XALQIN PEDAQOJİ MƏDƏNİYYƏTİ
II FƏSİL.
2.1.
Azərbaycan milli mədəniyyətinin
formalaşma tarixi haqqında qısa xülasə
Mədəniyyət və onun etnoqrafik formaları.
Milli mədəniyyət, onun maddi və mənəvi növləri.
Azərbaycan xalqının təşəkkül mərhələləri.
Azərbaycan milli mədəniyyətinin formalaşma mərhələləri.
Müasir dünyanın mədəni həyatında baş verən, bir-birinə zidd iki proses daha aktualdır: real şəkildə mövcud olan etnomədəni oyanış prosesi və mədəniyyətlərin inteqrasiyası prosesi. «Etnik paradoks» yaradan bu hadisələrin əsas xarakterik cəhəti odur ki, mədəniyyətlərin inteqrasiyası artdıqca, milli mədəni özünüdərk, mədəni özünütəsdiq meyilləri də güclənir. Problem etnopedaqogika ilə bilavasitə bağlı olduğundan məsələyə bir az ətraflı diqqət yetirək.
İnsan həyatı boyu müəyyən qrup insanlarla əhatə olunur, əlaqədə olur. Onun güvəndiyi, köməklik etdiyi, «özününkü» bildiyi adamlar olur. Məsələn, ailəsi, tayfası, qəbiləsi, yaxın qonşuları və s. Bu adamlar arasında anlaşma o qədər möhkəmlənir ki, dərin sosial köklərə malik olduğundan hər hansı bir qarşılıqlı münasibətə hamı tərəfindən sözsüz və iradsız əməl olunur. Bu qrupda insanlar tarixən qəbul edilmiş adət-ənənələrə ömürləri boyu əməl edirlər. Yəni belə qrupların mədəniyyəti keçmiş nəsillərə və ənənələrə əsaslanan mədəniyyətdir. Müasir etnoqrafiyada bu cür qrupların mədəniyyəti postfiqurativ mədəniyyət adlanır.
Dostları ilə paylaş: |