N.N.Çeboksarovun fikrincə, «etnik birlik dedikdə təkcə xalqlar və etnoslar deyil, həm də bu xalqların hissələrini təşkil edən kiçik qruplar, ümumi mədəni və dil xüsusiyyətlərinə malik olan qohum xalqlar başa düşülməlidir» (21, 92).
Bu fikri G.B.Bromley də dəstəkləyir, həm də əlavə edir ki, etnik birlik dedikdə bütün etnik ierarxiya – etnoqrafik qrupdan tutmuş etnolinqvistik birliklərə qədər hər şey başa düşülməlidir. Etnos anlayışı altında, adətən, elə etnik özək başa düşülür ki, sadə danışıq dilində ona xalq deyilir; daha doğrusu, bu ifadə altında tayfa, xalq, milliyyət başa düşülür.
L.N.Qumilyov etnosa sosial deyil, təbii, coğrafi hadisə kimi baxır. Onun fikrincə, «etnos – xüsusi daxili quruluşa və orijinal davranış stereotipinə malik olub, özünü digər analoji kollektivlərə qarşı qoyan («biz» və «özgələr») bu və ya digər insan kollektividir» (17, 285).
V.İ.Kozlov etnik birliyə aşağıdakı kimi tərif verir.
Xalq və ya etnik birlik – müəyyən ərazidə insanların artıq malik olduqları və ya müxtəlif əlaqələrin (təsərrüfat, mədəni və s.) inkişafı nəticəsində əldə etdikləri dil birliyi, mədəniyyət və məişətdə olan eyniliklər və psixi xüsusiyyətlərinin ümumiliyi əsasında yaranan sosial orqanizmdir.
Onun fikrincə, etnik birliklərin əsas əlamətləri bunlardır:
etnik özünüdərketmə və özünü adlandırma;
dil;
ərazi;
mədəni xüsusiyyətlər;
sosial-ərazi baxımdan təşkilin müəyyən formasına malik olma və ya bu cür təşkil olunmağa səy göstərmə.
Göründüyü kimi, V.İ.Kozlova görə «xalq» və «etnik birlik» anlayışları eyni anlamda başa düşülür.
Akademik Y.V.Bromley etnik vahidlər kimi müəyyən etnosa xas olan xüsusiyyətləri özündə daha çox, daha aşkar əks etdirən və ictimai inkişafın müstəqil vahidləri kimi çıxış edən insan qruplarını götürür və bu qrupları üç yerə bölür:
Elementar etnik vahidlər – bunlar əsas etnik vahidlərin hüdudları daxilində mövcud olan ən kiçik etnik hissələrdir.
Subetnik hissələr – əsas etnik vahidlərin tərkib hissələri olub, etnik xüsusiyyətlərin daha az intensivliklə təzahür etdiyi birliklərdir. Belə birliklər etnoqrafik qruplar hesab olunurlar.
Makroetnik birliklər – bir neçə əsas etnik vahidi əhatə edən birliklərdir. Bu birliklər də etnik xüsusiyyətlərin intensivliyinə görə onu təşkil edən etnik vahidlərdən daha az fəaldır (14, 33).
Qeyd olunmalıdır ki, etnik birliklərin tipologiyası problemi də tam həll olunmamışdır. Xarici ədəbiyyatda etnik birliklərin iki tipi fərqləndirilir:
a) sinifli cəmiyyətə qədərki dövr üçün xarakterik olan tip – tayfa
b) inkişaf etmiş cəmiyyət üçün xarakterik olan tip – millət.
Postsovet məkanında ictimai-iqtisadi formalaşmalara uyğun olaraq üç tip müəyyən edilirdi: tayfa, xalq və millət.
Dostları ilə paylaş: |