Bərk qaçan Qazlıq ata namərd igid minə bilməz, minincə, minməsə yaxşıdır.
Vura bilən igidə oxla qılıncdan bir çomaq yaxşıdır!
Qonağı gəlməyən böyük evlər yıxılsa yaxşıdır!
At yeməyən acı otlar bitincə, bitməsə yaxşıdır!
Adam içməyən acı sular sızınca, sızmasa yaxşıdır!
Ata adını ucaltmayan fərsiz oğul ata belindən enincə, enməsə yaxşıdır! Ana bətninə düşüncə, doğulmasa yaxşıdır!
Ata adını yaşatmaqçın ağıllı oğul yaxşıdır!
Yalan söz bu dünyada olunca, olmasa yaxşıdır!
Doğrucul adamlar yüz yaşasa yaxşıdır!
Cetdiyi yerin otlaqlarını keyik tanıyar!
Uzaq yerlərin çəmənlərini qulan tanıyar.
Ayrı-ayrı yollar izini dəvə tanıyar.
Yeddi dərə qoxularını tülkü tanıyar.
Gecə ikən karvan köçdüyünü torağay bilər.
Oğulun kimdən olduğunu ana bilər.
Ərin ağzının kəsərini at bilər.
Ağır yükün zəhmətini qatır bilər.
Hansı yerdə sıyrılan varsa, çəkən bilər.
Qafil başın ağrısını beyni bilər.
Ər comərdini, ər namərdini ozan bilər.
Dizini yerə basıb oturanda qadın gözəldir.
Sinəsindən ağarırsa, ata gözəldir.
Ağ südünü doyunca əmizdirsə, ana gözəldir.
Yanaşıb yola girəndə buğur gözəldir.
Sevgili qardaş gözəldir.
Uca evin yanında qurulsa gəlin çadırı gözəldir.
Uzunca ipi də gözəldir, Oğul gözəldir.
Yiyəsi olan yekəlir, qabırğalı böyüyür.
Ana haqqı – tanrı haqqı.
Dərinlik gizlədər, çoxluq qorxudar.
At işləyər, ər öyünər.
Atsız kişinin ümidi olmaz.
Ata oğul qazanar ad üçün.
Oğul da qılınc qurşanar ata qeyrəti üçün.
Piyada yolçunun ümidi olmaz.
Ata ölsə oğul üçün, eyibdir.
Qarşı yatan uca dağlar istəsə, el yaylar.
Aşqın-daşqın sellər-sular istəsə, axar-çağlar.
Qaytabanda qızıl dəvə sağlam olsa, doğar-törər.
Qapacıq atlar sağlam olsa, qulun verər.
Yaylaqdakı ağca qoyun sağlam olsa, quzulayar.
İgid bəylər sağlam olsa, oğul doğular.
Öyünməklə arvaddan kişi olmaz.
Atalar sözlərinin toplanılıb yazıya alınmasının ilkin təcrübələrindən sayıla bilən qüdrətli abidələrdən biri də Mahmud Kaşğarlının «Divani-luğat-it-Türk» əsəridir. Bu əsər orta dövrün dörd fundamental abidəsindən biridir: Türk və dünya ədəbiyyatının ən nadir incilərindən biri hesab edilən, türk dillərinin oğuz qrupuna aid «Kitabi-Dədə Qorqud», bəşər mədəniyyətinin həcm etibarilə ən böyük əsəri olan, qıpçaq qrupuna aid «Manas» dastanı, Yusif Xas Hacib Balasaqunlu tərəfindən yazılıb, karluq qrupuna mənsub olan «Qutadğu Bilig» poeması. Türk dillərinin həmin dövr üçün bütün qrup, dil və ləhcələrinin hamısını özündə cəmləşdirən abidə isə Mahmud Kaşğarinin 1072-1074-cü illərdə yazdığı «Divanü-lüğat-it-Türk» əsəridir.
«Əsərdə min il bundan əvvəlki türklüyün bütün xüsusiyyətləri – başda dil və ədəbiyyatı olmaqla türkün tarixi, coğrafiyası, mədəniyyəti, iqtisadiyyatı, mənəvi-milli dəyərləri, psixologiyası, dünyagörüşü, həyat tərzi, adət və ənənələri, ailə, qohumluq, qonşuluq və ümumən sosial münasibətləri, geyimi, silahları, mət-bəxi, oyunları, əyləncələri ... bir sözlə, hər şeyi ideal şəkildə öz əksini tapmışdır. Mükəmməl məlumat və biliklər toplusu yaratmaq sahəsində Mahmud Kaşğari Qərbi Avropanın maarifçi-ensiklopedistlərini 7 əsr qabaqlamışdır» (14, 9).
Mahmud Kaşğari bu kitabda 318 sav, yəni atalar sözü və məsəl, deyim, kəlam, aforizm də vermişdir.
M.Kaşğari atalar sözlərini «qayğılı və sevincli günlərdə yüksək düşüncələr ifadə edən hikmətli sözlər» adlandırır. Şifahi şəkildə türk xalqları arasında yayılan, nəsillərdən nəsillərə qiymətli ərməğan kimi təqdim edilən bu atalar sözü və məsəllər türk xalqlarının dünyagörüşünü, milli-mənəvi dəyərlərini, yaşam tərzini, həyati hadisə və faktlara münasibətini, bir sözlə xalqın uzun əsrlər boyu formalaşan fəlsəfi baxışlarını əks etdirir, insanları müdrik xalq xəzinəsi əsasında tərbiyə edir.
Atalar sözlərinin hamısı etnopedaqoji baxımdan əhəmiyyətlidir. Fikrimizcə, müasir dövrdə onlardan istifadənin əhəmiyyətini çatdırmaqdan ötrü pedaqoji baxımdan təhlili, incələnməsi məqsədə müvafiq olardı. Əlbəttə, «Divan»da olan atalar sözləri və məsəllərin də hamısını təhlil etmək çox əhəmiyyətli məsələdir və ayrıca tədqiqat tələb edir.
Bu atalar sözlərini oxuduqca düşünürsən ki, yalnız müdrik xalqın həyat təcrübəsi, məntiqi təfəkkürü nəticəsində bu cür sanballı ifadələr yaranması müm-kündür. Nümunə kimi bir neçə atalar sözünə nəzər salaq.
Dostları ilə paylaş: |