Heydər Hüseynov dühası
Bəli, 37-ci ildən sonra Azərbaycanda mədəni-mənəvi mühit də, fəlsəfi fikir məkanı da xışlanmış, şumlanmış bir sahəni xatırladırdı. Bu məkanı, bu mühiti Cavidlərdən, Cavadlardan təzəcə «təmizləmiş», başqalarına da görk etmişdilər. Belə bir vaxtda millətə xidmət olsa-olsa, bədii obrazlara, notlara bürünərək, labirintlərdən keçərək, dolayısı ilə söylənə bilərdi. Necə ki, bunu Üzeyir bəylər, Səməd Vurğunlar edirdi. Amma Heydər Hüseynov şair yox, bəstəkar yox, filosof idi. O, fikirlərini daha aşkar şəkildə demək məcburiyyətində idi.
Bu gün ancaq ictimai-siyasi fikir tarixinin öyrənilməsi ilə və fəlsəfədən sadəcə bir dünyagörüşü kimi bəhs etməklə kifayətlənməyərək, müasir fəlsəfənin mürəkkəb problemlərindən, elmiləşmiş fəlsəfədən yazan tədqiqatçılar da var. Lakin onların heç biri nəyi isə sıfırdan başlayaraq yaratmır. İndiki fəlsəfəçilər nə vaxtsa məhz Heydər Hüseynov tərəfindən əsası qoyulmuş fakültələrdə, institutlarda, az-çox dərəcədə formalaşmış bir mühitdə yazıb-yaradırlar.
Heydər Hüseynovun dövründə, marksist-leninçi fəlsəfənin hakim olduğu bir şəraitdə və hər hansı bir millətçilik təzahürünə görə insanların təqib edildiyi bir mühitdə milli-fəlsəfi fikirdən danışmaq və onu sanki marksizmə alternativ bir dünyagörüşü kimi təqdim eləmək, təbii ki, Kremlin maraqlarına uyğun ola bilməzdi.
Heydər Hüseynovun faciəsi nə üçünsə və kimlər tərəfindənsə Şeyx Şamillə, onun apardığı milli-azadlıq hərəkatına münasibətlə əlaqələndirilir. O vaxt bunu Mircəfər Bağırov belə edirdi. Bəs bu gün biz nə üçün bu amilin əsas səbəb kimi göstərilməsi ilə razılaşırıq? Axı, bu, daha çox dərəcədə bəhanə idi. Əsas səbəb isə Heydər Hüseynovun açılmış imkanlardan əlahiddə dərəcədə istifadə etməsi idi. Bəli, Mərkəzin məqsədi şumlanmış, yerlə-yeksan edilmiş bir mədəni-mənəvi məkanda bir millilik görüntüsü yaratmaq naminə üzdən gedən işlər idi. Lakin Heydər Hüseynov verilən fürsətdən «sui-istifadə» edir, millilik görüntüsü yaratmaq, hakim ideologiyanı sadəcə milli rənglərə boyamaqdansa, sözün həqiqi mənasında milli ruhun oyanışına xidmət edirdi. Milli fəlsəfi fikir tarixini önə çəkməklə və üstəlik bu sahədə kadrlar ordusu yaratmaqla milləti özünə qaytarırdı. (Bax, bu, alt qatdakı, ilk baxışda görünməyən səbəbdir.) M.Bağırovun Moskvanı qabaqlaması və xüsusi canfəşanlığı isə əvvəlki fəaliyyətinə və yüksək ideoloji hazırlığına görə Mərkəzin etimadını qazanmış bir şəxsin eyni zamanda millətin etimadını qazanması faktına qısqanclıqla yanaşmasından irəli gəlirdi. Şeyx Şamil əhvalatı çoxdan olub getmiş və həmin dövrdə artıq təhlükə doğurmayan bir söhbət idi. Bu baxımdan, Heydər Hüseynova münasibətin bir epiqrafla bağlanması onun rolunu və çoxşaxəli fəaliyyətinin əhəmiyyətini qat-qat aşağı salır.
Bu yazıda bizim məqsədimiz Heydər Hüseynovun xalq qarşısında xidmətlərini işıqlandırmaq deyil. Bu barədə öz fikirlərimizi biz əvvəllər də şərh etmişik. Narahatlıq yaradan odur ki, gənclərimiz nə Heydər Hüseynovun öz əsərlərini, nə də onun haqqında yazılmış olanları oxumadan fikir yürüdürlər. Fəlsəfi tədqiqat işi aparmazdan öncə bu fəlsəfə üçün bir məkan və mühit hazırlanması zərurətini, elmin institutlaşmasına olan ehtiyacı, elm təşkilatçılığını dəyərləndirə bilmirlər.
Haydeggerləri yetişdirə bilmək üçün əvvəlcə onların mühitini yetişdirmək lazımdır. Elmi-fəlsəfi mühit formalaşdırmaq və milli fəlsəfi düşüncə yolunu işıqlandırmaq isə yeni fəlsəfi təlim yaratmaqdan az iş deyil.
«İşə başlamaq işin yarısıdır». Heydər Hüseynov işin ən azı yarısını gördü, həm də böyük əzmlə, bir xalqın milli qüruru üçün, özünü dərk etməsi üçün və irəliyə baxa bilməsi üçün nə lazımdırsa, hamısını etdi. Sonrakı işi isə biz görməli idik. Əgər hələ indiyədək Haydeggerlərin fəlsəfəsinə alternativ təlimlər yarada bilmiriksə və hətta onları bütləşdiririksə, buna Heydər Hüseynov neyləsin?!
Heydər Hüseynovları dəyərləndirməyin və yaşatmağın yeganə yolu isə bu gün ölkəmizdə müasir fəlsəfi fikrin varlığını təmin etməkdir.
“İki dünya bir olsa...”
Dostları ilə paylaş: |