Məktəblərdə verilən tərbiyə bütövlükdə xalq tərbiyəsi demək deyil, yalnız onun bir parçası ola bilər. Həyat sübut edir ki, millətin inkişafının əsasında xalq tərbiyəsi durur. Uşinskinin fikrincə, xalqın tarixi inkişafı prosesində yalnız xalq tərbiyəsi canlı orqandır. Əsarətə, istismara, qeyri-bərabərliyə qarşı sinfi mübarizə, quldarlara, feodallara qarşı üsyanlar təkcə qabiliyyət və məğlubiyyətlə dolu günlərin deyil, kütlələrin, ayrı-ayrı şəxsiyyətlərin əxlaqi və mənəvi inkişafının tarixidir. Spartak, Puqaçov, Koroğlu, Qaçaq Nəbi kütlələrin sadə başçıları deyil, həm də onların tərbiyəsi üçün örnəklər idi. Xalq onlara şeirlər, mahnılar, dastanlar qoşur, bu yaradıcılıq nümunələrinin də əsasını azadlıq ideyaları, xalqa, vətənə məhəbbətin təbliği təşkil edirdi.
Tarix – xalq pedaqogikasının çox qüdrətli vasitələrindən biridir. Əsrlər boyu şifahi xalq yaradıcılığında qorunub saxlanan tarixin dərsləri, gələcək nəsillərin mərd mübarizlərinin mənəvi-əxlaqi baxımdan formalaşmasına qüdrətli təsir göstərmişdir. Təhsilə və maarifə yaxın buraxılmayan əməkçi kütlələrin övladları xalq kütlələrinin tarixi hərəkatlarda iştirakı əsasında, nümunəsində tərbiyə olunurdular. Şifahi xalq yaradıcılığında insanlığın əxlaq kodeksi tam şəkildə mövcuddur. Bu kodeksin maddələri valideynlərə məhəbbət, sədaqət və düzgünlük; əməyə məhəbbət, avaralıq və tənbəlliyə nifrət; zülmə, zülmkara, istismara qarşı barışmazlıq; düşməndən qorxmamaq, təbətin qorxunc qüvvələri qarşısında özünü itirməmək; yaşlılara və qocalara hörmət, mərhəmət, qayğı və s. kimi yüksək əxlaqi keyfiyyətləri özündə əks etdirir. Yüzlərlə, bəlkə minlərlə il bundan əvvəl yaradılmış xalq pedaqogikası abidələrində pedaqogikanın sadə, ilkin tələbləri, təlim-tərbiyənin qayda və üsulları artıq müəyyənləşmiş olur. Burada uşaqların əməyə alışdırılmasından, uşaq əmək alətlərindən, uşaq bayramlarından, nəğmələr və musiqi alətlərindən, uşaq aləminin əxlaqi kodeksindən, gənclərin estetik ideallarından və s. bəhs edilir. Qədim uşaq oyuncaqları heyrətamiz dərəcədə pedaqojidir. Onlar xalq kütlələrinin, müdrikliyinin, yüksək pedaqoji mədəniyyətinin göstəriciləri, təkzibolunmaz dəlilləridir. Xalq pedaqoqları uşaqların psixoloji xüsusiyyətlərini necə də incəliklərinə qədər bilirmişlər! Hətta öz uşaqlarının belə tərbiyəsi ilə məşğul olmayan yüksək təbəqəyə mənsub olan hakim sinif nümayəndələri oyuncaq kəşf etməkdən yəqin ki, çox uzaq idilər. «İlk tərbiyəçi – xalqdır» (Uşinski). Deməli, bəşəriyyətin pedaqoji mədəniyyətinin həqiqi yaradıcısı da xalqdır.
Əlbəttə, pedaqogika tarixində Sparta və Afina tərbiyə sistemlərinin də, ritorika, qrammatika, rəqəm məktəblərinin də rolu olmuşdur. İnsanların pedaqoji mədəniyyətinin tamlığı üçün dini məktəb, mədrəsələr də əhəmiyyətsiz olmamışdır. Ancaq nəzərdən qaçırmaq olmaz ki, adı çəkilən məktəblərdə yalnız müəyyən imtiyazlara malik yüksək təbəqə uşaqları oxuya bilərdilər. Bir çox pedaqoji ideyalar ona görə tarixin səhifələrindən silinmişdir ki, onlar xalqın dəstəyini qazanmamışdır, xalq adətlərinə uyğun gəlməmişdir.
Öz növbəsində xalq öz tərbiyə sistemini yaratmışdır. Məlum nümunəyə nəzər salaq. Qədim türklərdə o adam həddi-buluğa çatmış hesab olunurdu ki, o, baş kəsib-qan tökmüş, igidlik göstərmiş olsun.
Xalq mənəvi milli-mənəvi dəyərlərin yeganə tükənməz mənbəyidir. Dahi şairlər, rəssamlar, bəstəkarlar xalqa bağlı olmuş, xalqdan ilham almışlar. Buna görə də onların yaratdıqları xalq tərəfindən qiymətləndirilərək zəmanəmizə qədər gəlib çatmışdır. Xalqda mənəviyyatın və estetik dəyərlərin əsas ölçüsü əməkdir. Estetik tərbiyə həmişə əmək tərbiyəsi prosesində həyata keçirilmişdir. Məsələn, əkinçilərin, toxucuların, çobanların nəğmələrinə fikir verək: onlar yer şumlayaraq nəğmə oxuyur, toxuya-toxuya bayatı deyir, oxuyur, sürünü otara-otara tütək çalır, sayaçı sözləri qoşur, müxtəlif rəvayətlər uydurur, nağıllar yaradır və söyləyirdilər. Təsadüfi deyil ki, xalqın epik yaradıcılığında əmək mövzusu əsas yer tutur.
Əmək və estetik tərbiyənin vəhdəti həm də zəhmətkeşlərin istifadə etdikləri əmək alətlərini yüksək bədii zövqlə hazırlamaqda özünü büruzə verirdi. Bu alətlər işlətmək üçün rahat olmaqla yanaşı, həm də gözəl olmalı, göz oxşamalı, insanın əhvali-ruhiyyəsinə müsbət təsir göstərməli idi. Xalq ən ağır əməkdə belə sevinc axtarırdı, o işi sevərək görməyə çalışırdı.
Əməkçi insanlar həyatın bütün sahələrində, bütün fəaliyyətləri boyu gözəllik yarada bilirdilər. Gənc qızlar necə də gözəl naxışlar vurur, könülləri oxşayan, xalqın estetik və bədii zövqünü ümumiləşmiş şəkildə əks elətdirən xalçalar toxuyurdular. Eyni sözləri estetik baxımdan mükəmməl əsərlər yaratmış dulusçular, misgərlər, xarratlar, xalq heykəltəraş və memarları haqda da demək olar. Bu bədii zövq əsrlər uzunu formalaşmışdır. Deməli, pedaqoji mədəniyyətin qaynaqlarını təkcə tərbiyə prosesində deyil, xalqın bütün həyat tərzində axtarmaq lazımdır. Əməkçi adamlar tərəfindən yaradılmış gözəllik – onların mənəvi dünyasının gözəlliyi, eyni zamanda pedaqoji mədəniyyətin gözəl nəticələrinin sübutudur.
Dostları ilə paylaş: |