İNSANIN DƏRDİ ƏLİ KƏLAMINDA
Əli (ə) Kumeyl ibni Ziyad ilə səhraya gedəndə necə də gözəl söz deyib. Kumeyl deyir ki, səhraya və heç kəsin olmadığı bir yerə çatanda Əli (ə) dərindən ah çəkib belə dedi: «Ey Kumeyl ibni Ziyad! İnsanın qəlbi qab kimidir. Qabların ən yaxşısı tutumu çox olan və ya içindəkini yaxşı saxlayandır. Sənə dediklərimə yaxşı qulaq as.»
Həzrət Əli (ə) söhbətinin davamında insanları üç hissəyə bölür ki, mən bu barədə danışmaq niyyətində deyiləm. Söhbətinin sonunda isə belə şikayətlənir: «Əfsuslar olsun ki, ürəyimdəkiləri deməyə layiq sirr saxlayan insanlar yoxdur.» Sonra isə belə deyir: «Amma belə də deyil ki, heç kəs olmasın. Həmişə, bütün dövrlərdə belə adamlar olublar... Bəsirətin son həddində olan həqiqi elm onlara üz tutub və onlar tam yəqinlik məqamına çatıblar. Onlar yəqinlik ruhuna birləşiblər və onunla onlar arasında fasilə yoxdur. Əyyaş və maddəpərəst adamlara çox çətin gələn şeylər, onlara çox asan və rahat gəlir. Nadanların qorxaraq vəhşət etdikləri şey, yə᾽ni haqq ilə xəlvətdə münacat etmək onların ülfət mənbəyidir, ünsiyyət ocağıdır. Bunlar, dünyada camaatla bir yerdədirlər, amma uca aləmə cəzb edilmiş ruhlarla! Bu dünyada olmaları ilə yanaşı, həm də bu dünya da yoxdurlar. Həm bu dünyadadırlar, həm də başqa dünyada.»
Əli (ə)-ın dərdləri, öz dilimizlə desək, Əlinin irfani-ibadi dərd və münacatları çox aydın bir məsələdir. O, ibadət edərkən elə bir mərhələyə çatır və özündən uzaqlaşaraq məhbub və mə᾽şuqunun eşqi ilə elə isinir ki, ətrafında baş verənlərdən, hətta bədəninə batmış oxun çıxırlmasından xəbərsiz olur!
İnsanın dərdi budur, yə᾽ni Haqqdan uzaqlığı, Onun zatına yaxınlaşmaq arzu və şövqü və Ona yaxınlaşmaq dərdi! İnsan Haqq olan varlığın zatına çatmayınca bu iztirab və sıxıntı həmişə öz yerində qalacaqdır. İnsan başını nə ilə qarışdırsa, həmin şey bir növ əyləncədir, həqiqət isə ayrı bir şeydir. Qur᾽an bu mətləbi belə ifadə edib:
«...Bilin ki, qəlblər [mö᾽minlərin ürəkləri] yalnız Allahı zikr etməklə aram tapar!»
(Rə᾽d-28).
Qur᾽an demək istəyir ki, qəlblər yalnız və yalnız bir şey ilə iztirab və narahatçılıqlardan uzaqlaşaraq aram ola bilər, bəşər bir şey vasitəsilə sakitləşər və o, Haqqı zikr edərək yada salmaq və Onun zatı ilə ünsiyyətdə olmaqdır. Ariflər bu dərd üzərində çox tə᾽kid edir və digər dərdlərə çox az əhəmiyyət verirlər.
Dostları ilə paylaş: |