4.1.
Atalar sözləri müdriklik xəzinəsidir
Atalar sözləri haqda məlumat.
«Kitabi-Dədə Qorqud» dastanlarında atalar sözlərinin sistemi haqda.
Dastanda insan və şəxsiyyətin formalaşmasına aid atalar sözləri.
«Divani-lüğat-it-Türk» əsərindəki atalar sözlərinin etnopedaqoji təhlilən dair.
Atalar sözlərinin pedaqoji imkanları.
Atalar sözlərindən ailə tərbiyəsində istifadə imkanları.
Tərbiyənin tərkib hissələri baxımından atalar sözlərinin imkanları.
Xalq yaradıcılığının ən çox yayılmış nümunələri atalar sözləridir. Cəmiyyət həyatının elə bir sahəsi yoxdur ki, atalar sözlərində əks olunmasın. Xalqın həyat fəlsəfəsinin dərinliyini qeyri-adi bir tamlıqla ifadə eləyən atalar sözlərini Şərq xalqları «dilin gülzarı», «ipə-sapa düzülməmiş incilər», yunanlar və romalılar «hakim fikirlər», ruslar «ibrətamiz, qanadlı ifadələr», italyanlar «xalq məktəbi», ispanlar «ruhun təbiəti» adlandırmışlar. Türk xalqlarının möhtəşəm abidələrindən olan «Oğuznamə»yə yazdığı ön sözdə professor Samət Əlizadə atalar sözlərini belə təqdim edir:
«Atalar sözləri bugünkü oxucuya nə verir, hər bir paremik vahidin ən qiymətli cəhəti nədədir: yığcamlığındamı, nəsihətamiz ruhunda, obrazlılığında, ahəngindəmi və ya dərin ictimai-fəlsəfi məzmunundamı? Əlbəttə, bu xüsusiyyətlərin ideal vəhdətində!
Hətta biz atalar sözlərinə su, çörək, udduğumuz havatək o qədər vərdiş etmişik ki, az qala onları adiləşdirmişik: gündəlik məişət nitqimizdə də, elmi tədqiqatlarda da. Bu, əsl möcüzədir ki, «atasız-anasız» doğulan hər bir paremik vahid uzun məsafələr, dolanbac yollar keçib, əcdadımızın canl səsini, nəfəsini, gah nikbin, gah da bədbin əhval-ruhiyyəsini, təcrübədən çıxmış öyüd-nəsihətini, müzəffər dərrakəsini tarixin qaranlıq girdabından çıxarıb bizə çatdırır. Doğrudan da atalar sözü bütün sözlərdən uludur, cümlə miqyaslı, traktat siqlətli sözdür, hər bir atalar sözündə bir kitablıq fikir, məlumat xəzinəsi vardır.
Düzlüyü, sərrastlığı, aydınlığı, emosionallığı, lakomizmi və bədii təsir gücü ilə atalar sözünə bərabər tutulası söz hanı?!...
... Atalar sözü köhnəlmir-sönmür, getdikcə cilalanıb xalqın fikir-zəka göylərində ulduz kimi parlayır. Zamanların və nəsillərin, müxtəlif ictimai forma-siyaların ağır sınaqlarından şərəflə keçdiyi üçün bu müdriklik dəfinələri ömrün, ləyaqətin, dostluğun, məhəbbətin, düşmənə nifrətin, ümumiyyətlə, bütün həyati hadisələrin, bütün bəşəri həqiqətlərin əsl meyarı, dəqiq məhək daşı olur.
Atalar sözü xalqın əqli birliyinin təntənəsi, parlaq təzahürüdür. Xalqın zehni inkişaf səviyyəsini, fitri istedadını, estetik duyumundakı zərifliyi büruzə verən əsas amildir. Hər bir paremik vahid neçə-neçə yüzilliklər arxasından bu günümüzə uzanan incə tellər kimi gərilmişdir; ani titrəyişdən, xəfif bir təmasdan mənsub olduğu xalqın taleyi, madddi-mənəvi güzəranı barədə saysız-hesabsız hekayətlər söyləməyə qadirdir...
... Atalar sözü timsalında xalq öz zəkasının və dilinin ülviyyətinə, kəsərinə sığınmışdır; hər bir kəlam bir növ, «tabu»dur; istənilən gümandan, sualdan azaddır; hər fikri, hər etik-əxlaqi tövsiyyəsi dərin daxili inamla qəbul olunan pozulmaz qanundur. Çünki xalq əzəl-binadan öz atalar sözlərini yazılmamış müqəddəs kitabın ayələri tək qavramışdır» (7, 10-11).
Atalar sözləri özündə keçmişi ehtiva etməklə məhdudlaşmır: o, həm də xalqın bu günkü canlı səsi, çağırışıdır. Xalq bu gün gərəkli, sabah isə zəruri olanı qoruyub saxlayır. Keçmişdə olanlardan bəhs etsə də, atalar sözləri bu günün və gələcəyin tələbləri baxımından qiymətlidir. Xalq atalar sözlərində ifadə olunmuş keçmiş həqiqəti bugünkü idealına nə dərəcədə uyğun gəlib-gəlməməsi baxımından qiymətləndirir.
Atalar sözləri kollektiv təfəkkür məhsulu kimi bütün xalqın fikrini ifadə edir. Əlbəttə, hər hansı aforizm ilkin olaraq ayrıca bir şəxs tərəfindən söylənilir. Amma o, bütün xalqın fikrini ifadə etmirsə, atalar sözünə çevrilmir. Buna görə də sərraf ağlıyla söylənilmiş ifadə bəzən müəllifli aforizm kimi qalır, bəzən isə kollektiv təfəkkürün məhsulu olaraq atalar sözləri kimi yaşayır.
Atalar sözü hər bir xalqın əcdadının, ulu babalarının, atalarının bu günkü nümayəndəsinə və gələcək xələflərinə ünvanlanmış səsidir. Ümumiləşdirmə gücünə, yığcamlığına və obrazlı ifadə tərzinə, fikir tutumu, bədiyyati və fəlsəfi dərinliyinə görə bir müdriklik xəzinəsi olan, neçə-neçə qərinələr aşıb-adlayaraq günümüzədək qorunub saxlanan və din-iman qədər əziz tutulan bu milli təfəkkür inciləri məhz müqəddəs bilinib tapınılan ulu əcdadların ruhuna ehtiram əlaməti olaraq da «atalar sözləri» adı ilə adlandırılmışdır.
Atalar sözlərinin toplanması sahəsində
Dostları ilə paylaş: |