Vəsiyyət – insanın həyatdakı son iradəsi, son arzusu, eyni zamanda son öyüdüdür. Müasir dövrdə «vəsiyyət» adlı hüquqi akt mövcuddur ki, o, «vəsiyyətnamə» adlı hüquqi sənədlə təsbit olunur. Bu cür vəsiyyətnamə adamın son iradəsinin ifadəsidir və onun ölümündən sonra qüvvəyə minir. Vəsiyyətnamələr, əksər hallarda, mal, var-dövlət, əmlak bölgüsü haqda olur.
Xalq arasında tərbiyə üsulu kimi işlədilən vəsiyyət isə insan hələ sağ ikən övladlarına, yaxın adamlara bilavasitə ünvanlanır. Vəsiyyət övladların gələcək həyatlarını necə qurmalı olduqları, kimlərə necə münasibət bəsləmələri, hansı keyfiyyətlərdən imtina edib, özündə hansı keyfiyyətləri formalaşdırmaq qayğısına qalmaları barədə, bir sözlə, sırf tərbiyə məqsədləri haqda olur.
El arasında belə bir ifadə var: «Vəsiyyət – yüngüllükdür». Bu ifadə iki cür başa düşülür. Əvvələn, ölümünün yaxınlığını hiss edən adam ürəyində olanları, oğul-uşağına son öyüdünü verdiyindən bir az rahatlanır. Burada vəsiyyət «yüngüllük», «yüngülləşmək», «rahat olmaq» mənasındadır.
Bir başqa anlamda isə bu ifadə «sən saydığını say, gör fələk nə sayır» paremisinin sinonimi kimi çıxış edir. Yəni «sənin vəsiyyətinin hər hansı səbəb üzündən həyata keçəcəyinə o qədər də inam yoxdur». Hadisələrin gedişi bir çox amillərin təsiri ilə dəyişə bilər. Ona görə də «yüngül xasiyyətlilik edib, indidən vəsiyyət etmə. Ola bilsin ki, sən hələ çox yaşayacaqsan».
3.2.
Dostları ilə paylaş: |