərindən bəhs edərkən İ.T.Oqorodnikov yazır ki, «Volkov «xalq pedaqogikası» ilə «etnopedaqogika» anlayışlarını bir-birindən dəqiq surətdə ayırıbdır. Xalq pedaqogikası xalq təcrübəsinin, ideya və vasitələrinin təsviri ilə məşğul olduğu halda, etnopedaqogika – nəzəri fikir sahəsidir, elm sahəsidir. Əgər xalq pedaqogikası və etnopedaqogika üzrə iki növ müntəxabat tərtib edilsəydi, onda, birinciyə tərbiyə haqqında şifahi xalq yaradıcılığı əsərlərini, gənc nəslin tərbiyəsi ilə bağlı ənənələrin etnoqrafik təsnifini, ikinciyə isə xalq pedaqogikası və xalq tərbiyəsi haqqında pedaqoji elm xadimlərinin əsərlərindən parçalar daxil etmək lazım gələrdi» (15, 3).
«Xalq pedaqogikası» və «etnopedaqogika» anlayışlarına maraqlı yanaşmalardan biri professor Nurəddin Kazımova məxsusdur. Xalq pedaqogikasını pedaqoji elmin qollarından biri kimi təqdim edən müəllif yazır:
«Xalq pedaqogikası Azərbaycan nağıllarında və dastanlarında, atalar sözlərində və zərb-məsəllərində, tapmaca və bayatılarında, şifahi xalq yaradıcılığının digər növlərində təlim-tərbiyə, elm və təhsilə aid fikirlərin üzə çıxarılması, öyrənilməsi və təbliği ilə məşğul olur» (9, 18).
Göründüyü kimi, pedaqoji elmin qüdrətli simalarından olan N.Kazımov, əslində, etnopedaqogikanın tərifini vermiş, lakin onu «xalq pedaqogikası» adlandırmışdır.
Etnopedaqogikanı ümumi anlamda xalq tərbiyəsinin tarixi və nəzəriyyəsi kimi qəbul etmək mümkündür. Etnopedaqogika – etnik qrupların uşaqların tərbiyə və təhsili sahəsindəki empirik təcrübəsi haqda ailənin, nəslin, tayfa, xalq və millətin əxlaqi-etik və estetik baxışları haqda elmdir. Etnopedaqogika xalq pedaqogikasını izah edir və ondan müasir şəraitdə istifadə yollarını göstərir; etnik qrupların xalq ənənələrinin çoxəsrlik təbii inkişafı nəticəsində formalaşmış təcrübəsini toplayır və tədqiq edir.
Dostları ilə paylaş: |