Haydegger dühası
Bəli, Haydegger böyük filosofdur. Fəlsəfənin elmi-fəlsəfi sistem kimi formalaşmasında böyük xidmətləri vardır.
Lakin mən sual edirəm. Haydegger dünya fəlsəfəsi bir yana dursun, alman fəlsəfəsində nəyin başlanğıcını qoyub? Hansı böyük fəlsəfi məktəbin təməlində dayanır? Hansı xalqı qəflət yuxusundan oyatmağa çalışıb? Hansı xalqın öz keçmişi nümunəsində ona milli özünütəsdiq impulsu verib? Yaxud bütövlükdə düşüncə tərzində bir inqilab sayıla biləcək ictimai təbəddülat yaradıbmı? Xalqı fəlsəfi və ictimai-siyasi özünüdərk səviyyəsinə yüksəltmək kimi ağır bir yükün altına giribmi? Öz əqidəsi yolunda ölüm şərbəti içibmi, yoxsa faşizm rejimi ilə rahatca əməkdaşlıqmı edib? Bunları ona görə soruşuram ki, dahilik təkcə fəlsəfə yazmaqla olmur, həm də əqidə qəhrəmanlığı tələb edir.
Digər tərəfdən, Haydegger Leybnitsi olan, Kantı olan, Hegeli olan bir xalqın nümayəndəsidir. Və adlarını çəkdiyim və çəkmədiyim neçə-neçə böyük filosofun sırasında dursa, heç də həmişə birinci olmayacaq. Hətta öz dövründə də mənsub olduğu fenomenoloji təlimi də o yaratmayıb və öz müasiri E.Husserlin tələbəsi kimi tanınır. Dil fəlsəfəsi, linqvistik analiz, hermenevtika kimi sahələrdə də ya Vitqenşteyndən, ya Şleyermaxerdən sonra gəlir. Hətta ekzistensializmi də Haydegger yaratmamışdır. Burada böyük bir filosoflar dəstəsinin; K.Yaspersin, Q.Marselin, J.-P.Sartrın və s.-in birgə səyləri nəzərə alınmalıdır.
Və nəhayət, Haydegger onu yetişdirən böyük alman xalqının böyük fəlsəfi ənənələrinə söykənməkdən əlavə, onu qiymətləndirə bilən, ona dəstək verən yüzlərcə böyük filosofun əhatəsində və «əlləri üzərində» bu mərtəbəyə qalxmışdır.
Haydegger ona qədər yüksək səviyyədə qurulmuş olan hazır fəlsəfə mühitində yazıb yaratmış və ancaq yaradıcılıqla məşğul olmuşdur. 87 il ömür sürən həyatının 65 ilini məhz fəlsəfi tədqiqata həsr edə bilmişdir. Heydər Hüseynovun isə belə rahat, məqsədyönlü tədqiqat üçün heç bir ay da sərbəst vaxtı olmamışdır. O, fəlsəfə sahəsində nə yazıbsa, ancaq iki daş arasında yazmışdır.
Yadımdadır, böyük Azərbaycan riyaziyyatçısı Lütfi Zadənin 75 illiyini qeyd etmək üçün Bakıda bir toplantı keçirilirdi. İştirakçılar onun haqqında ürəklərindən gələn gözəl sözlər dedilər. Mən isə sadəcə bir sual verdim: – Necə düşünürsünüz, əgər o, Amerikaya köçməsə idi, ya Azərbaycanda, ya İranda qalsa idi, Zadə ola bilərdimi? Təbii ki, yox. Onda heç olmazsa, bir onun etnik mənşəyindən danışanda, bir də ona şərait yaradan, onu bu mərtəbəyə qaldıran mühitdən, Amerikadan danışaq.
Bəli, alimin də öz genetik potensialını reallaşdıra bilməsi üçün münbit mühit lazımdır. Haydegger üçün bu mühiti yarandanlar var idi. Heydər isə mühitin özünü yaradan idi.
Dostları ilə paylaş: |