Nizami Cəfərov isə xalqı «super etnos» adlandırır: «Azərbaycanlılar bir xalq (super etnos!) olaraq dünyanın sosial-siyasi baxımdan kifayət qədər «narahat» bir coğrafiyasında, min ildən artvq davam edən mürəkkəb etnik proseslərin nəticəsində formalaşmışdır» (3, 5).
Buraya qədər deyilənləri ümumiləşdirərək belə bir qənaətə gəlmək olar ki, etnik birlik insanların tayfa, qəbilə, xalq, millət şəklində meydana çıxan sabit sosial qruplarının tarixən formalaşmış növüdür.
Hər bir insan eyni zamanda müxtəlif etnosların üzvü ola bilir. Amma insan üçün bəzi etnoslar zəif, bəziləri isə möhkəm, stabil olur. Bir etnosun məhv olması ehtimalına etinasız yanaşan insan digər bir etnos haqda bu fikri qəbul etmək istəmir.
İrrasional məqsədlərin rasionallaşması və nəticədə «bolluq», «xeyirxahlıq», «gözəllik», «həqiqət» kimi kateqoriyaların təsiri ilə həmin etnosun xarakterik xüsusiyyətləri, keyfiyyətləri formalaşmağa başlayır. Hər bir etnos bu xüsusiyyətlərinə müvafiq olaraq nəyin yaxşı, nəyin pis, nəyin ədalətli və ya ədalətsiz olduğunu müəyyən edir. Onlarsız etnos mövcud ola bilməz.
Hər bir etnos özünəmüvafiq, xarakterik xüsusiyyətlərinə, psixologiyası və həyat tərzinə uyğun etnik dəyərlər (normalar) müəyyən edir. Etnosun sosial, psixoloji və mənəvi (etik) normalarının fərqləndirmək olar.
Hər bir etnosun özünəməxsusluğu ayrıca götürülmüş müəyyən komponentin dominantlığı ilə deyil, onun bütün obyektiv cəhətlərinin vəhdəti ilə yaranır. Amma bu, etnosun onu təşkil edən əlamətlərin sadəcə məcmuyundan ibarət olması anlamında başa düşülməməlidir. Etnosun komponentləri bir-biri ilə sıx əlaqədə, qarşılıqlı təsirdə olsalar da, bir halda etnosun formalaşmasında dil, digərində, təsərrüfat və məişət ümumiliyi, bir başqasında davranış normaları müəyyənedici rol oynaya bilər.
Hər hansı etnik birliyin yaranması (etnogenez) bu birliyə daxil olan insanların bilavasitə əlaqələri ilə xarakterizə olunur. Adətən, bu, insanların ərazi birliyi şəraitində mümkün olur. Bu halda, ərazi birliyi hər şeydən əvvəl, etnosun formalaşması şərti kimi meydana çıxır. Bununla yanaşı ərazi birliyi, həm də etnosun özünüistehsalının da əsas şərtidir. Ərazi birliyində əks olunan təbii şərait insanların həyatına, psixoloji xüsusiyyətlərinə, mədəniyyətinə, adət-ənənələrinə təsir göstərməyə bilməz. Amma bununla belə, ərazicə bir-birindən ayrı düşmüş insanlar da mənsub olduqları etnosun xüsusiyyətlərini uzun müddət özlərində yaşadırlar.
Təhlildən aydın olur ki, etnos haqda vahid fikir hələlik yoxdur. Etnoqrafik və etnopedaqoji baxımdan «etnos» termini «xalq» termininə yaxındır. Bəzən bu terminlə bir neçə xalq əhatə olunur; etnolinqvistik qrup (məsələn, qazaxlar, özbəklər, türkmənlər, azərbaycanlılar və b. – türk etnolinqvistik qrupu), bəzən isə xalqın daxilində mövcud olan azsaylı insan birlikləri (etnoqrafik qruplar) başa düşülür.
Etnos – sosial qruplaşmanın təbii-tarixi inkişaf nəticəsində insanların iradəsindən asılı olmayaraq meydana çıxmış xüsusi növüdür. Etnosun xarakterik cəhəti onun davamlılığıdır; etnos çox uzun əsrlər boyu öz mövcudluğunu qoruyub saxlaya bilən insan qrupudur. Hər bir etnosu digərlərindən fərqləndirən daxili vəhdəti və xüsusi cəhətləri olur. Etnosdaxili vəhdətin möhkəmliyi insanların etnik özünüdərkinin xüsusiyyətlərindən asılıdır. Bu xüsusiyyətlər etnos üzvlərinin həyat tərzinin müxtəlif sahələrində özünü büruzə verir. Etnosun mühüm xüsusiyyətlərindən biri onun üzvləri arasında ünsiyyətin əsas vasitəsi olan dildir. Etnosun mövcudluğunun digər bir əlaməti mədəniyyət birliyidir. Buraya ilk növbədə, yaşayış yerləri, təsərrüfat növləri və avadanlıqları, geyim, qida növləri kimi kütləvi xarakterli maddi mədəniyyəti və adət-ənənələr, xalq sənət növləri, din və s. kimi mənəvi mədəniyyəti aid etmək olar. Etnos üzvlərinin mədəni birliyi onların psixoloji xüsusiyyətləri ilə sıx əlaqədar olur.
Dostları ilə paylaş: |