Müəllim: Novruzi Nurlana Azad q. nnurlana91@mail.ru
Plan:
Sinir sistemini öyrənən bölmə - nevrologiya
Sinir sisteminin əhəmiyyəti və inkişafı
Sinir toxuması
Sinir lifinin xüsusiyyətləri.
Nevrologiya sinir sisteminin quruluşunu öyrənən elmdir. sinir sistemi sistem və aparatların, onları təşkil edən orqanların işini tənzim etməklə yanaşı orqanizmlə onu əhatə edən mühit arasında qarşılıqlı əlaqə yaradır.
Sinir sistemi yüksək dərəcədə differensiasiya etmiş sinir toxumasından təşkil olunmuşdur. Sinir toxuması isə sinir hüceyrələrindən, onların qişalarla örtülmüş çıxıntılarından, istinad, müdafiə və trofik funksiyalarına malik neyroqliya hüceyrələrindən ibarətdir.
Sinir hüceyrəsi çıxıntıları və uc aparatı adlanan reseptorla birlikdə sinir sisteminin morfo-funksional vahidi olub, neyron və ya neyrosit adlanır. Neyronda hüceyrə cismindən əlavə çıxıntılar ayırd edilir. Sinir hüceyrəsinin çıxıntıları iki növdür: neyrit və ya akson və dendrit. Neyrit və ya akson (latınca axis – “ox”) sinir impulsunu hüceyrə cismindən (perikariondan) işçi orqanlara (əzələlərə, vəzilərə) və ya digər neyronlara aparır, dendritlər isə əksinə impulsu periferiyadan perikariona doğru aparır. Hər bir yetişmiş sinir hüceyrəsinin bir neyriti olub, bir ve ya bir neçə dendriti ola bilər.
Çıxıntıların ümumi miqdarı ayrı-ayrı neyronlarda eyni deyildir və bundan asılı olaraq dörd növ neyron ayırd edilir:
birçıxıntılı, və ya unipolyar neyron - Bir neyrit və ya aksona malikdir.
ikiçıxıntılı və ya biopolyar neyron - bir neyriti və bir dendriti olur.
çoxçıxıntılı və ya multipolyar neyron-bir neyrit və çox sayda dendrit
psevdounipolyar və ya yalan birçıxıntılı - Bu neyronların cismindən bir çıxıntı başlayır (neyrit və ya dendrit) və tezliklə "T" hərfi kimi ikiyə bölünür.
Sinir hüceyrələrinin cismi müxtəlif formaya və ölçülərə malikdir. Formaca girdə, çoxbucaqlı, piramidəbənzər, armudşəkilli, iyəbənzər və s. hüceyrələr müəyyən edilir.
Sinir hüceyrəsinin çıxıntıları mielinli və mielinsiz qişalar ilə örtüldükdə sinir lifi adlanır. Sinir liflərinin 4 növü vardır:
mielinli sinir lifləri-mielinli qişa ilə örtülü olur, MSS-nin ağ maddəsini təşkil edir.
mielinsiz sinir lifləri-üzəri Şvann qişası ilə örtülür, simpatik sinir sistemində rast gəlinir.
Mielinli və Şvann qişalı sinir lifləri-hər iki qişa ilə örtülür, periferik sinirlər bu növ liflərdən əmələ gəlmişdir.
Qişasız sinir lifləri-qişaları olmur, MSS-nin boz maddəsində (beyin qabığında) təsadüf olunur.
Sinir sistemini təşkil edən neyronlar qıcıqlanma nəticəsində əmələ gələn impulsu(oyanmanı) bir neyronun neyritindən digər neyronun cismi və ya dendritinə ötürməklə neyronlar arasında əlaqə yaradırlar. Həmin ötürmə prosesi mediatorlar vasitəsilə baş verir və sinaps adlanır. Mediatorlar hüceyrə qılafına yaxın hissədə yerləşən bioloji aktiv maddələrdir. Sinaps sinaptik aparat vasitəsilə yaranır. Sinaptik aparat plazmatik zardan, sinaptik yarıqdan və postsinaptik zardan ibarətdir. Aksosomatik, aksodendritik, dendrodendritik və aksoaksomatik sinapslar mövcuddur.
Dostları ilə paylaş: |