Mühazirələr kursu. Mühazirə – fikrin çatdırılması yolunda çox səmərəli iş vasitədir (xüsusilə kitab qıtlığı yarananda). Müasir dövrdə mühazirə inhişarçı rolu artıq oynamır, buna baxmayaraq, mühazirə təhsil sistemində öz əhəmiyyətini və aparıcı rolunu itirməyib. Mühizirə ilə yanaşı, seminar məşğələlərinin, mənbələr üzərində müstəqil işin, referatların yazılmasının və elmi-tədqiqat işinin rol getdikcə artır.
Mühazirə problemli şəkildə qurulmalıdır: mühazirəçi dinləyicilərə həm elmi informasiyanı çatdırır, həm də elmin ən mürəkkəb məsələlərini izah edir, dinləyicilərin süallarına cavab verir. Nəticədə mühazirə yüksək səviyyədə mənimsənilir. Mühazirə daim yeniləşməli və zənginləşdirilməlidir, burada mövzuya aid ən yeni materiallar öz əksini tapmalıdır. Burada operativ şəkildə gündəlik həyat məsələləri haqqında olan suallara cavab verilməlidir. Mühazirədə dinləyicilər həqiqətin axtarışı yolunu aydın təsəvvür etməli, diskusiyada fəal iştirak etməli, öz nöqteyi-nəzərini müdafiə etməlidir. Mühazirə, dinləyicinin yaradıcı fəaliyyətinə təkan verməli, təhlil etmək, faktları ümumiləşdirmək, elmi axtarışın əziyyətlərinə tab gəlmək, yeniliyi axtarıb tapmaq bacarığını onda aşılamalıdır. Nəticədə fəlsəfəyə, onun hər hansı bir sahəsinə canlı maraq oyanmalıdır.
Adətən hər mühazirənin materialları ayrıca bir qovluğa yığılır; bunlar mühazirəyə hazırlıq zamanı müəllimə böyük köməklik göstərir. Müəllimlər öz aralarında belə materiallar ilə bölüşür, mübadilə aparırlar. Mühazirə mətnləri proqramm əsasında tərtib edilir. Mühazirənin planı da tərtib olunmalıdır. Dinləyicilər bilməlidir ki, tədris proqramının müəyyən mövzuları və məsələləri daha çox müstəqil şəkildə öyrənilməlidir.
Mühazirəçi başa düşməlidir ki, dərsi düzgün idarə etmək üçün onun xarici görünüşünün, natiqlik qabiliyyətinin çox böyük əhəmiyyəti var. O, öz nitqini daima zənginləşdirməli və təkmilləşdirməlidir. Bunun üçün bədii ədəbiyyata müraciət etmək lazımdır (xüsusilə klassik xarakterli olana) . hər bir insan digərinə oxşamadığı kimi, hər bir mühazirəçi də digərinə bənzəmir. Biri, ilhamlanıb, yaradıcılığın qüdrəti ilə, biri izahının səlisliyi və incəliyi ilə, biri – istehza və tənqidlə, digəri isə – aydın, məntiqi izahı ilə auditoriyanın diqqətini cəlb edir. Mühazirə, burada izah edilən məsələlər, maraqlı bir təlimlənmə prosesinə, intellektual inkişaf yoluna təkan verməlidir.
Ən məsuliyyətli və vacib mərhələ – birinci mühazirədir. Burada bütün kursun, ədəbiyyatın, proqramın, planın, iş xüsusiyyətlərinin izahı verilir, qarşılıqlı ünsiyyət yaradılır. Qabaqlar mühazirə qeydlərinin aparılması da izah edilirdi. İndi sürətçıxarma texnikasının geniş yayılması, qeyd etmək, konspekt tutmaq ehtiyacını azaldıbsa da, hər bir dinləyicinin qeyd dəftəri olmalıdır: buraya konkret tapşırıqlar, seminar məşğələrinin və mühazirələrin planları yazılır, ayrı-ayrı fikirlər və ideyalar qeyd olunur. Bəzi müəllimlər öz mühazirələrini diktə edir: bu, çox ziyanlı bir iş üsuludur, xeyli vaxtı aparır, dinləyicilər yalnız statistik (dəyişilməz) bir vəziyyətdə qeydləri aparır, sonra isə seminarlarda həmin mətnləri öyrənib danışırlar. İşə yaradıcı yanaşma tələb edir ki, dinləyicilər əlinə hazır mühazirə mətni alıb, onun üzərində işləsin, öz fikirləri və qeydlərini də buraya əlavə etsinlər.
Mühazirədə giriş sözün böyük əhəmiyyəti var: bu zaman mühazirənini strukturu izah olunur, çıxışın təxmini istiqamətləri müəyyən edilir. Giriş sözü auditoriyanı səfərbər etməli, dinləyicilərin marağını cəlb etməlidir. Mühazirənin əsas məzmunu izah edilən zaman başlıca müddəalar irəli sürülür (mənbələri qeyd etmək şərtilə) və sübut olunur. Mövzuya aid müxtəlif materialları da auditoriyaya təqdim etmək olar (məqalələr, jurnallar, sitatlar, aforizmlər və s.). mühazirəni yekun sözü ilə tamamlayırlar. Mühazirənin axırında qısa nəticələr verilir, onun mərkəzi ideyası vurğulanır. Suallara cavab vermək üçün dərsin axırında bir qədər vaxt saxlanılır. Ciddi, sakit şəkildə verilən cavablar auditoriyada müsbət psixoloji iqlim yaradır. Suallara təkan vermək üçün işi düzgün, yaradıcı şəkildə qurmaq lazımdır. Ən çətin məsələlərin izahından belə qaçmaq lazım deyil: hamı birdən başa düşməsə də, mürəkkəb məsələləri öyrənmək cəhdini gələcəkdə göstərə bilərlər.
Dinləyicilərin yaradıcılıq fəaliyyətinin artırmaq üçün problem mühazirənin oxunması geniş tətbiq olunur. Məsələn, sosial fəlsəfə kursunda insan problemi ilə əlaqədar «iradə azadlığı» anlayışı müzakirə olunmalıdır. Mühazirədə ümumiyyətlə «insan» və «azadlıq» anlayışları izah ediləndən sonra auditoriyaya bir sualla müraciət edilir – «iradə azadlığı varmı?» Əksmövqeli cavabların variantları təqdim olunur. İradə azaldığını qəbul etməyənlər qeyd edirlər ki, 1) insanın hər hansı bir hərəkəti mühit, tərbiyə və varisliklə müəyyən edilir. Əxlaqi məsuliyyət – boş bir xülyadın; 2) insanın şüur fəaliyyəti baş beyinlə bağlıdır. Burada gedən proseslər fizikanın qanunları əsasında, səbəbiyyət qanunlarına uyğun keçir. İradə azadlığı isə – səbəbiyyətdən kənardır! Psixologiyada aparılan tədqiqatlar sübut edir ki, bir çox emosiyalar, arzular, psixoloji durumların əsasını baş beyninin kimyəvi prosesləri təşkil edir.
İradə azadlığını qəbul edənlər isə belə düşünürlər: 1. «dünya bütövlükdə səbəbiyyət prinsipinə tabedir» tezisi yanlışdır; 2. beyin prosesləri heç də bütövlükdə fiziki faktlarla izah edilə bilməz. Məsələn, yatım, yoxsa qonaq gedim? (məşhur Meşədi İbad da seçim qarşısında qalmışdı: o olmasın, bu olsun?!). Belə seçimi, səbəbiyyət Prinsipi baxmından izah etmək olarmı? Bütün hərəkətlərimiz, səbəbiyyət Prinsipi reallaşsaydı, onda insan təbiətini, sırf mexanika qanunları baxımından izah etmiş olardıq. Azad seçim alternativ əsasında olur. 3. insanlar seçmək qadirindədirlər. Lakin tam azadlıq mümkün deyil. İnsanlar irsiyyətinvə ətraf mühitin təsiri altındadırlar, eyni zamanda da onlara qarşı dururlar. Hətta kvant fizikasında yalnız 50% ehtimal var ki, atom parçalanacaq və s. Beləliklə, səbəbiyyət həm mikro-səviyyədə, həm də makro, məsələn, beyin səviyyəsində qeyri-müəyyənliklə əvəz olunur. Baş beyində baş verən ən cüzi dəyişikliklər insan səhhətin gözə çarpacaq dərəcədə təsir edir. Burada determinizm prinsipi işləmir. Daha bir arqument bir çox adamlar real bir şəraitdə heç də hər vaxt onlardan gözlədiyimiz hərəkəti etmirlər. Determinizm bunu izah edə bilmir (məsələn, biri digərin söz verir, lakin buna əməl etməyə də bilər). 4. Din də öyrədir ki, insanlar öz iradələrinə malik olmasaydılar, Allahın əlində bir oyuncağa çevrilərdilər; iradə azadlığı kateqoriyası, bütün dinlərin əsasında duru rvə s. Bütün bu materialın müzakirəsini təşkil etmək lazımdır.
Düzgün seçilmiş, parlaq, anlaşıqlı misallar əsasında disputu keçirmək, ümumi başlıca ideyanı dinləyicilərə çatdırmaq olur. Mühazirədə incəsənət nümunələri, ədəbiyyatdan misalların istifadə olunması mühazirənin mosional təsirin artırır. burada yumorun, zarafatın, atalar misalının da yeri var.
Mühazirələrdə fakültənin profili də nəzərə alınmalıdır. Bunun üçün müvafiq ixtisasların proqramları ilə tanış olmaq vacibdir. Mühazirənin quruluşu məntiqi və tarixi prinsiplərə əsaslanmalıdır.
Dostları ilə paylaş: |