Tapmacaların maraqlı formalarından biri nağıl-tapmacalardır. Bu cür tapmacaların da iki növünə rast gəlinir. Bəzən bir nağılın içərisində personajlardan biri öz fikrini süjetli tapmaca ilə çatdırmağa çalışır. Məsələn, «İlyasın nağılı»nda qız oğlana belə bir sual veir: «Bir inəyim var, nə arıqdır, nə kök, öldürsəm, nə qədər piyi çıxar?» Oğlan cavabında «qəbulumdur» deyir. Açması belədir: «Sən məni görməmisən, xasiyyətimə və xarici görünüşümə bələd deyilsən. Bəlkə, heç məni bəyənmədin?». Oğlanın cavabı da aydındır. Azərbaycan nağıllarından bir çoxunda belə tapmacalara rast gəlmək olar.
İkinci növ nağıl-tapmacalar kiçik süjetə malik olub tamamilə müəyyən bir məsələnin həllinə həsr olunur. Professor Əliheydər Həşimov bu növ tapmaca-nağılları «məsələlər» adlandıraraq göstərir: Azərbaycannın bütün rayonlarında yayılmış «Keçi, ot şələsi və canavar», «Çaydan keçmə», «Qırx otağın yolu» və s. adlarla məşhur olan ən qədim məsələləri xatırlada bilərik» (10, 113).
Bu cür tapmaca-nağıllara aid bir misal göstərək:
Üç kosa arvadları ilə səyahətə çıxırlar. Onlar Kür çayı kimi bir çaydan keçməli olurlar. Çayın qarşısında iki nəfərlik qayıq var. Onlar çaydan elə keçməlidirlər ki, əri olmadan arvad o biri kosaların yanında qalmasın. Kosalar bir-birilərindən qorxurlar ki, arvadlardan biri onların yanında qalarsa, kosalar daş-qaşını əlindən alıb qaçarlar. Çayı necə keçmək olar ki, arvadlardan biri əri olmadan kosaların yanında tək qalmasın?
Açması: Əvvəlcə iki arvad keçir. Arvadlardan biri düşür, o biri isə qayığı qaytarıb, üçüncü arvadı aparır. Deməli, çayın sağına üç arvad keçdi. Solda isə üç kişi qaldı. Qayıq sağ sahildə qaldı. Arvadlardan biri qayığı sol sahilə qaytararaq öz ərinin yanında düşür. Buradakı iki kosa həmin qayığı minərək sağ sahilə, arvadların yanına gəlirlər. Bu dəfə bir kişi öz arvadı ilə qayığa minib sol sahilə gəlir. Solda bir arvad öz əri ilə qalmışdı. Qayıq ilə gələn kosa öz arvadını soldakı arvadın yanında düşürür, oradakı kişini götürüb gəlir sağa. Deməli, sağ sahildə üç kişi, bir arvad, sol sahildə isə iki arvad qaldı. İndi sağ sahildəki arvad sola keçərək oradakı iki arvadı bir-bir sağa keçirir (4, 82).
Tapmacalar müxtəlif elmlər tərəfindən tədqiq olunur: ədəbiyyatşünaslıq, etnoqrafiya, tarix, psixologiya, mədəniyyətşünaslıq, təbiətşünaslıq, pedaqogika və s. Hər bir elm bu qiymətli, müdrikliklə dolu inciləri öz predmetinə müvafiq təhlil edir.
Ədəbiyyatçılar tapmacaları bədii təfəkkürün məhsulu kimi qəbul edərək, onların mənşəyi, mövzusu, məqsədi, formaları, şəkli xüsusiyyətlərini öyrənirlər. Təsadüfi deyil ki, ədəbiyyatşünaslıqda tapmacaların belə bir tərifi də var: «tapmaca, insanların düşüncəsini yoxlamaq məqsədilə düzəldilən bu və ya digər hadisə və əşyanın poetik ifadəsidir» .
Etnoqraflar tapmacaların həsr olunduqları əşya və hadisələrin müəyyən əlamətlərinə əsasən, xalqın həyat tərzini, inam və adətlərini, mədəniyyət nümunələrini, məşğuliyyətlərini və bu zaman istifadə etdikləri əmək alətlərini müəyyən edə bilirlər. Təbiətşünaslar doğma diyarın zənginlikləri, təbii gözəllikləri, bitki örtüyü, heyvanlar aləmi, dərman bitkilərini, insanların ulduzlar, yer, göy, planetlər haqda təsəvvürlərini tapmacaların təhlili yolu ilə də araşdırıb tapa bilirlər və s. Bütün bu deyilənlərə aid çoxsaylı tapmaca nümunələri gətirmək mümkündür.
Bizim məqsədimiz tapmacaların pedaqoji baxımdan təhlili olduğundan onların didaktik və tərbiyəvi xüsusiyyətlərindən danışmalıyıq. Məsələyə yuxarıda folklorşünaslığın tapmacaya verdiyi tərifə öz münasibətimizi bildirməklə başlamaq istəyirik. Fikrimizcə, tapmacalar təkcə «insanların düşüncələrini yoxlamaq» vasitəsi olmadığından, ancaq bu məqsəd naminə yaradıla bilməz. Onlar «həm də bu məqsəd» üçün yaradılan poetik ifadələridir. Göstərilən tərifə tam tərəfdar olsaq, belə çıxır ki, insanların düşüncəsi hər hansı başqa vasitə ilə formalaşdırılır, tapmacalar vasitəsilə isə yoxlanılır. Halbuki, tapmacalara pedaqoji baxımdan düzgün yanaşıldıqda bu və ya digər hadisə haqda, əşya barədə biliklər verməyin ən yaxşı vasitələrindən ola bilərlər. Məsələn, belə bir tapmacaya fikir verək:
«Üçü bizə yağıdı,
Üçü cənnət bağıdı,
Üçü yığıb gətirir,
Üçü vurub dağıdır».
Bu tapmaca uşaqlara verildikdə (tapmacalar əksər hallarda yaşlılar tərəfindən uşaqlara verilir) onların ilin fəsilləri barədə təsəvvürlərini yoxlamaqdan daha çox, hər fəslin xüsusiyyətini bilməyi, onlara əvvəlcədən hazırlaşmağı, ilin hər vaxtından səmərəli istifadə etməyi öyrətmək, yəni fəsillər barədə biliklər vermək məqsədi güdülür.
Yaxud başqa bir tapmacaya fikir verək:
A dağlar, bir anası,
Hərənin bir anası.
O hansı canlıdır ki,
Yüz bala, bir anası.
Diqqət edilsə, bu tapmacada arının bir əlamətindən – arı ailəsində bir ana arının olmasından bəhs edilir. Tapmacanın cavabını bir nəfər və ya bir-iki nəfər tapır, tapmacanın ifadə etdiyi biliyi isə bütün digər iştirakçılar öyrənirlər. Əgər bu tapmaca məktəbdə dərs zamanı, məsələn, həşəratların öyrənilməsi zamanı tətbiq edilirsə, çox böyük effekt alınır. Təcrübə göstərir ki, müəllim sinifdə arı ailəsi barədə danışarkən, ailədə bir ana arının olması haqda məlumat xarakterli bilik verirsə, bu haqda məlum biliyi şagirdlərə sözlə çatdırırsa, bu zaman öyrənmədə şagirdlərin idraki maraqlarının iştirakı zəif olduğundan səmərə az olur. Amma tapmacanın tətbiqi problem şərait yaratdığından həm öyrənilmiş bilik uzun müddət yadda qalır, həm də demək olar ki, bütün şagirdlərin fəallığı təmin olunur, uşaqlar mahiyyəti daha aydın dərk etmək üçün suallar verirlər: «Ana arı yüz balanı necə yaradır?», «Daha hansı həşəratın çox balası olur» və s.
Əgər həmin anda müəllim arıya aid digər bir tapmacadan da istifadə edirsə, qarşıya qoyulmuş məqsədin, uşaqlara biliklər verməyin, bu biliyi onların özlərinin iştirakı ilə əldə etməyin təmin olunacağı şübhəsizdir.
Məsələn,
Mənə şirin yağ versənə,
Çiçəkli bir bağ versənə.
Doğmamış inəklərdən
Çalxanmamış yağ versənə.
Tapmacanın öyrədici, bilikverici əhəmiyyəti aşkar görünür. Yalnız öyrədənin pedaqoji ustalığı lazımdır. Burada balın təkcə şirinliyindən yox, bütün xüsusiyyətlərindən, bu xüsusiyyətlərin də min bir çiçəkdən toplanmış nektardan, əmələ gəlməsindən, arının hər bir çiçəyin yox, məhz balın əvəzolunmaz keyfiyyətlərini təmin edəcək çiçəklərdən şirə yığmasından, ana arının yumurta qoyması və yumurtalardan beçə çıxmasından, hətta yağ əldə olunması prosesindən (bundan ötrü heyvan – indiki halda inəklər doğmalıdır, yalnız doğandan sonra inək süd verir, südü sağılır, onun məhsulu nehrəyə tökülür, nehrə çalxanır, bu zaman süddən yağ əmələ gəlir); arının isə bu prosesləri keçmədən bal verməsindən və s. danışmaq, biliklər vermək olar. Hələ təsəvvür etsək ki, tapmaca müasir şəhər məktəblisinə verilmişdir, o zaman daha geniş biliklər verilə biləcəyi aydınlaşacaq: nehrə nədir? orada yağı necə hasil edirlər? bu prosesin komponentləri hansılardır? proses nəticəsində daha nə alınır və ondan necə istifadə oluna bilir? və s.
Yaxud uşaqlara riyazi biliklər vermək, onlarda hesablama vərdişləri formalaşdırmaq məqsədlərinə xidmət edən bəzi tapmacalara fikir verək:
İki kürküm var, on qardaşa çatar
(əlcək)
Az getdilər, üz getdilər,
İki ata, iki bala.
Bircə nəvə, bir də baba
Dərə, təpə, düz getdilər.
Neçə nəfər imiş onlar?
(üç nəfər)
Bir dərədə yeddi təpə.
Hər təpədə yeddi dəlmək,
Hər dəlməkdə yeddi tülkü.
Hər tülkünün yeddi balası,
Neçə edər hamısı?
(2401)
Göründüyü kimi, bu tapmacalar uşaqlarda hesablama əməliyyatları aparmaq üçün maraqdoğurucu xüsusiyyətə malikdir.
Bu qısa xülasədən aydın olur ki, tapmacaların öyrədici funksiyası şəksizdir. «Ümumən xalq pedaqogikası materiallarında (o cümlədən tapmacalarda – İ.Ə.) adamı ayrı-ayrı heyvanların bədən üzvləri ilə tanış edən və ya həmin üzvlərdən hansının qida üçün daha yararlı olduğunu bildirən (bir qədər də geniş desək, adama bəsit şəkildə olsa da, anatomik biliklər verən, onun ağlını canlı orqanizmlərin, o cümlədən bitkilərin, heyvanların və insanların forma və quruluşu ilə əlaqədar biliklərlə zənginləşdirən) nümunələr istənilən qədərdir... ...onlarla tapmacalar vardır ki, bunlar ... məlumat verən təlim materialı rolunu oynamış və indi də özünün didiaktik əhəmiyyətini saxlamaqdadır» (10, 109) .
Dostları ilə paylaş: |