I mərhələ başlanğıc mərhələ adlanır və e.ə.I minilin atalarından bizim eranın I minilliyinin ortalarına qədərki bir dövrü əhatə edir.
II mərhələ coğrafi differensasiyanın başa çatması mərhələsidir. Tədqiqatçıların fikrincə bu mərhələdə Şərq, Şimali-Qərb və Cənubi-Qərb türkləri etnoqrafik, etnokulturoloji, etnopsixoloji və etnopedaqoji baxımdan ümumtürk xüsusiyyətləri ilə yanaşı, özlərinə məxsus regional xüsusiyyətlərə də intensiv şəkildə yiyələnirlər.
III mərhələ II minilliyin ortalarından başlayaraq müxtəlif türk xalqlarının özünəməxsus etnik xüsusiyyətlərinin formalaşıb möhkəmlənməsi dövrüdür.
Azərbaycan xalqının formalaşma tarixinə həmin mərhələlər baxımından yanaşan tədqiqatçılar bu fikirdədirlər ki, I mərhələdə, qismən də II mərhələnin əvvəllərində hun türkləri və onların törəmələri (qıpçaqlar) Azərbaycan ərazisinə Şimaldan gəlmiş və burada məskunlaşmışlar.
İkinci mərhələdə oğuz türkləri Cənub-Qərb tərəfdən Azərbaycana gəlmiş və yerli türklərlə qarışmağa başlamışlavr. Yalnız üçüncü mərhələnin ortalarından bu anlaşma, qarşılaşma, qarışma Azərbaycan xalqının digər türk xalqlarından fərqlənən özünəməxsus keyfiyyətlərin formalaşmasına gətirib çıxarmışdır.
Beləliklə, Azərbaycan xalqının formalaşmasında digər bir proses – inteqrasiya prosesi də mühüm rol oynamışdır. Azərbaycan xalqı məhz qədim türklərin diferensasiyası və yerli hun-qıpçaqlarla, gəlmə oğuz türklərinin inteqrasiyasını əhatə edən min beş yüz illik tarixi proses nəticəsində yaranmışdır. Bu sahədə mükəmməl təhlillər aparan Nizami Cəfərovun fikrincə, hun-qıpçaqlar, əsasən, ölkənin şimalını, oğuzlar isə cənubunu məskunlaşdırmışlar. Və hun-qıpçaqlar, xüsusilə oğuzlar yerli etnoslarla nəinki qaynayıb-qarışmışlar, əksinə, ya Azərbaycanın hüdudlarından sıxışdırıb çıxarmış, ya da yaşayış üçün qeyri-münasib saydıqları bu və ya digər məhdud regionda (dağlarda, dəniz sahillərində və s.) təcrid etmişlər.
«Azərbaycan xalqının təşəkkülündə hansı etnoslar aparıcı, hansılar ikinci dərəcəli rol oynamışlar?» sualına bir mənalı cavab vermək mümkündür – türk etnosları (onların da yuxarıda qeyd etdiyimiz kimi, müxtəlif inkişaf səviyyəsində olan müəyyən hissəsi) aparıcı, qeyri-türk etnosları isə ikinci bəzən üçüncü dərəcəli rol oynamışlar. Və elə qeyri-türk etnosları da olmuşdur ki, həmin prosesdə ümumiyyətlə iştirak etməmişlər» (1, 28).
Azərbaycan milli mədəniyyəti bu xalqın öz tarixi boyu yaratdığı maddi və mənəvi sərvətlərin məcmuyudur. Azərbaycan mədəniyyət tarixi ümumtürk kontekstində öyrənilməlidir. Şübhəsiz, Şərqi Sibirdən Baltik dənizinə qədər uzanıb gedən geniş ərazilərdə məskən salıb yaşayan böyük və kiçik bütün türk xalqları bir ana kök üzərində meydana gəlmişdir. Azərbaycan türklərinin də mədəniyyət tarixi məhz bu ana türk (prototürk) mədəniyyətindən başlanır. Bu mədəniyyətə malik xüsusiyyətləri özündə qoruyub saxlayan ümümtürk dili, mifologiyası və folkloru, həm də Azərbaycanın ən qədim mədəniyyət vahidləridir.
Digər bir tərəfdən, aparılan arxeoloji tədqiqlər nəticəsində Azərbaycan ərazisinin ilk sivilizasiya mərkəzlərindən biri olduğu məlum olur. Aparılmış tədqiqatlar sübut etmişdir ki, Azərbaycan ərazisində şüurlu insanlar (homo sapiens) otuz-qırx min il bundan əvvəl təşəkkül tapmışlar. Bəşəri mədəniyyətin ilk əlamətlərindən daha mükəmməl ov və əmək alətlərinə keçid məhz bu dövrlərin məhsuludur.
Qobustanda, Gəmiqayada, Kəlbəcər ərazisində qayaüstü rəsmlər – ov səhnələri, qayıq-gəmi şəkilləri, kainata dair müxtəlif simvolik işarələr, yallı səhnəsi, müxtəlif heyvan rəsmləri və s. həmin dövrdə yaşayan insanların yüksək şüura, mədəni inkişaf səviyyəsinə malik olduqlarını göstərir.
Qobustanda, həmçinin dəniz səviyyəsindən 3500 metr yüksəklikdə olan Gəmiqayada qayalar üzərində çəkilmiş gəmi rəsmləri şumer mədəniyyəti ilə sıx əlaqədən xəbər verir. Qədim Norveç saqalarından birində vikinq krallarının əcdadı olan Odin «Aser» adlanan yerdən gəlmişdir. Aser xalqı isə Qafqaz dağlarının və Qara dənizin şərqində, Xəzər sahillərində yaşamışlar. Odinin qatlanan gəmisi Azərbaycan qayaüstü rəsmlərindəki qatlanan dəri gəmi təsvirləri ilə eynidir. Azərbaycan tacirləri bu dəri gəmilərlə IV min il bundan əvvəl uzaq Babilistan və Çinlə əlaqə saxlaya bilirdilər (6).
Beləliklə, Azərbaycan mədəniyyətinin formalaşmasında bu ərazidə ən qədim dövrlərdən etibarən yaradılmış mədəni inkişaf nəzərə alınmaya bilməz. Yəni Azərbaycan mədəniyyətinin inkişaf tarixini dörd mərhələdən ibarət hesab etmək lazımdır:
Ən qədim dövrlərdən bizim eranın I minilliyinin ortalarınadək – ümumbəşəri, ümumtürk mədəniyyəti mərhələsi.
Azərbaycanda türk-müsəlman mədəniyyətinin ilkin formalaşması mərhələsi (eramızın əvvəllərindən II minilliyin ortalarınadək).
Azərbaycan milli mədəniyyətinin demokratik əsaslarda formalaşması mərhələsi (II minilliyin ortalarından XX əsrə qədər).
Müasir Azərbaycan mədəniyyəti mərhələsi (XX əsrin əvvəllərindən bu günə qədər).
Birinci mərhələ çox böyük bir dövrü əhatə edir və əslində özü bir neçə yerə ayrıla bilər. Məsələn,
a) ümumbəşəri arxaik – totemistik inkişaf mərhələsi;
b) qədim daş kitabələrdə və abidələrdə yaşayan mədəniyyət;
c) «Yaradılış», «Alp Ər Tonqa», «Oğuz kağan», «Göy türk», «Ərgənəkon» və s. türk eposlarında tarixləşən mədəniyyət.
Dostları ilə paylaş: |