Səlahədin Xəlilov:
Təsəvvüfdə çatmayan budur.
Kenan Gürsoy:
Ama bu tasavvuf eğer islam tasavvufuysa, bunun olması lazım.
Səlahədin Xəlilov:
Amma islama uyğunlaşa bilməyib. Və bu məqamda bunun çatışmazlığı deyək, qüsuru deyək, mən belə izah etmişəm. Amma indi sizin qoyduğunuz iki məsələyə mən münasibət bildirmək istəyirəm. İki problemdən danışdıq. Birincisi, təsəvvüf özünü fəlsəfələşdirə bilmədi, bu fikri mən belə izah etmək istəyirəm ki, təsəvvüfün özünü fəlsəfələşdirməsi mümkün deyil. Çünki təsəvvüf elə bir şeydi ki, fəlsəfələşdirmək missiyasını üzərinə götürə bilməz. Buna onun imkanları yoxdur, onda o, təsəvvüf olmaz. Bunun üçün başqa bir qüvvə lazımdır. Təsəvvüfün elə bil ki, biz Azərbaycan dilində xammal sözü işlədirik, yarımfabrikat, hazır olmayan, amma xam maddə kimi istifadə olunması lazımdır. Bu işi ancaq rasionalistlər edə bilər. Təsəvvüfü götürür və ordakı ideyaları onu sözlərlə, elmi terminlərlə, ənənəvi fəlsəfənin terminləriylə ifadə edir. Təsəvvüfçü özü onu edə bilməz, çünki onu etməsi üçün onda gərək Kantı oxusun, Hegeli oxusun. Yəni bu iki sintezdən danışırıqsa, Şərq-Qərb fəlsəfələrinin sintezindən, o anda təsəvvüflə tutaq ki, ənənəvi Qərb fəlsəfəsinin sintezindən danışırıqsa təsəvvüfün metodları, özünü ifadə üsulları qətiyyən yetərli deyil ki, o rasional fəlsəfə şəklində özünü formalaşdıra bilsin. Amma rasional fəlsəfənin, əksinə daha universal metodları var və onlar istənilən bir poeziyanı, istənilən bir başqa təlimi, irrasional bir təlimi, hətta dini bir fikri, hamısını nəzərdən keçirə bilər və hamısını sözlərlə, terminlərlə ifadə etməyə çalışa bilər. Bu daha universal bir şeydi. Ümumiyyətlə, dil haqqında da indi çox yazırlar, dilin önəmi haqqında da, indi linqvistik analiz də ortaya çıxır, başqa təlimlər də ortaya çıxır, semiotika, semantika və s. Dilin özü də bir dəyərlər sistemidi, çox böyük imkanların daşıyıcısıdır. Özü də burda həmişə belə bir şey də çıxır, bizim araşdırdığımız milli məsələ bu dillə bağlı ortaya çıxır. Hansı dilin imkanı var ki, müəyyən bir fəlsəfəni ifadə edə bilsin. Yəni Hegel deyirdi ki, mənim fəlsəfəm ancaq alman dilində yazıla bilər, başqa dil bu fəlsəfənin ağırlığını daşıya bilməz. Yetkinləşməmiş bir dil, tutaq ki, bizim indiki dilimiz, fəlsəfi dil olaraq yetkinləşməmiş halda nə Hegel fəlsəfəsini, nə də Kant fəlsəfəsini ifadə edə bilməz. Daha mürəkkəb fəlsəfi terminləri, təlimləri də ifadə edə bilməz. Dilin yetkinləşməsi lazımdır. Bu tamam başqa bir prosesdir. Və rasionallaşma elə-belə sadə bir şey deyil, burda bir tərəfində əqlin inkişafı durur, o biri tərəfində dilin potensial imkanları durur. Hansı dildə bunu ifadə etmək olar. Deməli, mənim fikrimə görə, təsəvvüf özünü fəlsəfələşdirə bilməz, təsəvvüfün bir xam maddə kimi götürülməsi və rasional fəlsəfə tərəfindən orda olan ideyaların ənənəvi fələsəfə sistemiylə müqayisəsi lazımdır. Amma bunu bir Qərb filosofu edirsə, bunu götürüb istifadə edirsə və mənbəyini artıq sonradan qeyd də etmirsə, hardan gəldi, necə gəldi, qələm onun əlindədir və öz adına yazır. Çox istifadə ediblər. Yüz illər boyu bu proses gedib, bu iş gedib. Bizim fəlsəfi irsimizdən onlar sui-istifadə ediblər, mənimsəyiblər, sonra öz sistemlərinə salıblar, heç mənbələri də göstəməyiblər hardandı. Çünki o mənbələr ənənəvi formada ifadə olunmadığından heç kim deyə bilməz ki, sən bunu burdan götürübsən. Çünki bu formada ifadə olunmamışdır. Mən təsirləndim nədənsə, bir musiqidən, Bethovendən, Üzeyir Hacıbəyovdan və götürdüm yazdım, amma fəlsəfi bir traktat yazdım, esse yazdım və yazmadım ki, mən bunu Üzeyir Hacıbəyovdan götürmüşəm. Çünki bu tamam başqa bir şeydi, başqa üslubda yazılıb, amma o bir musiqidir. Eyni zamanda, bu yazının təməlində həmən musiqi durur. Mənim ideyalarım sadəcə o musiqinin nitq, dil vasitəsilə ifadə olunmuş formasıdır. İndi müəllif hüquqları baxımından da heç kimə sübut etmək olmaz bunun təməli hansıdır. Yəni götürmə, köçürmə, plaqiat, ona deyirlər ki, artıq ifadə olunmuş sözlərdən mən də onu götürdüm, amma ifadə olunmamışdısa, xam maddədirsə, ondan hamı yararlana bilər və yararlanırlar da. Biz özümüz öz irsimizə, həmin xam maddəmizə yiyə durmadığımıza görə, onu sadəcə olaraq həmin formada, necə ki 500 il, 1000 il bundan öncə bizim babalarımız bizə buraxıb gediblər, poeziya şəklində, şeir şəklində. O halda da biz istifadə etdiyimizə görə, onu heç rasional bir formaya salıb, – sadəcə o artıq təsəvvüflükdən çıxıb başqa bir şey olacaq – o ideyanın başqa bir formada yaşamasına şərait yaratmadığımıza görə bu işi bizim əvəzimizə başqaları görür, o zaman müəlliflik hüququ da itir.
İkincisi sizin qoyduğunuz digər, təriqətlərlə bağlı olan məsələ. Təsəvvüf sadəcə olaraq bir insanın özünü kamilləşdirməsi və bu proses bir mənəvi proses olmaqla yanaşı, onun ictimailəşməsi, toplumlaşması çox qəribə, qəribə yox, mənim qəbul etmədiyim bir üsulla həyata keçirilər. Suistifadə edirlər bu başqa sözdür. Bir də indi bu mənada deyirəm ki, insanların öz bildiklərini, əldə etdiklərini, öz daxili mənəvi zənginliklərini topluma verməsi. Şərqdə bu mürid-mürşid metodlarıdır. Yəni öyrədən və öyrənən var. Mən şeyxəm, mən mürşidəm, mən ağsaqqalam, mən böyüyəm, mən deyəcəm siz dinləyəcəksiniz. Və siz sadəcə olaraq bunları mənimsəyəcəksiniz və əməl edəcəksiz. İndi Kənan bəy çox gözəl dedi ki, onda mən özümü inkişaf etdirdim, yetişdirdim, formalaşdım, müəyyən qənaətlərə gəldim, bir fikrə gəldim, amma sizin özünüzə belə bir imkan vermirəm ki, siz də özünüz öz yolunuzla, öz içinizdən, keçdiyiniz həyat yolundan çıxış edərək yetişəsiz, formalaşasız və özünüz bir qənaətə gələsiz, bir fikirə gələsiz.
Mən sizə sadəcə material verirəm. Birincisi siz başqa materiallardan istifadə edərək, eyni zamanda bunu da öz şəxsi həyatınızla və içinizdən gələn səslə müqayisə edərək qərarları siz verirsiniz. İkincisi və ən başlıcası, təsəvvüfdə də, bütün Şərq nəinki fəlsəfəsində, düşüncə tərzində, bütovlükdə Şərqin ictimai təşkilatlanması çatışmayan bir cəhətdir. Yəni Şərq ilə Qərbin bir böyük fərqi odur ki, Şərqdə fərdlər var, ayrı-ayrı insanlar var və bu ayrı-ayrı insanların çox zəngin bir daxili mənəvi aləmi var, öz şəxsi, necə deyərlər müstəqil bir dünyaları var və s. Bu gözəl, bayaq Kənan bəy də dedi, onsuz da Qərb də hələ indi-indi gəlib ora çıxır – individlərin rolunun dəyərləndirilməsinə və hər bir şəxsin fərdi mənəvi aləminin nə qədər önəmli olduğunun dəyərləndirliməsinə indi gəlib çıxırlar. Amma onlar gəlib bura çıxana qədər toplumu artıq qurmuşlar. Biz hələ toplumu qurmamışıq, yəni biz toplumsuz, toplumu müəyyən bir qaydalara, müəyyən bir etik, siyasi normalara, müəyyən bir fəlsəfi düşüncənin, idealların tələblərinə uyğun şəkildə təşkilatlandırmadan, yəni siyasi cəhətdən təşkilatlandırmadan, demokratik yolla, tutaq ki, bir parlament seçərək, hansı yollarla axtarışlar gedir, toplumu necə qurmaq olar ki, hər bir insan özgürlüyünü və xoşbəxtliyini itirməsin, toplumu necə qurmaq olar ki, bu mühit onun üçün antoqonist bir şeyə çevrilməsin, yəni bir fərd üçün ictimai mühit, toplum yabancı bir şey olmasın, ona qarşı duran nəhəng bir qüvvə olmasın, elə bil ki, insan meşədə özünü itirib vahiməyə düşüb. Belə bir şey olmasın, əksinə bu toplum bunun üçün doğma olsun, bununla eyni bir dildə danışsın, sanki dilini anlasın və buna qayğı göstərsin və s. Hər bir insan özünü bu cəmiyyətdə öz anasının qucağında kimi hiss etsin. Demokratik toplumun özəllikləri və üstünlükləri budur, çünki hamının düşüncəsindən qaynaqlanaraq qurulub. Elə qurulub ki, hamı orda özünü özgür, müstəqil, azad hiss edə bilsin. Buna necə nail olmaq olar, bu ayrı bir sahədir, yəni bu artıq fəlsəfədən çıxır, fəlsəfənin bir qolu olan sosiologiya və politoloiya elmləri bura tətbiq olunur və hamısı həmin fəlsəfənin övladlarıdır. Şərq fəlsəfəsi bu yolu keçməyib, baxmayaraq ki, bizim İbn Xəldunumuz olub, amma olub qurtarıb gedib. Sistemli davamlı olaraq sosiologiyaya, politologiya gəlib çatmayıblar və fəlsəfi düşüncələr fərdi mənəvi aləmdə hüdudlanıb, sərhədlənib və bir insan çərçivəsində itib batıb. Onun topluma çıxışının başqa formaları düşünülüb tapılmayıb. Ancaq o fərdi müəllim tələbə, mürid-mürşid formasından başqa forma olmayıb.
Dostları ilə paylaş: |