Postfiqurativ mədəniyyət – dəyişikliklərin o dərəcədə yavaş və hissedilməz baş verdiyi mədəniyyətdir ki, babalar qucaqlarında tutduqları yeni doğulmuş nəvələrinə öz keçmişlərindən fərqlənən bir gələcək təsəvvür edə bilmirlər. Böyüklərin keçmişi yeni nəslin gələcəyi kimi təsəvvür edilir... «Mən kiməm? Mənsub olduğum mədəniyyətin nümayəndəsi kimi mənim həyatımın mənası nədir? Mən necə danışmalı, necə hərəkət etməli, necə yeməli, yatmalı, sevməli, qazanmalıyam, ölümü necə qarşılamalıyam?» kimi sualların cavabı əvvəlcədən hazır olur (9, 322-325).
Cəmiyyətin hazırkı inkişaf dövründə milli mədəniyyət sahəsində də müəyyən dəyişikliklər əmələ gəlmişdir. Müasir etnik birliklərdə ənənələrin toxunulmazlığına, onların sözsüz yerinə yetirilməsinə dəqiqliklə riayət olunmur. İndi müxtəlif etnik birliklərdə bəzi ümumiliklər meydana çıxır. Xalqların təsərrüfat həyatında, yaşam tərzində, yeyib-içməyi, incəsənəti, gündəlik həyat qayğılarında əhəmiyyətli dərəcədə yaxınlaşma nəzərə çarpır. Artıq bir yaşam modeli kimi əcdadların həyat tərzi, davranış normaları deyil, müasirlərinin, yaxın dostlarının, iş yoldaşlarının, müəyyən maraq əsasında yaranan birliklərdəki tərəfdaşlarının həyati baxışları və davranışları əsas götürülür. Lakin konfiqurativ adlandırılan bu mədəniyyət də insanların mənsub olduğu nəsillər arasında vərəsəliyi aradan qaldıra bilmir. İnsanlar malik olduqları etnik xüsusiyyətləri – dil, din, tarixi yaddaş, ədəbiyyat, incəsənət, ərazi ümumiliyini dərk edərək, qoruyub saxlayırlar.
Yuxarıda əsərindən sitat gətirdiyimiz amerikan etnoloqu M.Mid XXI əsrdə hökm sürəcək daha bir mədəniyyət forması haqda danışır. Onun fikrincə, gələcək mədəniyyətdə etnik mənsubiyyət və ya uşaqların müasirləri deyil, onların özü əsas rol oynayacaqdır. Bu halda valideynin, əcdadların keçdiyi həyat yolu, böyüyən nəsil üçün bir nümunə, bir model olmayacaq, nəsillər arasında əlaqələr getdikcə zəifləyəcək, qırılacaq, etnos anlamı öz mahiyyətini itirəcəkdir. M.Mid öz fikrini əsaslandıraraq göstərir ki, lap bu yaxınlaradək yaşlı adamlar öz uşaqlarına, «qulaq as; mən sən yaşda, yəni gənc olmuşam, amma sən hələ ki, yaşlı deyilsən» deyərək müəyyən problemin həllində haqlı olduqlarını, buna görə də uşaqların yaşlıların fikirləri ilə razılaşmağa məcbur olduqlarını sübut edə bilirdilər. Bu gün isə gənclər yaşlılara belə deyir: «Sən heç vaxt mənim gənc olduğum mühitdə gənc olmamısan, və bundan sonra da ola bilməyəcəksən».
Yəni müasir zəmanənin xüsusiyyətləri keçmiş nəsillərin həyat tərzindən öz qanunları və qanunauyğunluqları ilə əsaslı surətdə fərqlidir. Buna görə də M.Midin fikrincə, müasir gənclik öz əcdadından, keçmiş nəsillərdən həyatı üçün zəruri olan heç bir sosial əsas götürə bilməyəcəkdir. Əksinə, yaşlılar uşaqlardan öyrənəcəklər. Bu cür mədəniyyət prefiqurativ mədəniyyət adlanır.
Lakin müasir dünyanın sosial inkişaf xüsusiyyətləri bu nəzəriyyənin əsassız olduğunu sübut edir. Demək olar ki, bütün ölkələrdə soykökünə qayıdış, etnosun müəyyənləşməsi kimi məsələlərdə bir irəliləyiş nəzərə çarpır. Müasir etnopedaqoji tədqiqatlar sübut edir ki, hər bir konkret insan üçün doğma xalqın mənəvi mədəniyyətindən kənarda, sözün həqiqi mənasında, ləyaqətli, yararlı tərbiyə yoxdur.
Müasir dünyanın mədəni həyatında baş verən bu kimi prosesləri daha aydın dərk etmək üçün «mədəniyyət», «milli mədəniyyət» və «pedaqoji mədəniyyət» anlayışlarının mahiyyətini bilmək lazımdır.
Müasir elmi ədəbiyyatda «mədəniyyət» anlayışı kifayət qədər ətraflı işlənmişdir. Filosoflar indiyə qədər mədəniyyətə beş yüzə yaxın tərif verildiyini göstərirlər. «Mədəniyyət – cəmiyyətin bütün tarixi boyu əldə etdiyi maddi və mənəvi sərvətlərin məcmusudur, həmçinin onların yaradılması qabiliyyəti və bəşəriyyətin tərəqqisi üçün onlardan istifadə etmək və onları nəsildən nəsilə vermək bacarığıdır» (6, 18).
Bu tərifi, ümumilikdə götürdükdə, bəşəri mədəniyyətə aid etmək olar və bu mənada mədəniyyət ümumiləşmiş məfhumdur. Ümumiyyətlə bəşəriyyət ayrı-ayrı cəmiyyətlərin bütövlükdə ifadəsi olduğu kimi, ümumiyyətlə «mədəniyyət» də müxtəlif insan birliklərinin – xalqların, millətlərin yaratdığı maddi və mənəvi sərvətlərin məcmusudur. Bu sərvətlər bütün bəşəriyyətin nailiyyəti sayılsa da, bu nailiyyətdə hər bir xalqın özünəməxsus payı, rolu, xidməti vardır. Bundan başqa, elə maddi və mənəvi sərvətlər var ki, onlardan bütün bəşəriyyət istifadə edir, elələri də vardır ki, ayrı-ayrı millətlərin həyatına aiddir. Bu halda ümumiyyətlə «mədəniyyət» anlayışı ilə yanaşı «milli mədəniyyət» anlayışı da meydana çıxır.
Dostları ilə paylaş: |