Əkinçi nəğmələri daha çox «holavarlar» adı altında birləşmişlər. Holavarları majqal (Naxçıvan folklorunda – garvan), hodaq və döyünçülər oxuyarmışlar. Bəzən garvan nəğmənin əsas misrasını deyər, hodaqlar isə nəqəratı oxuyarmışlar. Məsələn,
Garvan – Qara kəlim hovur-hovur
Çək çayır-çəməni çevir.
Hodaqlar – Hololo-hoo, hololo-hoo!
Hololo-hoo, hololo-hoo!
Əksər vaxtlarda isə holavarları əməyi yüngülləşdirmək, onun ağırlığını unutmaq üçün ancaq hodaqlar oxuyardılar. Holavarların əksəriyyəti yer şumlayan zaman əsas qüvvə olan öküzlərə, kəllərə xitabən söylənilmiş nəğmələrdir. Amma toxum səpini zamanı, taxılı döymə zamanı da oxunan nəğmələr vardır.
Torpağa atdım tumu, broy!
Göyər səmənim, broy!
Döyək səməni, broy!
Broy, broy, broy!.
Bu nəğmələr bir tərəfdən yorğunluğu aradan qaldırmaq məqsədi güdürsə, digər tərəfdən torpağa bağlılıq, onu əkib-becərməyin əhəmiyyəti, bu işdə əsas qüvvə olan heyvanların qədir-qiymətini bilməyin zəruriliyini, əməksevərliyi tərbiyə edir.
Böyüyən nəslə təsir baxımından peşə nəğmələrinin digər bir növü – sayaçı nəğmələri də maraqlıdır. Əgər holavarlar əkinci nəğmələri ilə əkin heyvanları öküzlər, kəllərlə bağlıdırsa, sayaçı nəğmələri daha çox qoyuna, xırdabuynuzlu heyvanlara aid qoşulur.
Əgər əkinci nəğmələri xalqın daha çox oturaq həyat keçirən hissəsi tərəfindən yaradılmışsa, sayaçı nəğmələri daha çox köçəri həyat keçirən tərəkəmələrlə bağlıdır.
Belə nəğmələri dinləyən, eyni zamanda böyüklərlə birlikdə onları oxuyan uşaqlar, hər şeydən əvvəl, qoyunun xalq həyatında rolunu dərk edirlər.
Qurulu yaya bənzər.
Qoyunsuz evlər gördüm,
Qurumuş çaya bənzər.
Dostları ilə paylaş: |