Seminar məşğələləri.
Seminarda düşüncə müstəqilliyi inkişaf etdirilir, mühazirə mətnlərinin mənimsənilməsi təşkil olunur. Müəllim fənnin konkret problemlərinin araşdırılmasında tələbələrə köməklik göstərməlidir. Seminarda tələbələr fəal, müstəqil və yaradıcı şəkildə düşünməyi öyrənməlidirlər. Onlar müxtəlif məsələlərin müzakirəsində yaxından iştirak etməlidirlər.
Seminarda öyrənilən fəndən tapşırılan materialların müzakirəsi aktual, ciddi şəkildə keçirilməli, suallara dəqiq və aydın cavablar verilmişdir.
Seminarlar söhbət (sual-cavab) şəklində, məruzələrin müzakirəsi, disput, nəzəri konfrans, mətbuat konfransı, misallar və tapşırıqlar formasında keçirilə bilər. Məruzəçilərin opponentləri də təyin edilməlidir. Referatlar qabaqcadan təhvil verilməlidir ki, onun müzakirəsi sual-cavabdan başlansın.
Seminar məşğələlərinin mövzuları və planları kafedra iclasında təsdiq olunur, tələbələrə paylanılır. Hər bir mövzu nəzəri bölməni (fəsli, paraqrafı) əhatə edir, bir neçə saat ərzində (2-4-6-8) müzakirə edilir; suallar mövzunu tam əhatə etməlidir; nə çox ümumi, nə də ki, həddindən artıq xırda suallar gərək müzakirəyə çıxarılmasın. Birinci seminarı keçirmək üçün dinləyicilərə 1-2 həftə hazırlıq vaxtı verilir.
Müəllim, seminarı keçirməzdən qabaq onun iş planını hazırlayır. Planda dərsin məqsədi və ona nailolma yolları göstərilir. Əlavə suallar hazırlanır ki, müzakirə zamanı disput yaransın, problemin aktual, ziddiyyətli tərəfləri üzə çıxarılsın. İş planında müəllim, mövzunun vaxt bölgəsünü və metodik xüsusiyyətlərini də nəzərə alır. Seminara müəllimin yaxşı hazırlığı heç də onun yüksək səviyyədə keçirilməsinə zəmanət vermir1.
Seminarın əvvəlində müəllim giriş sözünü deyir (əvvəlki mövzu ilə əlaqəni yaradır, mövzunun əsas cəhətlərini qeyd edir, qısa, emosional şəkildə tələbələrin diqqətini problemə cəlb edir). Sonra bir-bir çıxış edənlər problem ətrafında müzakirəni başlayırlar.
Çıxışlarda problemin mahiyyəti, əlaqələri və ziddiyyətləri göstərilir. Müəllim çalışmalıdır ki, tələbələr əzbərçilikdən, laqeydlikdən uzaqlaşsın. Hər tələbə hər seminara hazırlaşmalıdır, ən azı ayda iki dəfə çıxış etməlidir. Verilən suallar (müəllim və auditoriya tərəfindən) düşündürməli, auditoriyada canlanma yaratmalıdır. Seminarda müəllim yox, tələbələr çox danışmalıdır; yekun sözü müəllim qısa, əsaslandırılmış şəkildə deyir, çıxışları xarakterizə edir, gələcək seminarın tapşırığını verir. Seminarın gündəliyini müəllim aparır, burada davamiyyəti, dinləyicilərin cavablarını qiymətləndirib qeyd edir.
Dostları ilə paylaş: |